“Bu gün həsrət yağır yağış yerinə...” – TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir günüdür, sizlərə Təranə Dəmirin şeirləri təqdim ediləcək.                                          

 

 

***

 

Bəzi sevgilər nöqtəylə başlayır,

əlindən tutub gedirsən

cümlənin sonunacan.

Bəzi sevgilərəsə nöqtə

qoymaq olmur,

möhkəm-möhkəm yapışırsan

bir əyri vergülün yaxasından

ömrünün  son ucunacan!

 

 

***

 

Bakı, saçlarını küləklər darayan,

Ayağını Xəzər yuyan şəhərim.

Qollarında min ilin yükünü daşıyan,

Ayaq üstə uyuyan şəhərim.

Bina-bina ucalan,

Küçə-küçə dolaşan,

Döngə-döngə burulan,

Adıyla qocalan şəhərim,

Soyuna yaraşan şəhərim.

Küləkli, yağışlı Bakım,

Şəhər naxışlı Bakım.

Tarix tarix yol gələn,

Məğrur baxışlı Bakım.

Gecəsini dənizdə salan,

Səhəri sahildə qarşılayan,

Üz gözündən yarpaq yarpaq

Sirr tökülən şəhərim,

Uzaqgörənim, ərənim.

Dil açsan nə qədər sözün var deyiləsi,

Neçə ağrın var adına qurban kəsiləsi,

Nağıl şəhərim,

Ahıl şəhərim,

Oğul şəhərim....

 

 

***

 

Bu güllə yüzdən keçdi,

Mindən keçdi bu güllə.

Keçdi həftədən, aydan,

Gündən keçdi bu güllə.

Saçımdakı siyahdan,

Dəndən keçdi bu güllə.

Kimin vüsalın dərdi?

Kimin həsrəti oldu?

Kimin  yolundan keçdi?

Kimin zülməti oldu?

Kimin  içindən keçdi?

Kimin çölündən keçdi?

Kimdən keçdi bu güllə?

Bircə göz qırpımıymış,

Bu ömür  nəydi, Allah?

Gözlərin aydın olsun,

Bu güllə dəyə-dəyə

Səbrimə dəydi, Allah!

Səbrimdən dəydim, Allah!

 

 

***

 

Hardasa  bayquş  ulayır bir ümidin xarabalığında,

Kimsə daş atır  gecəyə,

Bayquşun səsi çiliklənib tökülür  dünyanın başına.

Tanrı  gördümü?

Görəsən, kim düşdü bayquşun qarğışına?

 

 

***

 

Anam  bu dünyadan  köç edəndən sonra 

başa düşdüm ki, məzarlıqda bir şəhər adam varmış, sən demə.

Gördüm ki, dayanıb səbirsizliklə

sahibini  gözləyən  qapıya  bənzəyir

burda qəbirlər.

Ayaqları torpaqdan, baxışları yoldan asılan

Körpə qəbirlər, qoca qəbirlər,

Ana qəbirlər, ata qəbirlər…

Bəzilərinin ətrafında əl-ələ verib keşik çəkir

Daş hasarlar, dəmir  çəpərlər.

Bəzilərinin yan-yörəsi  boşdu hələ.

Hər  yandan üzünə  yorğun-yorğun

baxır ot basmış köhnə ləpirlər.

Təzələrinin  üstü-başı yaşdı hələ.

"Burda ölülər adamı  yanıq qoxusundan,

Bir də ölüm qorxusundan  tanıyır".

Kimdənsə eşitmişəm,

Ya hardasa  yazılıb...

Ölülər durub qaçar deyə,

Məzarlığın girişindən yekə qıfıl asılıb.

 

 

***

 

Adam bu payızda ölə, İlahi,

Üstünü xəzəllə torpaqlayalar.

Vaxt gələ, yerində  ağaclar bitə,

Sonra budaq-budaq yarpaqlayalar.

 

Təzədən doğasan bir ağac kimi,

Dünyanın səninlə işi olmaya.

Yanında hərlənə  qurdlar, köpəklər,

Sənə batırmağa dişi olmaya.

 

Sakitcə dolana dünya başına,

Sən də  ağac kimi  durub baxasan.

Heç kim tanımaya bu baxışları,

Yiyəsiz baxasan, qərib baxasan.

 

Başına  yığışa gəlib keçənlər,

Hamı kölgə uma ağac adamdan.

Təpədən-dırnağa tərsiz, tumarsız,

Bu susuz  adamdan, bu ac adamdan.

 

Günəş  budağında  çiçək toxuya,

Əl atıb gülündən öpələr sənin.

Dadın çıxarasan bu azadlığın,

Bu dağlar, dərələr, təpələr sənin.

 

Adam bu payızda ölə, İlahi,

Üstünü xəzəllə torpaqlayalar.

Vaxt gələ, yerində ağaclar bitə,

Sonra budaq-budaq yarpaqlayalar.

 

 

***

 

Gecə yenə qaşqabağını töküb durub,

Kim bilir, nə acığı var dünyaya.

Buludlar bir   tərəfdə bardaş  qurub oturub.

Göy üzü  yenə qapqara çadrasını örtüb.

Ulduzlar qorxusundan qaçıb gizlənib qayanın arxasında.

Külək qudurub,

Durub   ulayır  gecənin başı üstündə ac yalquzaqtək.

Torpaq  bir qat qabıqdan,

Ağaclar yarpaqdan çıxır.

Dəniz yaxasını açıb qaçır sahilə,

Sahil qalır dənizin altında dalğa-dalğa, ləpə-ləpə.

Bir şair tənhalığın acığını varaqdan çıxır.

Təzə  şeirdən  köhnə yaralar boylanır,

Hamısının üstü açıq.

"Bircə səhər açılsaydı" – deməyə də adamın dili gəlmir.

Qaranlığın dibindən   bapbalaca işıq süzülür alayarımçıq...

Nağıl kimi...

 

 

***

 

Bu gün həsrət yağır yağış yerinə,

Ayrılıq tökülür göydən, İlahi.

Ayrılıq tökülür bu dar otaqdan,

Həyətdən, bacadan, öydən, İlahi.

 

Pəncərə-pəncərə darıxır yuvam,

Döşəmə-döşəmə, tavan-tavan lap.

Həsrətə açılır, bağlanır qapım,

Unutmaq da əzab, sevmək də əzab.

 

Bu şəhər, bu küçə, bu külək, bu qar,

Bu  səki,  bu dalan,  ləpir darıxır.

Elə bil buludlar  göz yaşlarını

Hicranın  üstünə  səpir, darıxır.

 

Gözümün içinə baxır ayrılıq,

Divar ayrılıqdı, daş ayrılıqdı.

Bahara ayrılıq sözü  yaraşmır,

Təpədən-dırnağa qış ayrılıqdı.

 

Bu gün həsrət yağır yağış yerinə,

Ayrılıq tökülür göydən, İlahi.

Ayrılıq tökülür bu dar otaqdan,

Həyətdən, bacadan, öydən, İlahi.

 

 

SEVGİDİ

 

Sevirəm qayanı, sevirəm daşı,

Cığırı sevirəm, yolu sevirəm.

Sevirəm baharı, sevirəm qışı,

Çiçəyi sevirəm, kolu sevirəm.

 

Bağı ağac-ağac sığallayıram,

Sevirəm ağacı mən yarpaq-yarpaq.

Sevgiylə baxıram ota, çayıra,

Neyləyim əlimdən bu gəlir ancaq.

 

Ruhum məhəbbətdi, qanım məhəbbət.

Gerçəyim sevgidi, xəyalım sevgi.

Nəyimə gərəkdi bu şan, bu şöhrət,

Sevib-sevilməkdi elə mənimki.

 

Məni məhəbbətlə doğurub anam,

Xəmirim sevgidən, mayam sevgidən.

Mən eşq vurğunuyam, sevgi acıyam,

Çətin bu dünyada doyam sevgidən.

 

 

***

 

Bambaşqa vüsaldı bu,

Bambaşqa görüş.

Ayrılığı özündən qabaq gəlib, deyəsən,

Təpə-dırnaq həsrət qoxuyur üst-başımız,

Yarıoyaq, yarısərxoş

Dolanırıq gecənin başına dəlisayaq

Sən və Mən!

Bir az küskünük, bir az qorxaq.

Addımlayırıq  səhərə sarı  ağır-ağır,

Yox, yox, yerimirik,

Elə ayaqlarımızı sürüyürük arxamızca.

Qaranlıq gözümüzün içində yol gedir,

Fikirlərimiz  gecəyə dağılır,

Üstünü ot basır.

Danışırsan,

Dodaqların havanı ölçür,

Səsini udur gecə,

Heç nə eşitmirəm,

Sözlər havada uçur.

Üzünü görmürəm,

Ürəyinin pıçıltısını eşidirəm, sadəcə.

Əllərim özümdən aralı yeriyir,

İtirirəm yolun ağını,

Gecə yavaş-yavaş, asta-asta  əriyir.

...Birdən kimsə güllə atır üzü alatorana,

Diksinib oyanıram bu yarıvüsal, yarıhəsrət yuxudan,

Bilmirəm  qaranlıqla işığın ortasında kimdi  yuxumu qorxudan?

 

 

***

 

Min ildi vaxt aldadıram,

Min ildi təkəm içimdə.

Bir quyu da tapammıram,

Bu sirri tökəm içimdən.

 

Sürünürəm haqqa sarı,

Gedirəm, çata bilmirəm.

Dilim ağzımda göynəyir,

Sözümdən tuta bilmirəm.

 

Boğuluram tənhalıqda,

Mənim özümdən uzaqdı.

Dərdimi deyə bilmirəm,

Tanrı  səsimdən uzaqdı.

 

Bircə Allah bilir ki, mən

Bu təklikdən nə çəkmişəm.

Bu ağrıyla, bu acıyla

Bilmirəm kimə çəkmişəm.

 

Daş da çəkməz mən çəkəni,

Nə çox imiş gücüm, Allah.

Özümdən çoxdan keçmişəm,

Qoyma  səndən  keçim, Allah.

 

Min ildi vaxt aldadıram,

Min ildi təkəm içimdə.

Bir quyu da tapammıram,

Bu sirri tökəm içimdən.

 

 

***

 

Dağın vüqarı zirvədi,

Zirvə qarın təşnəsidi.

Bahar çiçəyə sevdalı,

Payız xəzəl xəstəsidi.

 

Torpaq səmaya əl açır,

Dalğalar sahilə qaçır,

Arzular sözlə dil açır,

Söz Tanrının töhfəsidi.

 

Günəş səhərin yarıdı,

Ay gecənin hilalıdı,

Həsrət vüsalla yarıdı,

Eşq ürəyin naləsidi.

 

Yayınkı oddu, ocaqdı,

Qışınkı buzdu, sazaqdı,

Gənclik gedəri qonaqdı,

Dən saçların tənəsidi.

 

Dağın vüqarı zirvədi,

Zirvə qarın təşnəsidi.

Bahar çiçəyə sevdalı,

Payız  xəzəl xəstəsidi.

 

 

BU GÜN...

 

Bu gün  dilim susub, gözüm danışıb,

Bu gün göz günüdü, baxış günüdü.

Bu gün dən atmışam göyərçinlərə,

Bu gün sülh günüdü, barış günüdü.

 

Bu gün unutmuşam umu-küsünü,

Bu gün arınmışam günahlarımdan.

Bu gün üz tutmuşam  sözümə  sarı,

Bu gün asılmışam  barmaqlarımdan.

 

Bu gün döyməmişəm tənhalığıma,

Bu gün qaçmamışam təkliyə nəsə.

Bu gün biradamlıq səadətim var,

Tikib geyinəcəm, əynimə gəlsə.

 

Bu gün sabahıma körpü atmışam,

Sabah nə olacaq, onu bilmirəm.

Hələ ki bu günçün  nağıl yazıram,

Nə ilə bitəcək sonu, bilmirəm.

 

 

OCAQ

 

Bəlkə də, bu yanan sonuncu oddu,

Bəlkə də,  sonuncu közdü alışan.

Bəlkə də, sonuncu duadı elə,

Bəlkə də, sonuncu  dözdü  alışan.

 

Odlana-odlana  dillənir ocaq,

Dumana, tüstüyə batıb alışır.

Bəlkə də, ümiddi səssiz-səmirsiz,

Özünü tonqala atıb alışır.

 

Ağrısın, acısın  çəkir içinə,

Alışa-alışa küllənir ocaq.

Başının üstündə külək oynayır,

Küləyin altında yellənir ocaq.

 

Hamı  halallaşır bu ocaq ilə,

Ürək günahını soyunur bu gün.

Bu gecə sonuncu qış gecəsidi,

Dünya yaz donunu geyinir bu gün.

 

Bu ocaq hamının pənah yeridi,

Bu ocaq sönməsin gərək bu gecə.

Bu gecə açıqdı Göyün qapısı,

Tanrı qonağıyıq, demək, bu gecə.

 

 

***

 

Nə yaman  ağlayır buludlar bu gün,

Saçlarım yağışdı, yanağım yağış.

Mən kirpik çaldıqca səssiz-səmirsiz

Döyür pəncərəmi qonağım yağış.

 

Tökür hikkəsini qara buludlar,

Ocağa  ağlayır, külə ağlayır.

Göylərin qəribə  darıxmağı var,

Demək,  buludlar da belə ağlayır.

 

Kimin ürəyindən su içib axı,

Kimin göz yaşıdı, görən, bu yağış?

Gözümü açmağa macalım yoxdu,

Qoymur nəfəsimi dərəm bu yağış.

 

Buludlar ağlayır, torpaq dirçəlir,

Min həsrət cücərir  hər  daşın  altda.

Bir bahar yol gedir payıza sarı,

Bir payız islanır yağışın altda.

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2024)