“Bir azdan bir dəli leysan yağacaq…” – RƏBİQƏNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Rəbiqənin şeirlərini təqdim edəcəyik.

 

                           

SƏNİN ŞAİRİNƏM...

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

BUZLU YAĞIŞ

 

İndi ki əlim çatmır saçlarına, uzaqsan,

qoy elə oralara buz kimi yağış yağsın.

 

Sırsıralar bağlasın bütün yollar, küçələr,

səhərədək ağlasın qulağında gecələr.

 

Çaydanlar uğuldasın, buğu yaxsın şəhəri,

yağsın bütün gecəni, yağsın bütün səhəri.

 

Bir-iki misra oxu küçədə pişiklərə,

sahibsiz qadınlara, yiyəsiz kişilərə.

 

Ağac kötüklərindən topla göbələkləri,

göndər yuxularıma bütün köstəbəkləri.

 

Nə qədər kabusun var, bir məktuba bük, gəlsin,

mənə də uzaqlardan hədiyyəlik yük gəlsin.

 

Bir daş salla boynuna – bəlkə, həsrət boğuldu,

sonra da günəş çıxdı, ilıq yağış doğuldu.

 

 

MƏNİM HAVAMDAN GEDİR

 

Bir-bir qırdın bağları,

çiçəklər harda bitsin?

Apar boz budaqları,

qoy uzaqlarda bitsin.

 

Əlim uzalı qalıb,

kəs at barmaqlarımı.

Sığallardan, boyadan

kasad barmaqlarımı.

 

Könlümə söz salırsan,

qulağa səs çəkirsən.

Mənim havamdan gedir

harda nəfəs çəkirsən.

 

Gözlərini yumursan,

kirpiklərim sıxılır.

Küsürəm, yenə sənin

xəyalına sığınıb.

 

Gül dərə bilməyəndən

gülşən umur ürəyim.

Gəlmirsən, gözlərini

yenə yumur ürəyim.

 

 

SARATOV GÜNDƏLİYİNDƏN

 

Yanımda deyildin... Fikirli idim,

Qayğılar başımda horra çalırdı.

Bilmirdim, bu səfər son qaçış deyil,

Tale yenə məni tora salırdı.

 

Yanımda deyildin...Gülə-çiçəyə,

Küçəyə, keçidə gülümsəyirdim.

Yenicə tapmışdım mən bu şəhəri,

Yolları yenicə mənimsəyirdim.

 

Yanımda deyildin... acmışdım gecə,

Yemək axtarırdım, saat bir idi.

Pyotr Stolıpin prospektində

"İstanbul" kafesi – bu nə sirr idi?

 

Mərcimək üzürdü şorba içində,

Kassir qız örtmüşdü başını bərk-bərk.

Dedim: “Yəqin, sən də müsəlmansanmış”,

Dedi: “Yox, tələbdi başımı örtmək”.

 

Yanımda deyildin... Şorbanı içdim,

Qızındı ürəyim, əsas bu idi.

Nə olsun, nə dadı, nə tamı vardı,

Nə olsun, yarısı tamam su idi.

 

Yanımda deyildin. Əsas bu idi,

Sənsiz dolaşırdım Çökə bağını.

Unutmuşdum sənli sərgüzəştləri,

Təndir çörəyini, kərə yağını...

 

Bal kimi şirindən şirindi həyat,

Baş açırmı özü sirrindən həyat?

 

Yanımda deyildin. "Teatr" adlı

Böyük bir meydanda görüş var idi.

Cavan danışırdı odlu-alovlu,

Əksər dinləyənlər qadınlar idi.

 

Yanımda deyildin. Mən o cavana

Yaman güldüm, yaman – "keçməz bu hiylə,

Məni tora salmaq heç asan deyil,

Sən get özgəsinin başını piylə".

 

Yanımda deyildin. O cavan oğlan

Romandan, kinodan gop eləyirdi.

Göydə tuturdular xanımlar onu,

Pişiklər siçana "hop" eləyirdi.

 

Görüş bitdi, düşdüm payi-piyada,

Baş aldım astaca Volqaya tərəf.

Yolun yarısında bir yazı gördüm:

“Dağıt kədərimi, eylə sən tələf".

 

“Dağıt kədərimi, eylə sən tələf".

Bu sözlər apardı məni kilsəyə.

Başımı bağlayıb içəri keçdim,

Yanımda deyildin, baxdım İsaya.

 

Sən bircə duaya qayıdıb gəldin,

Qolumdan yapışdın Tanrı qolutək.

Sən bu boyda yolu necə gəlmişdin?

Həyəcana necə dözmüşdü ürək?

 

Sakitcə düşürdük sahilə sarı,

Arada sükutu səsin kəsirdi.

Sayırdıq yollarda işıqforları,

Mən "gözlə" deyirdim, sən tələsirdin.

 

Bir gürcü kafesi önündə birdən

Dedim: “Xəngəl yeyək?” Dedin: “Baxarıq”.

Axşam düşməmişdi, amma işıqlar

Yanırdı küçədə yola axaraq.

 

Kosmonavt meydanı sakitdi necə,

Necə rahat idin, necə xoşbəxtdin.

Yenə gülümsədim üzündən öpüb,

Dedim, bu dəfə də gətirdi bəxtim.

 

Ay hələ körpəydi, üfüq yaralı,

Hələ kəsməmişdi günəşin qanı.

Xəzərin qoxusu gəlirdi çaydan,

Birdən pıçıldadın: "Qağayı hanı?"

 

 

YUXU

 

Bozumtul körpünün gen qucağında

nazlanır beşikdə körpə kimi çay.

Köpüklər doğulur dodaqlarında,

gün batır, işığa boğulur saray.

 

Əl-ələ yapışıb yaşıl yosunlar

yanıqlı bir şeir yazırlar çaya.

Uzaqdan-uzağa çəkir ovsunlar,

çəkib aparırlar başqa dünyaya.

 

Körpüdə dayanıb bir yuxu danış,

məni görəcəksən, gözlərini yum.

Sonra bir məktub yaz mənə yatmamış,

elə yaz, çəkilsin bu gecə yuxum.

 

Yağış bir də yusun nəm səkiləri,

bir pişik dolaşsın ayaqlarına.

Qarson gecə sınan nəlbəkiləri

süpürüb aparsın zibil qabına.

 

Asta külək əssin, sən qıy gözünü,

mənə boylan – suda işığa sarı.

Balıqlar sahilə çırpsın özünü,

qısqanıb xəyalda qovuşanları.

 

Adına bir ümid yolladım, gəlir,

bilirsən, Rəbiqə – ip deməkdir, bağ.

Sənin adın mənə baldan şirindir,

söyləsəm, adını çaylar daşacaq.

 

Bir azdan bir dəli leysan yağacaq,

könlün islanacaq sətirim altda.

Bircə dəfə mənə baxsan, yağacaq –

durub gözləyirəm çətirin altda.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2024)