“Gəlmir çiçək ətri boz misralardan” - Süleyman Abdullanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Süleyman Abdullanın şeirləri təqdim edilir. 

 

 

Ağ-qara şeir

 

Aləm dağılar da, dünya batar da,

Başının üstündən getməz göy üzü.

Ana da ağlayar, bacı da, yar da,

Səni ağlamağa yetməz göy üzü.

 

Hər kəsin bir tama tamsınmağı var,

Hətta ölümün də var dadı, dostum.

Hamıdan küsməyə səbəb tapılar,

Buluddan nəm çəkmək başqadı, dostum.

 

Torpağa şəklini qara çək, amma

Köynək ağ çubuqlu, ya ağ damalı.

Olar da arada sevinmək, amma

Hərənin bir günü var ağlamalı.

 

Son gün göy üzündən yağmaz yerə zər,

Baxarsan işıq ağ, çilçıraq qara.

Qar yağar, gün doğar, açar çiçəklər,

Bir də yarpaqlamaz əksin ağ-qara.

 

Sıxılar, darılar axırda hər şey,

Bu dünya özünə, boyuna dar ki...

Bir səbəb qalmadı etməyə giley,

Baxmağa göy üzü həmişə var ki...

 

 

Üzü dan yerinə 

yazılan şeir

 

Hər şey keçəridir, dost,

dünənki yas da,

bugünkü bayram da...

Yağış yağır bayırda…

Hardasa dumanlıdır hava,

çisələyir hardasa...

Kəndimizdə

sabah tezdən çıxan günəş

gizləndi - deyirlər, buludların arxasında...

Axşama

qar yağır bayram tonqallarının üstünə, -

deyirlər...

Kimsə kiməsə

atəşin salam göndərir isti ölkələrdən,

Kimsə niyəsə

aysberq şəkli qürbətin soyuğundan...

Dünyanın mərkəzi bilirdim kəndimizi, -

deyilmiş...

Bəlkə də ən ucqar yeri imiş

yolumuz keçən yoxuş, üzü göyə...

Nə istila, nə işğal...

Bizimkini

özümüzünkülərin soyuqluğu zəbt etdi

topsuz-tüfəngsiz...

Qəribliyin ən miskin şəklidir tərk edilmək,

uzaqlığın ən yazıq formasıdır şəklə baxıb

əllə göz arası məsafədə həsrət çəkmək...

İşğal olunmuşa dönmək olur nə vaxtsa,

tərk olunmuşa heç bir zaman...

Hər şey keçəridir, dost, bu ötəri həyatda...

Mən yaşaya bilmədim vətən adına səni,

torpaq adına özümü...

Bir boşluq var ömrümün sən yerində,

ürəyim sevginlə doludur, amma...

Çox uzaqsan, az yaxın...

Yaxınların dərdi öldürür adamı

yaşadıqca uzaqları...

Bir ovuc günəş işığı,

bir göz qırpımı ümid...

Bir də saralmış ağ-qara şəkil...

Bir qətrə göz yaşı boyda imiş dünya!

 

 

Sinifdə qalanların şeiri

 

Olmur öz canına əkməklə də sul,

Hər vaxtın özünün var imtahanı.

Bütün sualların cavabı məchul,

Bütün cavabların sualı: - hanı?..

 

Arada bir dayan, nəfəsini dər,

Kimdi boş xanada bayquş səkdirən?

Hər il qəlizləşir bir az biletlər,

Nə çəkən anlayar, nə də çəkdirən.

 

Çətindir ayırmaq xeyirdən şəri,

Gərək haqq da ola vurmağa dişə.

Məktəb testi deyil tale testləri,

Bunker müəllimi yaramaz işə.

 

Küsmək adəti var yol azanların,

Sayarlar düz yeri ayıb azmağa.

Soğan qələm ilə vaxt yazanların

Hələ zamanı var qayıb yazmağa.

 

Heç nə hasil olmaz tale vurmaqla,

Alarsan şapalaq əlin tərsindən.

Birdən unudaram, yadında saxla,

Qaçmaq mümkün deyil həyat dərsindən.

 

Çatmaz harayına əlinin hoyu,

Günah nə vaxtdadır, babal nə səndə.

Sinifdə qalarsan bir ömür boyu,

Kəsilsən də "iki", kəsilməsən də...

 

 

Unudulmağın şeiri

 

Döndüm, kölgə həmin, baxdım, səs həmin,

Yox imiş həvəsin unudulmağa.

Unutdum sayını andın, qəsəmin,

Neçənci dəfəsin unudulmağa.

 

Bir var yardım ola, bir də yar, elə,

Ağılı qar suyu, könlü nar elə.

Hamının unutmaq haqqı var elə,

Və bir də hər kəsin unudulmağa.

 

Kabuslar yuxunu qatar, bilirəm,

Bəxtin əvəzinə yatar, bilirəm.

Əlin üzülməyə çatar, bilirəm,

Yetərmi nəfəsin unudulmağa?

 

 

Boşluqların şeiri

 

Sevgidən o yana tənhalıqdı boş,

Qucaqlar izini duzaq kölgənin.

Dərdini daşımaq olmur xoş, naxoş,

Yaxın adamların, uzaq kölgənin.

 

Çoxdu başağrısı göylə getməyin,

Tanrı olmağı da tərgit sən yerdə.

Olmaz kəraməti dua etməyin

Adamın nəfəsi kəsilən yerdə.

 

Əvvəli bəlkə də təsəllidir yol,

Bəlkə yaxşılığa iz vardı sonda.

Baxırsan əlinə-ovcuna, boşdur,

Bir az ümid idi, qurtardı sonda.

 

Hamı bütövlüyə qoşur ilk gündən,

Son ah tamdan sona qalan qalıqdır.

Özünü atmağa bu yer üzündən,

Sevgidən o yana boş tənhalıqdır.

 

 

Haqdan verilmişlərin şeiri

 

Gün yetişdi səsimizin batdığı,

Vaxt haqsıza oy verdimi?..

Oy verdi!..

Keçdi dövran, - bəxtimizin yatdığı,

Xainlərə hoy verdimi?..

Hoy verdi!..

 

Haqq düsturu nə sənlikdi, nə mənlik,

Düz cavabı başqa imiş bu tənlik.

Nə fərqi var, divan olsun, ya şənlik,

Tutulası toy verdimi?...

Toy verdi!...

 

İndi olmur açıb demək hər şeyi,

Boyat gördük təzə şeyi, tər şeyi...

Xeyir kimi təllədilər şər şeyi,

Fərarilər soy verdimi?...

Soy verdi!...

 

Unutdurur çox dünəni yaradan,

Kim seçir ki, bu gün ağı qaradan?!

İllər ötdü, sular keçdi aradan,

Göbələklər boy verdimi?..

Boy verdi!..

 

 

60-ların şeiri

 

Çoxdandı yazmıram sevgi şeiri,

Gəlmir çiçək ətri boz misralardan.

Bənövşə vaxtıdır, nərgiz zamanı,

Novruz çiçəkləri boy vermir qardan.

 

Gözümdə yasəmən tumurcuqlamır,

Atlanmır ürəyim süsənlər üçün.

Dodağım çatlayıb söz uçuqlamır,

And yeri deyiləm küsənlər üçün.

 

Çətin ki səsimi gülxətmi duya,

Girə yuxusuna çiçək qızların.

Dolça etmədim ki, ovcumu suya,

Səpəm yuxusuna qərarsızların.

 

Tükətdik ən gözəl çağı savaşda,

Gəncliyin uğuru düşəndi tərsə.

(Adı sevgi olsun, ya eşq, hər nəsə)

Nahaqdan qınama daha bu yaşda,

Mənim də qəlbimdən keçir nələrsə.

 

İstəyim çox deyil bu yazqabağı,

Bir damla şeh olmaq durudan-duru.

Tanrıdan umduğum nədir ki, axı?! -

Bir az gün işığı, bir az ay nuru.

 

Eşqin qələbəsi olmaz bu yaşda,

Bütün etiraflar cılız görünər.

Sevgi uduzmaqdı Haqla savaşda,

Öləndə gözünə bir qız görünər.

 

 

Şeir haqqında şeir

 

Damar şeirləri... pafoslu və cır,

Sözün sığalına aldanır çoxu.

Bu gün fərari də zəfərdən yazır,

Təbin cığalına aldanır çoxu.

 

Qaramat doludur hikmət adına,

Gözün qarası var, şeirin ağı var.

Çoxdu zor işlədən istedadına,

Sözün saqqız kimi uzanmağı var.

 

Dəllal at oynadan bazar boyu şər,

Salır ayaq altda sözü çul kimi.

Tuxta şeirləri saxta şairlər,

Satır naşılara qəlp pul kimi.

 

Çənəsi səs dərir, qulağı darı,

Göz dağı verən yox göz oğrusuna.

Çoxalıb ölkənin riyakarları,

Tərif yağdırırlar söz oğrusuna...

 

Nə təzə, nə köhnə, nə çəki?!.

Dəllal

Baxır vəziyyətə, baxır imkana.

Şair, ölən sözün qisasını al,

Damar şeirləri işləyir qana...

 

 

Tutaq ki...

 

Tutaq ki, tutmağa yox idi sözü,

Olanı-qalanı gopdu, tutaq ki...

Adamı boş yerə topa tutmazlar,

Atəşə tutulan topdu, tutaq ki...

 

Tapmadı əl yeri bəlli, - batanda,

Yoxdur məsələnin həlli batanda...

Ayağı qopmadı əlli batanda,

Atanda ürəyi qopdu tutaq ki...

 

Bir gözü aydadır, çayda bir gözü,

Tülkü eynəyindən baxır şir gözü.

Tutmadı, görəndə su içmir gözü,

İçənin cibinə hopdu, tutaq ki...

 

Daha o gəmilər dönməz limana,

Bilməz kim unuda, duymaz kim ana.

Nə dinə gələsi, nə də imana,

Keşişdi, molladı, popdu tutaq ki...

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)