POETİK QİRAƏTdə Taleh Mansurun “Qalmır” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə növbə hələ də Taleh Mansurdadır. O, “Qalmır” deyəcək. 

 

Qorxağın kəməri olsa nə fayda,

Onsuz da şalvarı belində qalmır, - söyləyir gənc şairimiz.

Xoş mütaliələr.

 

Qalmır

 

Üzürəm taleyin, bəxtin əksinə,

Xəyalım düşüncə selində qalmır.

Ahımı küləklər çəkir köksünə,

Nəfəsim dünyanın yelində qalmır.

 

Ömür nə haydadı, dünya nə hayda?

Özüm daxmadayam, adım sarayda.

Qorxağın kəməri olsa nə fayda,

Onsuz da şalvarı belində qalmır.

 

Tikanlı söz demə, batır kağıza.

Ürəyin hər sözü çatır kağıza.

Gec, ya tez özünü atır kağıza,

Yaxşı söz şairin dilində qalmır.

 

Gedənlər Tanrının özüylə gedir.

Bir kəlmə "Gəl mənə" sözüylə gedir.

Ocaq da qoşulub közüylə gedir,

İstisi, tüstüsü külündə qalmır.

 

Uduzur axırda söz udan adam.

Kor olur gözünü unudan adam.

Neynəsin gül tutan, əl tutan adam? -

Əl ətri, gül ətri əlində qalmır.

 

Dənizin, torpağın tanış damlası,

Məhəbbət damlası, barış damlası.

Tanrıdan gəlsə də yağış damlası,

Süzülür, bəndənin telində qalmır.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)