Ağız ədəbiyyatından gəlmə folklor nümunələri –nəfəsçəkmələr Featured

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan bölməsi

 

Araşdırmalarımız nəticəsində Azərbaycanın başqa bölgələrində olduğu kimi Beyləqanda da nəfəsçəkmələrdən geniş istifadə olunduğu öz təsdiqini tapır. 

 

Səmədxan Beyləqanlının “Beyləqanım oğuz yurdum” kitabından nəfəsçəkmələr haqqında məlumat alıb tədqiqatlarımızı bu yöndə istiqamətləndiririk. Əvvəlcə bir neçə yerli sakinlərin nəfəsçəkmə haqqında fikirlərini öyrənməyə çalışsaq da, bu ifadəni əsasən qarğış kimi anlayıb təhlil etdilər. Adıçəkilən kitabda isə nəfəsçəkmə bu anlamı daşımır. Əgər nəzərə alsaq ki, qarğış sözündə mənaca biri haqqında xoşagəlməz arzu, bəddua nəzərdə tutulur, nəfəsçəkmə isə tamam başqa məna daşıyır. Belə ki, tədqiqat obyektimiz olan nəfəsçəkmələr isə sözləri deyib bitirənəcən nəfəsin gedib gec gəlməsi kimi başa düşülür. İnsan bu zaman müəyyən çətinliklə üzləşir. Bir növ, nəfəs çəkilmiş, daralmış olur. Deyilən şeir nümunəsində pauza olmadığı üçün birnəfəsə deyiliş kimi də izah etmək mümkündür. 

Qədimdə buna oxşar bir oyun növünün olması haqda da məlumat var. Balaca hazırlanmış əl çubuğu ilə üçbucaq xanalara endirilən zərbənin nəticəsində arada yaranmış zamanda nəfəsalmadan sözlər deyilməli olduğu üçün bu oyunda da insan fiziki olaraq bir qədər çətinliklə üzləşmiş olur. Bu, uşaqların həm zamanının səmərəli keçməsi, həm də sağlamlığı üçün düşünülmüş oyun, idman növlərindən biri olmuşdur. Əsasən kənd yerlərində oynanılan bu oyunlar uşaqların söz ehtiyatlarının zənginləşməsi, eyni zamanda nitqinin inkişafında da rol oynayan bir vasitə olmuşdur desək yanılmarıq. Nəfəsçəkmələrlə bağlı tədqiqatımızı yazılı mənbələrlə əsaslandırmışıq. Bununla bağlı daha bir ədəbiyyat nümunəsi professor Abbasqulu Nəcəfzadənin əlyazmasıdır ki, hazırda nəşrə verilən “Azərbaycan aşıq havaları: “A”-dan “Z”-yə” adlı kitabında da bu mövzuya toxunulmuşdur. Nümunələr arasında “Nəfəsalmaz Koroğlu” (“Nəfəsçəkmə Koroğlu”), “Nəfəsçəkmə Təcnis” və s. kimi havalar da yer alır. Alim həmin havalar haqqında məlumat vermiş, nümunələrin notlaşdırmasından, ölçü və tempi barəsində ətraflı bilgi vermişdir. Bildiyimiz kimi, nəfəsçəkmə təcnis – aşıq poeziyasında təcnis şeirinin növlərindən biridir. Bu, eyni zamanda təcnisin ən çətin növü hesab olunur. İnsan iradəsindən asılı olan bu forma əsasən ifaçının səriştəsi ilə əlaqədar olur. Əsasən Aşıq Ələsgərin (1821–1926) yaradıcılığında rast gəlinən nəfəsçəkmə təcnis, bir növ, nəfəsin geri çəkilməsi ilə yaranır.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)