“Sürgün” - Aysel Fikrətin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin “Sürgün” hekayəsini təqdim edir. 

 

 

Sürgün 

(Hekayə atam Fikrət Sadığın danışdığı real hadisə əsasında onun dilindən yazılıb)

 

Üzümü qüruba tutub durmuşam. İnsan da günəş kimi qürub edərmiş.

Qürub ta uşaqlıqdan mənim kabusum olub. O hər kəsin həyatına kabus olmuş 1937-ci  ildə doqqazımızın ağzında uşaqlarla oynayırdım. Birdən üç qara maşın evimizin düz önündə durdu. 6 yaşım olardı, yalnız  bunun çox pis hal olduğunu hiss edirdim. Uşaqlar qorxub qaçdılar, mən isə yerimdəcə donub qalmışdım. Anamın fəryadı,  bacilarımın ağlaşma səsi də məni gördüyüm mənzərədən oyada bilmirdi. Bu hadisədən gör neçə il keçib, indi ömrümün qürubunda belə eyni cür yerimdə donub qalmışam. Atamı o qara maşınlar alıb aparanda mənə baxdı. O baxış  mənim ömür yolumu yazdı. Atam gözlərində həm əlacsız idi, həm aciz. Amma gözlərini məndən çəkmirdi. “Anan bacıların sənə əmanət oldu, bu gündən onları qorumaq sənə düşdü.”

Bu baxışlar məni yerimdən titrətdi, əlimdəki çör-çöpləri yerə tökdüm. Maşına tərəf qaçdım.

Atama sarılıb onun ətrini içimə çəkməyə, hönkür-hönkür ağlamağa başladım. Məni atamdan ayırıb yerə itələdilər, maşın şütüyüb getdi...  Maşının tozu ərşə qalxıb əvvəl ürəyimi, sonra nəfəsimi daraltdı . Ayağa qalxıb üstümü çırpdım. Evimizə girəndə gördüm ki, anam yerdə uzanıb, bacılarım da onun böyründə xısın -xısın ağlayırdılar. Sonra gəlib evimizin əşyalarını  yazdılar. Evimizdə bir əşya belə qalmadı. Yadımdadı, Nizami Gəncəvinin kitabını, bir də bir patefon valını götürüb qaçdım. Ağaclıqda gizlənib gələn qara geyimli adamların getməyini gözlədim.

Amma sonra daha qorxunc xəbər gəldi .

Xalq düşmənlərinin həyat yoldaşlarını da sürgünə göndərirlər, uşaqları isə yetimlər evinə göndərəcəklər. 

Atam rayon sovetinin sədri idi. Bütün başına gələn bəlalar da bundan başladı. Dayılarım gecəylə gəlib bizi at arabasında qaçırdılar. O gündən evimizdən uzaq, tam ayrı qürubları, ayrı sabahları yaşadım.

Yaşadımmı? Bu illərdə nələr oldu. Doğmalarımın məndən uzaq gəzdiyini gördüm. Yanlarından otdükdə “xalq düsməninin oğlu gedir” tənələrini də eşitdim.

Ta atam bəraət alana qədər .

Mən Universitet illərimə qədər sanki on ömür yaşayıb ölmüşdüm. Ağır fəhlə işlərində işləmişdim.

Amma indi... ömrümün bu çağında çəmi bu illər aydın yadımda idi, o da atamın tutulduğu gündən onun bəraət aldığı günə qədər.

Atamla bağlı əhvalatlar mənə bu dünyada nağıllar olduğunu sübut edirdi.

Mən qorxunc bir nağılın içində büsbütün bir ömrü yaşadım. Atamın bəraət sənədini  aldığım gün atamın sağ olduğunu daha bir kimsədən gizlətməyə lüzum qalmırdı. Bəli, mən bunu illər əvvəl bilirdim, yalnız doğmalarımdan belə gizlədirdim.

İllər əvvəl kəndə hay düşdü ki, atam sən demə sağdı. Kəndimizdən bir kişi Leninqraddan atamın işarələrini dayıma demişdi.

Deyilənə görə, həmin kişi Leninqradda yaşayır. Atamın adı, övladların adı, hər şey  uyğun gəlirdi. “Məni görmək istəyən kimdisə bilsin ki, mən hər gün bu gündən sonra Leninqradın Moskva stansiyasında sərnişinlər getdikdən sonra gəzişəcəm və doğmalarımı gözləyəcəm.” Belə demişdi o.

Bu gizlin görüşə mən gedəcəkdim. Elə həmin gün hamı yığışıb mənə atamin tapıldığı şəhərə getməyimə  kömək etdilər.  Dayım öz isti paltosunu, dostum isə uzunboğaz ayaqqabısını mənə verdi. Dayım cibimə xərclik də qoydu.  Bacılarım boynumu qucaqlayıb bağladılar. Hamı həyacanlı, kədərli idi. Gün tamam oldu, yola düzəldim. Qatarın içi bumbuz soyuq idi.

İlahi, bu nə zülmdür ki, bu illər lal olan dilimin özünün də özünə deməyə qorxduğum bu dərd indi gözümün önündə əriyib gedirdi. Çox adam, hətta anam, bacılarım da onun itgin düşüb öldüyünü, hətta sürgündə güllələndiyini dilə gətirəndə mən inanmırdım, üsyan edirdim. Onun sağ-salamat olduğunu uydurub yaşayırdım. O, əli güclü adamların məni ondan qoparıb atdığı gün 6, onu görməyə getdiyim gün isə 18 yaşım var idi. Bu gediş çox gizli idi. Dayım sənədlərimlə hər bir işdə mənə kömək etmişdi. 

Vaqona bir qadın daxıl oldu, sonra bir ailə. Kupe adamla doldu. Ürəyim sıxılmağa başladı. Kupedən çıxıb qatarın ensiz dəhlizində pəncərədən baxmağa başladım. Qatar şütüdükcə hər şeyi geridə qoyurdu. Bu qatarın təkrarsız çax-çaxında balaca özümü görürdüm. O, qatarda ora-bura qaçır, Tovuza getməyə özünə yer axtarır. O, zaman 9 yaşımda anam bəzi əşyaları yığıb mənə verirdi, mən də Tovuza gedib tərəvəzlərlə onu dəyişirdim, evimizə azuqə gətirirdim. Hərdən kisələr elə ağır olurdu ki, gözlərimin yaşı üzümə tökülürdü, yalnız bu kisəni evimizə qədər sürüyürdüm. Anam, bacılarım gəldiyimi görüb ayaqlarımı suya qoyurdu. Anam mənim başıma fırlanırdı. "Əziz xələf uşağım, gör bir nə hallara qaldı" - deyib, ağlayırdı anam. Əziyyətli günlərimiz çox oldu. Ağır müharibəni keçdik. Ölmədik. Bir dəfə qar düşmüşdü, tufan qopub yolu bağlamışdı. Məktəb evimizdən uzaq olduğundan hər kəsin atası gəlib apardı, mən isə boynumu büküb bir küncdə oturdum. Bunu görənə Ağamehdi müəllim mənə tərəf gəldi, məni çiyninə alıb o biri atalar kimi evə gətirdi. İllər ötüb, amma mən onu unutmuram. Sonra eşitdim ki, mənim ucbatımdan onu danlayıblar, təhdid də ediblər. Bunu sonralar eşitdim. Hər dövrdə insanlıq da olub vəhşilik də. Amma o dövrdə bu daha qabarıq idi, insanlıq da, vəhşilik də. Ürəyimi nisgil bürüdü birdən. “Atam bildiyim insan o olmasa…”- tez də bu fikri beynimdən qovdum.

İndi isə səksəni ötən bir qocayam. Üzümü qüruba tutub durmuşam. İndi oğlanlarım, qızım, ailəm başıma toplaşsa da mən ölməzdən əvvəl yenə də son bir kəs atamı görmək istəyirəm. 

Bax elə o gündəki kimi...

 

Perron, Leninqrad-Moskva stansiyası, 1950. 

İzdiham. İlk kəs evdən uzaqlaşmışam, özümü yad , tək hiss edirəm, həm də qorxuram. Oxuduğüm kitablardan rus dilini də mükəmməl öyrənmişdim. Azıb etsəm birtəhər danışa biləcəkdim, yalnız yenə də nədənsə qorxurdum. Ətraf bir-birini qarşılayan, vidalaşan, ağlayan, sevinən insanlarla doludur. Bir küncə çəkilib onların nisbətən azalmasını gözlədim. Deyildiyi kimi qatarın əksi istiqamətində getməyə başladım.

Uzaqdan bir nəfərin qaraltısını hiss etdim. O qaraltıya tərəf getməyə başladım. Qaraltı yaxınlaşdıqca ürəyim daha tez -tez döyünməyə başladı... Ona çatana yaxın yerindən sıcrayıb mənə tərəf addımladı. Biz bir az aralıdan dayanib bir - birimizi uzun - uzadı seyr etdik. Hündür dag cüssəli bir adam idi, iri gözləri qalın qaşları var idi. Saçları ağarmışdı. Yalnız mən onu tanımışdım, bu mənim atam idi. O isə çaşqın halda məni süzürdü. “Ata” deyib eynən uşaqlıqdakı kimi onu qucaqladım. Bir-birimizi qucaqlayib dayandıq, atamın hıçqırtısını üzümdə  hiss etdim. Mən də ona qoşulub bütün ömrümün əzablarına ağladım.

Illər sonra bəraət aldı, Bakıya qayıtdı, işə bərpa oldu. Bu nağıl yaxşı bitdi.

Ömür nağılım isə... 

Dumanlıqdan mənə baxıb gülümsəyən dünyadan getmiş doğmalarımın həzin təbəssümündə bitdi ... 

Atam, Anam, Bacılarım... 

 

Son sözü "atam" oldu ...Gülümsədi, getdi . Quş kimi uçdu 

Asan getdi, Allahın sevdiyi bəndəsidir.

Çox əziyyət görmüşdü , Allah onu incitmədi ... bu otaqda pıçıldaşan insanların haqqımda dedikləri idi.

 

Artıq Ayaqlarım yerdən üzülmüşdü. Bu dünyadan hali idim, haqqımda deyilənləri də duyurdum. İnsan ömrü üç-beş andır. Bir üfürümlük nəfəsdi . Mən o nəfəsi çəkib getdim. O nəfəsi Allah mənə o kişinin təbəssümündə bəxş etmişdi, onunla da məndən alıb apardı. 

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)