Kitabları satılmırsa istedadlı yazarlar neynəməlidirlər? Featured

Məntiqli sualdır. Xüsusən Azərbaycan üçün aktualdır. Tirajlar cüzi, kitab mağazalarının sayı az, tək-tük müəllifləri çıxsaq, əksər yazarlar nəşriyyat sifarişinin nə olmasından xəbərsiz, nəşriyyatların 99 faizinin mətbəə funksiyası daşıması, əhalinin alıcılıq qabiliyyətinin çox aşağı olması, cəmiyyətdə kitaba marağın ölgün vəziyyəti, ədəbiyyat üçün reklam bazarının olmaması, dünyaya çıxış üçün keyfiyyətli tərcümə və piar xərclərinə sponsor ola biləcək milli burjuaziyanın yoxluğu, daha nələr, daha nələr...

 

Bəs vəziyyətdən çıxış yolu varmı? Əslində, hər bir qıfılın açarı mövcuddur, ədəbiyyatımız tam reabilitasiya ala bilməsə belə onu qismən dirçəltmək olar. Nə cür? İstedadlı, ancaq öz istedadlarından bəhrələnə bilməyən gənc yazarlar kitabları satılan, ədəbiyyatdan qazana bilən tək-tük yerli yazıçılardan örnək götürə bilərlər, onların təcrübəsindən istifadə edib uğura doğru irəliləyə bilərlər. Yəni, mövcud qaydalar çərçivəsində Azərbaycanda 5 min tirajla kitab satmaq olar. 

Bu qaydaları hər dəfə hissə-hissə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərin nəzərinizə çatdırıtıq. Bu dəfə sizlərə Rusiya ədəbiyyatında xüsusi çəkisi və yeri olan Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini çatdıracağıq. Daha əvvəl də portalımız oxucularını Maksim Burdinin nəşr evinin piar strategiyası barədə məlumatlandırmışdı. Azərbaycan üçün oturuşmuş kitab bazarı olan Qərb ölkələri ilə, lap elə canımız Türkiyə ilə paralellər aparmaq nöqsanlıdır, yəni onların nümunəsi bizə yaddır. Uzun illər sovet ideologiyası ədəbiyyatı ideoloji alətə çevirmiş bir məmləkətdə yaşamışıq, burada hər şeyi yazıçının əvəzinə ediblər, beş rəqəmli tiraj, böyük qonorar, ev-bağ-avtomobil güzəştləri və s. imtiyazlar yazıçıları ideoloji alət etməklə onlara bol rifah gətirib. Ona görə də biz kapitalist kitab bazarına öz xasiyyətimizlə gəlmişik, bir sözlə, meşəyə odunla girmişik. İlk olaraq bu vəziyyəti köhnə SSRİ respublikaları arasında Pribaltika, Gürcüstan və Rusiya nizamlaya bilib, onları da özümüzə örnək götürməliyik. Beləliklə, Maksim Burdinin nəşr evinin “Müvəffəqiyyətə gedən yol” adlı mülahizələrini diqqətinizə çatdırırıq:

 

Hörmətli yazarlar! 

Biz əsassız iddialarla özlərini dahi sayan cızma-qaraçılara xitab etmirik, onlar bu mühazirəni oxumaya bilərlər. Cənab yazarlar, sizin gənc və ya yaşlı olmanızdan asılı olmayaraq dərhal əsas sualdan başlayaq: sizin nə alıcılar, nə tənqidçilər, nə oxucular, nə də kütləvi informasiya vasitələrinin heç cür reaksiya vermədikləri hazır kitabınız varmı? Onda ümumiyyətlə yaradıcılığınızın diqqətdən kənarda qalmaması, kitablarınızın satılması, oxunmasının dərhal qeydinə qalmalısınız. Zaman keçdikcə, kitabınız eyni cür müasir "tanınmamış şah əsərləri" arasında, alternativ məkanlarda, yüz minlərlə kitabların altında itib batacaq və ya daha acınacaqlı olaraq nəşriyyatdakı anbarlarda tozlanacaq. Və siz yekun olaraq tanınmamış bir müəllif olaraq qalacaq, mənfəətsiz keçinəcək, stimulsuz, bir şey yaratmaq ilhamı olmadan qalacaqsınız.

Bütün bunların məhz sizinlə baş verməməsi üçün nəyin bahasına olursa-olsun, istənilən vasitəylə (!!!) maraq doğurmaq, yaradıcılığınıza diqqət yetirmək gərəkiyir. Və diqqətin cəlb edilməsi sənəti (və ya daha dəqiq decək, texnologiyası) piar adlanır.

Bir daha sual edirik. Özünüzə güvənirsinizmi? Mövzunuz çəkicidirmi, bestseller yaratmağın qızıl qaydalarına riayət edərəkmi yazmısınız? Kitabınız yaxşı redaktə olunubmu? Demək, sizin əlinizdəki yüksək əyarlı qızıldır, saxta qızılların da at oynatdığı bir genişlikdə onlara real alıcı tapmağınız gərəkiyir. Min dolanbac yolun bircə çıxışı var: tanıtım. Buna piar, raskrutka və s. kimi adlar da qoyublar.

Məhz sizin özünüzə və kitablarınıza “raskrutka” lazım deyil deyə düşünmək hədsiz yanlış düşüncədir, lisimeriya nəyə lazımdır ki?

Piar hamı üçün lazımdır. Fərqli olur piar nümunələri: aqressiv və klassik piarlar, bahalı piarlar, partizan piarı... Lakin müəlliflərlə,  onların yaradıcılığının və adlarının  "tanıdılması" üzrə çoxillik iş təcrübəmizin göstərildiyi kimi, ictimaiyyətin müəlliflə maraqlanmasının ən yüksək faizi məhz piar imicindən sonra müşahidə edilməkdədir.

Bəs piar kampaniyasına nədən başlamaq lazımdır?

Kitabınızın satışından (platforma götürən faizlər istisna olmaqla) qısa müddətdə mənfəətin 100 faizinə qədər artırılmasını təmin edə biləcək  vicdanlı piar agenti seçməlisiniz.

Şəxsi smm meneceri, eləcə də on milyondan çox abunəçi əhatəsi olan ədəbiyyat üzrə pablik şəxs, elektron və kağız ədəbi jurnallar sizə işləyəcək. Müsahibələr, resenziyalar, tanınmış ədəbiyyat tənqidçilərinin rəyləri, ən böyük nəşrlərdə şeirlərinizin və nəsrinizin dərc edilməsi yüz minlərlə oxucu və real gəlir gətirəcəkdir. Texnologiya sadədir: oxucu sizinlə, yaradıcılığınızla, sizin haqqınzda  nüfuzlu rəylərlə tanış olur, sonra kitabınızın yerləşdiyi internet saytına daxil olur və onu satın almaq üçün pulunu ödəyir. Daha həvəskar oxucu kütləsi də var ki, dərhal kitab mağazalarına yürüyüb rəflərdən sizin imzanızı axtaracaq.

Bəs nə üçün müəllifin “raskrutkası”, yaradıcılığının populyarlaşdırılması, kitablarının təşviqi ilə məşğul olmaq bu qədər vacibdir? Və unutmayın ki, söhbət yalnız ədəbi karyeranın başlanğıcında olan müəlliflərdən getmir. Təcrübəli yazıçılara da piarlaşma yeni başlayanlara lazım olduğu qədər eyni dərəcədə vacibdir. Professional təşviqi, haqqında keyfiyyətli resenziyalar olmadan ən qiymətli, ən unikal yeni kitab belə ümumi müstəvidə görünə bilməyəcək, yalnız seçilmiş "dar dairədə” qapanaraq qalacaq, ondan az qism insan zövq ala biləcək. Maksim Burdinin nəşriyyat evi, məsələn, yazıçı piarını həyata keçirmək üçün “Nəşriyyatın partnyoru” layihəsindən yararlanır. Hazırkı çox mürəkkəb dövrdə nə qədər istedadlı müəllif olsanız da, oxucuya özünüzü necə təqdim edə bilmək qaydalarından xəbərdar deyilsinizsə, müasir kitab bazarının necə təşkil edildiyini başa düşmürsünüzsə, əmin olun ki, heç kim sizi görməyəcək, tanımayacaq. Mütləq arxanızda yaxşı bir piar menecer, yaxşı bir ədəbi agent olmalıdır, əlbəttə ki, arxanızda nüfuzlu bir nəşriyyat olması şərti ilə. Beləliklə, pis  və ya yaxşı yazıçı olmağınızdan asılı olmayaraq savadlı bir piar kampaniysı aparmadan heç vaxt oxucu kütləsinə nail olmayacaqsınız.

Piar həm yeniləri tanıdır, həm köhnələri xatırladır.

Piar - gündəmdə olmaq deməkdir! Uğurlar və yalnız uğurlar arzusu ilə hər birinizə kitablarınızın adlarını “Ən çox satılanlar” reytinqində görməyi arzu edirik.