“Qocaman dünya gözümdə əriyib, xırdalaşır…” - Atıla Hacızadə Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)

 

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Atıla Hacızadənin şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir. 

 

 

Atıla Hacızadə

 

I.

Dağılmışam mələyim dağların bulaqları tək, 

Dünən tufan dağıdan dəftərin varaqları tək. 

 

Günəş dumanlı şəhərdən küsüb gedən çağdan, 

Lal olmuşam şəhərin səsləri, soraqları tək. 

 

Tükənmişəm qadası, qalmayıb gəlib-gedənim, 

Kasıb məhəllələrin kölgəsiz duraqları tək. 

 

Baxanda gözlərimiz göynəyir, yanır; qamaşır 

Yağışda sahilinin* çırpınan çıraqları tək. 

 

Kütəlmişəm deyəsən, yox daha karım-kəsərim, 

Yalançı inqilabın paslanan oraqları tək. 

 

Yadında vəlvələli şallaq öldürdü məni – 

Dabanlı başmağının taq-taraq, taraqları tək? 

 

Ehey sizə yazıram saxtakar tumançaqlar, 

Qoxuz gəlir bazarın çirkli mustaraqları tək. 

 

Baş ağrı jestləriz qusdurub verir yuxuya, 

Bizim bu mərkəzin** adsız-ucuz araqları tək. 

 

* Sahili: Urmunun şəhər çayında yer tutan park adı. 

** Mərkəz: Urmunun mərkəzi meydanı və bazar ağzı eləcə xilafdan savaba, ağlınıza gələn hər türlü işin görüldüyü bir yerdir. 

 

II.

Kor olmuşam deyəsən, kölgəmi ağır görürəm, 

Nə qədri göz tikirəm çevrədə duman görürəm. 

 

Yenilmişəm gecənin qap-qara qaranlığına, 

Bu zülmətin səhərə çatmağın güman görürəm. 

 

Deşik-deşik deşilibdir əlim, qolum, ayağım, 

Yolun qarış-qarışında sırıq tikan görürəm. 

 

Bu yerdə tapmayıram siz deyən mələklərdən, 

Bəyaz geyimlər içində oranqutan görürəm. 

 

Dediz vətən gətiribsiz bu zindan içrə; amma

Bular pişik deyəni mən niyə siçan görürəm? 

 

Aya? 

Günə? Səhərə? 

Hansına güvənməliyəm? 

Baxınca dəstəyim içrə qara ilan görürəm. 

 

Bir az kənarda gəzin zəhləkar qumarbazlar, 

Ağız dolu qusuram, sizləri hər an görürəm. 

 

Dönüb geri deyəsən tarixin varaq-varağı, 

Baxınca nizə başında yenə qurangörürəm. 

 

Gecə, 

Gündüz, 

Xiyabanda azadlığın bağıran 

Divarların sinəsində nədəndi qan görürəm?! 

 

Biraz kənarda gəzin

Ax... 

Bir iş çıxardacağam, 

Yavaş-yavaş gözümə çox o yan-bu yan gəlisiz... 

 

Çox içmişəm deyəsən, kefliyəm, bağışlayasız, 

Önümdəki kağızın xətlərin zorangörürəm. 

 

III.

Gecənin buz çağıdır, get-gedə itlər ulaşır, 

Qocaman dünya gözümdə əriyib, xırdalaşır. 

 

Əli bağlı, dili bağlı xiyabanda gəzirəm, 

Nə yazıq ki, hərə bir cür sinəsindən alışır. 

 

Gecənin xan çağıdır, göy demə de qan çanağı, 

Qap-qaranlıqda ölüm kölgəmiz ilə sarışır. 

 

Leş yeyənlər şəhərin həndəvərində yığışıb, 

İçki çaqqışdıraraq it ilə çaqqal barışır. 

 

Qorxuluqlar dikilibdir xiyabanlar boyuca, 

Qapıdan, pəncərədən evlərə divlər yanaşır. 

 

Havasın qan qoxu aldı bu vətən adlı yerin, 

Əlim hər bir tərəfə dəysə kəsafət bulaşır. 

 

Güllələr yıxdı yerə əsrimizin asilərin, 

Oxşama qaynayır, üsyan küçədən şəhrə aşır. 

 

Qatı sallaqxanaya döndü bu ölkə elə ki, 

Hər obaşdan vədəsi boynumuza ip dolaşır. 

 

Əlini ver əlimə, düş yola, sil üz-gözünü, 

O qədər ağlamışıq göz yaşımız arxa daşır. 

 

Sözün ən qıssası dostum, sən özün sal-çıx elə 

Ən cavan çağda axı saçlarıma dən yaraşır? 

 

IV.

Nə olar qorxunu gözdən salasan qar çiçəyi. 

Bu qara çarşabı göydən alasan qar çiçəyi. 

 

Nə olar getməyəsən, çəkməyəsən əl buradan, 

Bu ocaqsız evimizdə qalasan qar çiçəyi. 

 

Nə olar çıxma otaqdan, dola əl nərdələrə, 

Çoxlu gözlər tikilibdir solasan qar çiçəyi. 

 

Sən gərək solmayasan qış çağının pərdəsinə, 

Kasalan güzgülərə daş çalasan qar çiçəyi. 

 

*

Şəhərin bağrına xəncər soxulub, qan calanıb, 

Və qaranlıq qucağında sarı güllər talanıb. 

 

Bilməyirsən

İşığı dal küçədə girlədir? 

Bilməyirsən

Günəşi dan çağı zəncirlədilər? 

 

Bilməyirsən

Səsimiz həncərələrdə boğulub, 

Xiyabanlarda yenə qorxulu divlər doğulub? 

 

Hələlik pəncərəmiz yaz çağın erkənləməyib, 

Günəşin dimdiyi zülmət yolağın dənləməyib. 

 

 Nə olar buz sarıyan pillələri çıxmayasan, 

Qırmızı sevdamıza can olarsan qar çiçəyi. 

 

Hörülü saçlarının cilvəsinə aldanma, 

Əl uzalt bəlkə saçından yolasan qar çiçəyi. 

 

Əllərin bağlı, hörüklər dolanıb boynuna ah, 

Səsləyərkən sevirəm mənsə 

Ə___

Ni

Ə___

Taq-taq

Tarataq___.

 

V. 

Sən məni buraxıb düşəndə yola, 

Nə günəş qaraldı, nə yağış yağdı. 

Çaxmağım bir siqar alışdırarkən, 

Qəhərim dırmaşıb gözümü sağdı. 

 

Sevgili günlərin xatirəsini, 

Nə rahat buraxdın ay ağrın alım. 

Nə erkən unutdun, nə ertə dandın,

Yadında deyilmi, yadına salım?

 

“Xəyyamın darışlıq küçələrində, 

Baxışlar bir-birin qucaqladılar. 

O qədər öpüşdük dal küçəsində, 

Kövrəlib dodaqlar qan ağladılar.”

 

İşıqlar sönərkən sanki bürüyür,

Sahili parkını, kədərli anlar. 

Neçə il bərabər addımlasaq da,

Bizi tez unutdu bu xiyabanlar. 

 

Bu şəhər alçaqdır, demişdim sənə, 

Nə qalıbsa bizdən, üzündən silər. 

Küçəsi gizlədər öpüşlərimi,

Sevgimi süpürər, süpürgəçilər. 

 

Sanırdıq pay verib bizi bir-birə, 

Tüpürdüm bu şəhrin sevgi payına! 

Mənə səndən qalan bir üzük oldu, 

O da qismət oldu şəhər çayına. 

 

Ah nədən görmədi göz yaşlarımı –

Bilmirəm bu şəhər sarsaqmı, kormu? 

Yazın tablolarda buranın adın: 

Yarım sevgilərin şəhəri Urmu... 

 

“Ədəbiyyat və incəsənət”

(26.08.2024)