Baxışlarında ovunduğum qız - ƏDƏBİ TƏNQİD Featured

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Göz ürəyin aynasıdı. Gözəl deyimdi. Bulaq kimi saf, dumduru baxışlarda itib  batırsansa, demək istədiyini gözlər deyirsə,  o zaman yaşamağa dəyər. 

 

Mən də  gözlərindən tanıyıram insanları. Baxışlarından. Hiyləgər, sinsi baxışlardan uzaq olmağa çalışıram həmişə. Lap  o baxışların yiyəsi dünyanın ən ali titullarını daşısa da. Axı alim olmaq olar, adam olmaqsa çox çətindi. İnsan baxışlarında  gizlədir özünü. Gözlər insanın vizit kartıdı. Mənimçün. Adətən aldanmıram. Hərdən bu gözlər mənim əlimdən tutub işıqlığa da çıxarır. Ümidsizlikdən çəkib qaytarır məni özümə. Zülmətin içində mayak kimi parlayır və öz-özümə deyirəm ki, yaşamağa dəyər. 

 

Bu gün məni qaranlıqdan tutub işığa  çıxaran, gələcəyinə böyük ümid bəslədiyim   gənclərdən biri - Pərvin Əliyevanı anlatmaq  istədim sizə. Daha doğrusu bu qızın  baxışları məni dilləndirdi. Baxdım ki, artıq  yazıram. Özü də bu dünyanı, bütün  pisliklərini  və  incikliklərini unudub yazıram. Yazanda kiminsə  (Alimin, yazıçının, filosofun) fikirlərinə söykənməyi də  sevmirəm. Öz fikirlərimə aydınlıq  gətirməkçün elə öz düşündüklərimi və hiss etdiklərimi qələmə alıram, vəssalam. Mənim  aləmimdə hər fərd özü özünün müəllimi,  tənqidçisi olmalıdı. Düşündüklərini ifadə edə bilmirsənsə yazma. Təhlil edə bilmirsənsə,  əsaslandırmağı bacarmırsansa, qələmi  əlinə götürmə. Yoxsa Kant belə gəldi, Tusi  belə yazdı, Dostoyevski  belə dedi, Tolstoy  belə düşündü və sair ifadələr öz -özünü  aldatmaqdan başqa bir şey deyil.  

Bax gör sən necə düşünürsən və hansı  qənaətdəsən. Müşahidə gücün olsun. Dünyanı, insanları, təbiəti oxumağa çalış. Bacarmırsansa kənarda dayan. 

Bu yazı da sırf mənim qənaətlərimdən  doğan yazıdı. Bəs Pərvini necə tanıdım? Necə bu nəticəyə gəldim? Əvvəlcə sosial  şəbəkədə dostluğa aldım. Sonra yazıları  marağıma səbəb oldu. Elə ilk yazısından və ilk davranışından fərqli olduğu qənaətinə gəldim. Bildim ki, bu qız fərqlidi. Yaşıdlarından və şair olmağa çalışanlardan  seçildiyini anladım. Daha doğrusu yazıları  və davranışları anlatdı özünü. 

Gördüm ki, Pərvin təkrarçılıqdan uzaq, özünə, sözünə söykənməyi sevən və bacaran yaradıcı gəncdi. Həm də sözünə güvənir. Kiminsə cığırına düşüb getməyi  xoşlamır.  İstəyir öz yolu olsun həyatda. Bu yol lap onu uçuruma aparsa da. Qorxaq  deyil. Mübarizdi. Mənim aləmimdə nə olursa  olsun, hər kəs özü olmalıdı. İnandım ki, bu qız özüdü. Sonra şəkli qarşıma çıxdı. Gözləri  məni çəkdi. Tərtəmiz, dumduru. İçimdə bir  ümid çiçəklədi. Yanılmadığıma sevindim. Gözləriylə anlatdı bu dəfə özünü Pərvin. Paklandım, duruldum baxışlarında. Bu  baxışlarda gizlənən azadlığa tutundum. Özümü tapdım sanki. Baxışlarındakı işıqdan  tutub çıxdım aydınlığa. Bu gözlərdən heç vaxt ziyan gəlməz - dedim. Nə dünyaya, nə insanlığa, nə ədəbiyyata. Təki həmişə bu qənaətdə qalım. Nə düşdüyü durum, nə çətinlik, nə uğur Pərvini dəyişməsin. Elə baxışlarındakı aydınlıqda qoruyub saxlasın təmizliyini. Elə bu misralarda olduğu kimi:

 

İlahi, mən necə də inanıram 

Bəzən insanlıqdan da ucalmaq olur.

Bu səbur, bu səbat məni insan edəcək,

Göldə bir atəş səsi tək itəcək.

 

Pərvin səbrində cilalananlardandı. Bütün adların fövqündə dayanan insanlığın bir ucu da səbrdən başlayır axı. Elə Tanrıya gedən yolun başlanğıcı da səbrdi. Uğurlu  tapıntındı. Təptəzə, hələ qatı açılmamış fikirlər adamı tamam ayrı dünyayla üz -üzə qoyur. Durulursan.

 

Axşam düşdükcə adamı tanış bir hiss--

İntəhasızlıq, tənhalıq hissi bürüyür.

Ayaqlarımız  yox,

Bu yer üzündə əzablarımız yeriyər 

Qayıtmaq ümidi ilə.

Qayıtmaq hansısa nağılın əvvəlinə,

Sehrli bir aləmə,

Qoşulub uşaq tək oxumaq, oxumaq.

 

Qaranlığın dibsiz tənhalığında, kimsəsizliyində batırır adamı bu sətirlər. Bu gündən dünənə qayıtmaq ümidiylə gecəni sabahlamaq əzabıyla üz -üzə qoyur adamı  bu gənc qız. Yenə öz düşündükləri  və  yaşadıqları. Səmimiyyətinə tam arxayın edir  oxucunu. Baxışlarıyla duyduqları eyni ovqatdadı. 

Pərvin sözünün arxasında duran gəncdi. Nə olur olsun sözünün müdafiəçisidi. Fikirlərini  müəyyən çərçivəyə salmağı da sevmir. Sərbəstə aşiqdi. Elə azadlığına da. İçinin  təmizliyi gözlərinə hopub. Paxıl deyil, amma üsyankardı. Sözə ədalət tərəfdən baxır. Haqsızlıqdan qaçandı. Özü də haqqdan  çıxış edəndi. İstedadlıdı. Qədərində. Yazdıqlarına ürək qoyur. Elə bizim yazdıqlarımıza da ürək qoyur(layk əvəzi). Ürəyinə arxayındı. Elə seçiminə də. Saxta deyil. Hər məqamda özüdü. Ona görə də üzünü görməsəm də etibar etdiyim  gənclərdəndi. Ədəbiyyata bağlılığı da ürəkdəndi. Zənnimcə oxucuları da elə özü kimi safdı.

 

Bir nəhəng qələbəlikdə

Səhərlər, 

Yollar, 

küçələr

adamla dolu.

Qəribə hərarət,

Həsrət,

Həsəd,

Ağrı..

Yaşamaq ümidi ilə 

Müdhiş çırpınışda 

bir yığın adamın 

eyni hekayəsi var.

 

Bu boyda şəhərdə, bu boyda küçələrdə həsrəti, ağrını, səmimiyyəti, ümidi eyni rəngdə görür Pərvin. Çünki hər kəs eyni  ağrıdan, eyni tənhalıqdan, eyni oddan, eyni  sevgidən, eyni nifrətdən  keçir. Bunu duya bilmək və qələmə almaqsa bir ayrı  xoşbəxtlikdi. Pərvin bunu bacarır. Böyük, pafoslu cümlələrdən uzaq dura-dura  bacarır həm də. Əsas odu ki, hiss edir.

Köksüz, qolsuz, budaqsız ədəbiyyatın at oynatdığı vaxtda sözün üstə əsmək, onu dəyərində saxlamaq, keşiyində dayanmaqsa əsl hünər tələb edir. Pərvində bu hünəri görürəm. Bu çətin dönəmdə, söz  bolluğunda özünü isbat etmək bacarığı da. Çoxluğun içində fərdiləşmək elə də asan deyil bu ağlı -qaralı dünyada. Vaxt olacaq,   Pərvin sözdə bir az da bişəcək, bir az da formalaşacaq. Ədəbiyyatın yolu çox dərədən, təpədən keçir. Yoluna sədd qoyanlar, boğaq atanlar da çox olacaq. Amma bu qızdakı əzmə güvənərək deyirəm ki, o heç vaxt geri çəkilməyəcək. Hisslərini, duyğularını sözə çevirdikcə böyüyəcək,  müdrikləşəcək, bərkiyəcək.

 

Gecəki yuxuları 

Yozuruq xeyrimizə.

O ki səhər açılır,

Dəniz boş gəlir bizə

Səma boş gəlir bizə.

Bir Allah bilir necə!

 

Pərvin dünyanı dərk edir. Özünü də, cəmiyyəti də aldatmır. Yer üzündəki, Göz üzündəki təlatümləri gözəl görür, hiss edir. Yaşadıqlarını gizlətmir. Dedim axı azadlığını sevir. Hər ovqatda azaddı. 

Bu yazı Pərvinin baxışlarında doğdu, barmaqlarında  böyüdü, ürəyindən su içdi. Canlandı. Bir sözlə gözləriylə anlatdı  özünü  Pərvin, sözləriylə tanıtdı. Hələ çox gəncdi. Öyrəndikləri özünə bəsdi hələ. Öyrənmədiklərisə yolun o tayında onu  gözləyir. Qoçaq qızdı. Addım -addım  çatacaq o zirvəyə də. Bircə ömrünün baharında payıza düşməsin deyirəm. Hər  fəslin öz vaxtı var. Mən inanıram bu qızın gözlərinin də, sözlərinin də işığında hələ çox qaranlıqlar işığa qovuşacaq. 

Təki sağlıq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)