RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanının dərcini başa çatdırır.

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Zərfin üstündəki ünvanı Layiqə çətinliklə tapdı. Axtardığı ev Yasamal rayonunun dolanbac küçələrinin birində yerləşirdi. Təxminən yarım saat bu küçələrdə o baş-bu başa gedəndən sonra buranı tapa bilmişdi. Damına qır verilmiş, qapısı taxtadan olan köhnə bir həyət evi idi. Qapını döyüb gözlədi. Bir azdan nimdaş ev xalatında olan, başına xalatı kimi köhnə şal bağlamış ev sahibəsi qapını açdı. Qarşısında dayanmış zövqlə geyinmiş xanımı görəndə təəccüblə ona baxdı. Layiqə salam verib soruşdu:

- Bağışlayın, Talıb Musayevin evi buradır?

Ev sahibəsi başını tərpədib eyni təəccüblə, - buradır, - dedi.

- Bəs özü evdədir?

- Yoxdur, bir saata gələcək.

Ev sahibəsi yenə də suala cavab verib heç nə soruşmadan dayanıb gözləyirdi. Layiqə əl çantasını açıb oradakı zərfi çıxarıb qadına uzatdı.

- Bu zərf həyat yoldaşınıza çatacaq.

Zərf kifayət qədər qalın idi. Onu alıb üstündəki ünvanı və həyat yoldaşının adını oxuyan qadın soruşdu:

- Ay bacı, bilmək olar bu nə zərfdir, kim göndərib? Biz axı heç nə gözləmirik?

Layiqə qısa cavab verdi.

- Xahiş ediblər bunu yoldaşınıza, özü evdə olmasa sizə verim. Başqa heç nə bilmirəm. Mən öz işimi yerinə yetirdim. Sağ olun.

Bunu deyən Layiqə çevrilib asta addımlarla uzaqlaşdı. Ev sahibəsi döngəni dönüb gözdən itənə qədər onun dalınca baxdı. Sonra qapını bağlayıb içəri keçdi. Stula oturub zərfin üstündə yazılanları bir də oxudu. Səhv yox idi. Zərf həyat yoldaşına ünvanlanmışdı. Ağzı da açıq idi. Astaca zərfi açdı. İçindəki rezinlə ortadan bağlanmış ikiyüzlük əsginazları görəndə bir anlıq oturduğu yerdə donub qaldı. Gözlərini bir nöqtəyə zilləyib bir xeyli belə oturdu. Sonra başını qaldırıb otağın o biri başındakı divanda uzanıb ağır - ağır nəfəs alan on iki yaşlı xəstə oğluna, qardaşlarının ayaq tərəfində sakitcə oturub başlarını aşağı dikmiş balaca qızlarına baxdı. Birdən, zərfi əlləri ilə üzünə sıxıb ucadan hönkürdü.

 

E P İ L O Q

 

Nədənsə, getməyə tələsmirdim. Elə bir işim də yox idi. Saat 6 idi. Gülanə günortadan qohumunun nişan mərasimində idi. Gec qayıdacaqdı. Evə də getmək istəmirdim. Adətim üzrə ayaqlarımı masanın üstünə uzatmışdım. Birdən ofisin qapısı açıldı. İçəri girən kuryer paltarında olan gənc salam verib soruşdu:

- Bağışlayın, Bəxtiyar müəllim sizsiniz?

- Mənəm, - qalxıb salamını aldım.

- Bu bağlama sizə çatacaq.

- Kimdəndi? - soruşdum.

- Dedilər özü biləcək, - müəmmalı cavab verən gənc bağlamanı masanın üstünə qoyub ofisdən çıxdı.

Maraqlı idi. Yaxınlaşıb toxunmadan qoyulduğu yerdə bağlamaya baxdım. Kiçik qutuya oxşayırdı. Götürüb büküldüyü kağızı açdım. Balaca, qara rəngli qutu idi. Yanında da dörd bükülmüş vərəq parçası qoyulmuşdu. Açıb oxumağa başladım: «Salam, Bəxtiyar. Yəqin «sən» deyə müraciət etdiyimçün inciməzsən. Axı bizim elə də böyük yaş fərqimiz yoxdur. Söhbətimiz zamanı uzun - uzadı tərslik edib susduğuma görə məni bağışla. Oğlum üçün qorxurdum. Yaxşı ki, sonda gözümü açdın, əsl reallığı mənə göstərə bildin. Sonra isə oğlumu xilas etdin. Buna görə sənə həyatım boyu borcluyam. Həmin gecə bağda olarkən mən özüm ölməyə razı idim. Təki oğluma bir şey olmasın. Açılan güllənin səsi maşına qədər gəldi. Bir qədər yerimdə qalsam da, bundan artığına səbrim çatmadı. Maşından düşüb siz getdiyiniz tərəfə getdim. İrəlidə qaranlıqda bir nəfərin açıq qapının dəstəyinə bağlanmış əlini dartışdırdığını gördüm. Yaxınlaşdım. Bu Ağamirzə idi. Amma həmin vaxt məni ancaq övladım maraqlandırırdı. Yanından keçib həyətə girdim. Ardımca içəri keçib qapını qolu ilə çəkib bağladı. «Oğlum hanı?» deyə soruşdum. Cavabında dizlərini yerə qoyub «məni bağışla, bağışla məni» deyib ağladı. Açıq qalmış əli ilə başına, gözünə döyürdü. Sanki yer - göy başıma fırlandı. Ağamın öldürüldüyünü düşündüm. Yerdə uzanmış adamın yanına düşmüş silah ayağıma ilişdi. Qaldırıb onu nişan aldım. Əgər görsəydiz ona tuşlanmış silahı görəndə necə rəzil bir hala düşmüşdü. Ona nifrət edirdim. «Qatil» - deyib tətiyi çəkdim. Sonra siz gəldiz. Sanki yuxuda idim. Ətrafda hər şey duman içindəydi. Elə bilirdim oğlumun cansız bədənini gətirmisiz. Onun sağ olduğunu hələ də başa düşmürdüm. Yolda sanki birdən - birə ayıldım. Sürücüyə zəng vurdum.

Bir vaxtlar o mənə «Ruh», «ruhum» deyəndə özümü necə xoşbəxt hiss edirdim. Dəli kimi sevildiyini bilmək hər qızın arzusudur. Amma taleyimin bəxtimə yazdıqlarını yaşadıqca bu sözə nifrət etməyə başladım. Çünki ömrümün son on beş ilini elə ruh kimi yaşadım. İki dünyanın arasında ilişib qalmış bir ruh. Yaşadıqlarına görə ölmək istəyən, övladına görə ölə bilməyən birisiyəm mən. Nə diri kimi diri, nə də ölü kimi ölüyəm. Hətta hamının üz döndərdiyi bir vaxtda mənə əlini uzatmış Fərmanı da aldatmışam. Hər dəfə o, Ağanı doğma oğlu kimi əzizləyəndə min dəfə ölüb-dirilirəm. Bunu ona etiraf etmək üçünsə çox gecdir. Fərman buna dözə bilməz. Bilsən, belə yaşamaq necə çətindir.

Bu gün təkcə oğlumun yanımda olduğuna görə yox, özümün də onun yanında olduğuna görə sənə borcluyam.

Mənə bu həyatda heç nə lazım deyil. İkicə diləyim var Allahdan: Əvvəlcə o, sonra da valideynlərim məni bağışlasınlar nə vaxtsa. Bu ümidlə ruh kimi də olsa, yaşayacam.

Qutudakı on beş il əvvəl aldığım bir saatdır. Üç gün sonra onun ad günü olacaqdı. Ad gününə hədiyyə etmək üçün alıb evdə gizlətmişdim. Bir gün sonra o tutuldu. O vaxtdan saxlamışam. Bir dəfə yuxuma gəlmişdi. Elə sevindim yuxuda. «Sənə hədiyyə almışam, dayan gətirim», - deyib saatı gizlətdiyim yerə qaçdım. Qayıdanda o yox idi. Nə qədər axtarldımsa, tapa bilmədim. Çıxıb getmişdi. O vaxt o yuxunun mənasını başa düşməmişdim.    

 Deyirlər bir hədiyyə alıb onu sahibinə verə bilməyəndə o yük kimi insanın üstündə qalır. Mənim bu saatı bağışlayacağım ikinci insan yoxdur. Bu beş gündə səni qardaşım qədər sevdim. Həmişə də belə xatırlayacam. Mümkünsə bunu məndən hədiyyə kimi qəbul elə. Nə vaxtsa taxıb - taxmayacağına özün qərar verərsən.

P.S. Hədiyyəni qutusu ilə verərlər. Ona görə qutunu tullamaq istəmədim. Oradakı yazıya fikir vermə. Hər dəfə görüşəndən sonra ondan ayrılmaq mənə çox çətin idi. Qutuya bu sözləri yazıb onu toyumuz üçün tələsdirmək istəmişdim. Qismət…»

Burada məktub bitirdi. Onu kənara qoydum. Qutunu açıb içindəki saatı götürdüm. Qızıl əqrəbləri olan mexaniki saat idi. Ruhanə onun mexanizmini hər gün qururmuş bu illərdə. Saniyəölçəni fasiləsiz dövrə vururdu. Qeyri - ixtiyari fikirləşdim: Görəsən xoşbəxt günlərinin yadigarı kimi aldığı bu saat sonradan onun bədbəxt günlərinin neçə saniyəsini sayıb indiyənə qədər?

Saatı kənara qoyub yenidən qutunu götürdüm. Maraqlıdır, görəsən orada nə yazılıb? Qapağını açdım. Yazı qapağın altına, xırda hərflərlə yazılmışdı. Bu qısa bir şeir idi. Oxudum.

 

Yenə də saatın əqrəbləritək,

Görüşüb, yenidən ayrılırıq biz.

Bir dəqiqə səninlə, bir saat sənsiz…

 

Şeirin sonunda üç nöqtə qoyulmuşdu. Bu nöqtələr daha xoşbəxt günlərinin hələ irəlidə olduğunu düşünən xoşbəxt bir qızın qoyduğu nöqtələr idi. Qutunu bağladım. Gözüm yenə masanın üstünə qoyduğum, məktub yazılmış vərəqə sataşdı. Məktub imzasız idi. İmza yerində, vərəqin aşağı sağ küncündə də sadəcə üç nöqtə qoyulmuşdu. Bayaq oxuyanda görsəm də buna elə də fikir verməmişdim. Ancaq indi bu nöqtələrin nə olduğunu başa düşdüm. Məktubu «Ruh» kimi imzalamaq istəyibmiş, amma sonra fikrini dəyişib sadəcə üç nöqtə qoyub bu sözün yerinə. Məktubun imza yerindəki üç nöqtə, vaxtilə qoyulmuş o üç nöqtənin tam əksini ifadə edirdi. Bu, son on beş ildə ruh kimi yaşayan bədbəxt bir qadının yazmaq istədiyi, ancaq əvvəllər sevib sonradan nifrət etdiyi üç hərfli sözü sonda üç nöqtə ilə əvəz etdiyi imzası idi.

Ayağa qalxıb seyfi açdım. Saatı məktubla birlikdə seyfin ən dərin yerinə qoydum. «Ruhanə» haqlı idi. Bu hədiyyəni nə vaxtsa qoluma taxıb - taxmayacağıma hələ qərar verməliydim…

 S O N

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)