ƏN YENİ POEZİYA: “Ürəyim”, Rəfail İncəyurd Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün gənc Rəfail İncəyurd  bu çətin zamanlara sinə gərən ürəyindən söz açacaq. 

Şeir bu gün yazılıb. 

 

Ürəyim

 

Bapbalaca uşaq kimi sinəmdə

Gah ağladı, gah kiridi ürəyim.

Əməlləri qıl körpüdə gözləyən

Ömrün hinkir-minkiridi ürəyim.

 

Qayğıları gərək başnan bölə ki,

Çırpınmaya gecə-gündüz höləki.

Varlığımı yolda qoymur hələ ki,

Qatar ömrün təkəridi ürəyim.

 

Sədaqətlə mehrlənib sanıma,

Təpər oldu qalası hər anıma.

Zulum çəkdi can verdikcə canıma,

Nəfəsimin nökəridi ürəyim.

 

O, cəfakeş, o, ağıllı, o, dəli,

Boynundadı həyatın son bədəli.

Qonaq gələn arzuların oteli,

Qayğıların yurd yeridi ürəyim.

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)