POETİK QİRAƏTdə Əlizadə Nurinin “Darıxan gecə üçün nəğmə...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Darıxan gecə üçün nəğmə...” söyləyir. 

Xoş mütaliələr.

 

Darıxan gecə üçün nəğmə

 

Bir ağ bulud boylanır,

Göy üzünün damından.

Yenə də yağış damır

Gecənin yanağından...

 

Bir gəmiyə minmişik,

Sahilə çatmaq olmur.

Boğulduğun dəryada

Bəs niyə batmaq olmur?!

 

İlahi, daş dünyada

Niyə yumşaq olmuşam?

...Uşaqlıq şəklim də yox-

Bilim uşaq olmuşam.

 

Qoy, qucum bu baharı,

Təzə girib- körpədi.

Gələn bahar bəlkə də

Gəlib məni görmədi.

 

...Yer üzünü çağırdım,

Çıxmadı səsə- yoxmuş.

Sən demə, bu dünyada

Allahdan kimsə yoxmuş...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)