RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

- Xəbərin olsun ki, orada heç bir əl izi qalmayıb. Zirzəmidəki döşək də, zəncir də yoxdur. Silahlarda isə, yalnız Ağamirzə ilə Cahandarın əl izləri var. Cib telefonlarından da artıq məlumatları silmişəm.

- Hmmm, aydındır.

Layiqənin son dediklərimə reaksiyasını anlayırdım. Ancaq bunun açıqlamasını vermək fikrim yox idi. Bağdakı izləri silməyim üçün öz motivlərim vardı. Orada hər hansı qanundankənar hərəkətim olmamışdı. Rəsmi fəaliyyət göstərirdim və mənə müraciət etmiş müştərimin övladını oğurlamış silahlı cinayətkarı zərərsizləşdirmişdim. Əlbəttə, Layiqə bunu yox, Sənubərin açdığı atəşi nəzərdə tuturdu. Mövzunu bu yerdə çox uzatmamaq üçün uzümü ona tutub dedim:     

- Bilirsən ki, biz çox düşünlümş şəkildə hazırlanmış cinayətlərlə rastlaşmış, onları aça bilmişik. Burada isə məsələ başqa idi. Ağamirzə kimi birinin qurduğu plan ideal ola bilməzdi. Əvvəla o hətta on beş il həbsdə yatsa belə, yenə də bizim əvvəllər rastlaşdığımız tükü - tükdən seçməyi bacaran, cinayəti hazırlayarkən ən incə məqamları belə hesablaya bilən cinayətkarlardan deyildi. Həbsdən əvvəl normal həyat sürən, sevib-sevilən, ailə qurmağa hazırlaşan birisi olub. Onun həyatını qumara olan hədsiz aludəçiliyi məhv etdi. Qumar cinayət yox, cinayətə yol açan xəstəlikdir, ona aludə olan çox adamların həyatını məhv edib. İndi gələk onun qurduğu plana. Məncə Ağamirzənin əvvəldən uşağı qaçırmaq fikri olmayıb, ya da ki, bunu bayaq dediyim kimi sadəcə nəzərdən keçirib. Bu fikir onda lazım olan məbləği ala bilməyəcəyini başa düşəndə möhkəmlənib. Hətta belə işlərdə səriştəli biri olsa idi belə, mükəmməl plan qurmaq üçün onun vaxtı yox idi. Ona qoyulan vaxt bitirdi, qumar borcunun sahibləri pullarını tələb edirdilər. Sənubərlə görüşəndə üç günə borcunu çatdırmalı olduğunu demişdi ona. Ona görə də qurduğu bəsit planı yalnız onun zəmanətinə əsaslanırdı. Yəni Sənubərin həyat yoldaşına heç nə deməyəcəyinə, əksinə, tezliklə pulu verib uşağı xilas etməyə onu təhrik edəcəyinə tam arxayın olub Cahandara hər şeyin qaydasında olacağına dair zəmanət verib. Sənubəri də uşağı sağ - salamat qaytaracağına əmin edib. Bu özü də bir növ Sənubərə verilmiş zəmanətdi. Yəqin ki, Fərman məni bu işə qoşmasaydı elə belə də olacaqdı. Polisə məlumat verməyəcək, pulu deyilən yerə aparıb qoyacaqdılar. Sonra bir daha uşaqlarını sağ görməyəcəkdilər.  Ağamirzə Sənubərin evinə gələndə ona lazım olan iyirmi beş mini ala biləcəyini düşünürmüş. Hər halda o, Fərman Gəraybəyli kimi birinin arvadıdır və bu məbləğ onda ola bilərdi. Artıq bildiyimiz kimi, düşündüyü alınmayanda o, uşağı qaçırmaq fikrinə gəlib. O zaman nə gəldiyi binanın kamera görüntülərinə düşməsinin, nə gəldiyi evdə izlər qoymasının fərqinə varmadan belə bir plan qurub həyata keçirib. Heç bir təcrübəli, bu işlərdə bişmiş cinayətkar buna getməzdi. Belə işə baş vuranlar əvvəlcə onun yaxşı və pis tərəflərini tərəziyə qoyurlar. Bəzən aylarla hazırlıq görür, müşahidələr aparırlar. Bu adam o qədər hər şeyə arxayın olub ki, ancaq məsələnin özü üçün yaxşı tərəflərini fikirləşib. Bu özü onun belə işlərdə diletantlığına işarədir. Bununla belə, tərəzinin gözünü azca da olsa onun tərəfinə əyən bir şey var. O, Sənubərin doğrudan da susacağına yüz faiz əmin olub. Gedişat da göstərdi ki, Sənubər susmaq məcburiyyətində idi. Yəqin ki, Ağamirzə bu işə Cahandarı qoşmasaydı, hər şey istədiyi kimi olacaqdı.

İndi gələk kartinqdən danışarkən Sənubərin tamam başqa bir adam olması barədə müşahidələrimə. Sən şahidi olmusan ki, mən insanları danışdırıb onların intonasiyalarına, mimikalarına, əl-qol hərəkətlərinə diqqət etməklə çox şey öyrənmiş oluram. İlk baxışdan bir adamın kartinqə böyük sevgisinin olmasında qeyri-adi heç nə yoxdur. Qoy, lap bu Bakıda ən az populyar idman növü olsun. Hobbi hamıda ola bilər. Ancaq axşam saatlarında övladının qaçırıldığı xəbərini almış bir ana həmin axşamın səhəri söhbət bu idman növündən düşəndə bir anlıq hər şeyi unudub gözləri parıldayırsa, bu artıq hobbidən daha böyük bir şeydir. Sənubərə kartinqi sevdirən başqa səbəblər var idi. Bunun hansı səbəblər olduğunu o vaxt müəyyən etmək mümkün deyildi. Amma sonradan etiraf etdi ki, bu idmanı ona Ağamirzə sevdirib. Hələ görüşərkən tez - tez onu da özü ilə yarış meydançasına aparıb sürməyi də öyrədibmiş. Hətta üzündəki çapığı da yarış maşınında qəzaya düşüb alıbmış. Amma sonralar öyrənib ki, Ağamirzəyə bu idmanı sevdirən də qumara olan həvəsi imiş - o, yarışlara pul qoyurmuş. Elə ya belə, hər halda bu müşahidəmin təsdiqlənməsi ilə bir şeyi öyrənə bildim - Sənubər illər keçsə də ilk sevgisini, övladının atasını və onunla bağlı xatirələrini ürəyində yaşadırmış. Ağanın liseyə keçməsi qərarını özü verməsini soruşub müsbət cavab alanda onun xarakterli bir oğlan olduğunu təxmin etmişdim. Adətən, onun yaşıdları belə şeylərdə sərbəst qərar verə bilmirlər. Bu da, idmanın bu növündəki bacarıqları da ona genlərlə atasından keçib. Artıq bir neçə yarışın qalibidir. Nə qədər yaramaz biri olsa  da, ata Ağamirzə yaxşı idmançı olub. Üstəlik, vaxtilə onun heç də pis birisi olmadığını deyə bilərəm. Bir dəfə Sənubəri qorumaq üçün özündən bədəncə daha cantaraq olan iki nəfəri vurub yerə sərdiyini demişdi Sənubər. Deməli bu adam qorxaq olmayıb, sevdiklərini də qorumağı bacarıb. Onu sonradan həbsxana mühitinin təsiri altına düşməsi bu hala salıb. Qumardan asılılığı da ki, öz yerində. Amma bir şeyi də unutma, həbsxanaya hansısa səbəblərdən düşüb orada öz ləyaqətini qoruyub saxlayan kişilər də az deyil. Sadəcə, Ağamirzə bunu bacarmayıb. Bax belə. Görürsən ki, Layiqə, sonda düyünlər açıldıqca aşkar etdiyimiz ən incə məqamlar da məntiqi izahını tapır. Qoy, lap bu son sadaladıqlarım araşdırmamızda elə də rol oynamış olmasın. Bunlar və bunun kimi digər xırda detalları toplayarkən sonradan hansının lazımlı, hansının lazımsız olacağını hələ bilmirdim. Xırda detalları isə, bilirsən ki, mən heç vaxt kənara qoymuram. Ola bilərdi ki, onlardan hansısa biri ən əsas ipucuna çevrilsin.

Layiqə fikrə getdi. Yəqin ki, belədirsə, bəs Sənubərin sevdiyi insanı niyə güllə ilə vurduğunu soruşacaqdı. Əlbəttə, mən ona Sənubərin zorlanması barədə etirafı haqqında heç nə deməyəcəkdim. Bu, mənə inanıb baş verənləri olduğu kimi danışmış bir qadının etirafı idi və sirr kimi həmişəlik ikimizin arasında qalacaqdı. Heç əvvəllər adının Ruhanə olmasını da bilməsi vacib deyildi. Onu qabaqlayıb dedim:

- Bilirəm niyə fikrə getdin. Şübhən olmasın. Sənubər ilk sevgisini həqiqətən də illərlə gizlin yaşadıb. Ancaq son hadisələr ona böyük zərbə oldu. Bilirsən ki, mən pafoslu sözlərdən uzağam. Ancaq yəqin ki, məhəbbətlə nifrətin arası doğrudan da bir addımdır. Nə qədər sevgisini yaşatsa da, ötən illər ərzində Sənubərin yeganə yaşam səbəbi, tək sevinci övladı olub. Onu qaçırmasını, xüsusilə qəddar bir adamın əlinə verməsini Ağamirzəyə bağışlaya bilməzdi. Əlbəttə, bir qadın üçün qətl törətmək kimi bir addım atmaq asan deyildi. Ancaq mən bunu da özümçün təhlil etdim. Burada psixoloji aspektlər rol oynadı. Söhbətimiz zamanı mən Sənubəri övladının başı üzərindəki təhlükənin ciddiliyinə inandıra bildim. Bundan sonra ilk dəqiqələrdən soyuqqanlı görünməyə çalışan və bunu məharətlə bacaran qadın dönüb tamam başqa bir adam oldu. Son günlərin gərginliyindən sonra belə bir məlumatı almış ananın vəziyyətini başa düşürəm. Ancaq hər şey çox - çox əvvəl başlayıb. Onun bu gecəki addımına gətirib çıxaran psixoloji amillərin təməli ötən illərdə qoyulub. Sənubər söhbətində evdən qovulduqdan sonra bütün qohumlarına qarşı onda bir nifrət hissi yarandığını demişdi. Ancaq mən belə düşünmürəm. Bu ilk günlər on doqquz yaşında küçələrə atılmış bir qızın keçirdiyi hisslər ola bilərdi. Əminəm ki, o, hisslərini mənə tam açıqlamaq istəməyib. Əslində heç bir şübhəm yoxdur ki, bu illər ərzində Sənubər yaxınlarını, xüsusilə, ata-anasını bircə dəfə görmək, onlardan bir xoş söz eşitmək arzusu ilə yaşayıb. Hər gün evdə tək qaldıqca saatlarla ağlayıb. Adam doğmalarını bir neçə gün görməyəndə belə darıxır. İndi təsəvvür et, bu qadın ötən on beş ildə nələr çəkib, hansı cəhənnəm əzabını yaşayıb. Ardınca da bu baş verənlər. Sanki bu Ağamirzə dünyaya Sənubərin həyatını ardıcıl olaraq zəhərləmək üçün gəlib. Bu da dediklərimin məntiqi nəticəsi: İllərlə sevdiyi adama görə hər şeyə dözüb dərdini içində saxlayan bir qadına sonda elə sevdiyi adamın xəyanət etməsi, onu aldadıb uşağını qaçırması son hədd oldu. Kişi ya qadın, fərqi yoxdur. İnsanın səbri bir yerə qədərdir. Ona görə də, şübhən olmasın ki, bu illərlə yaşananların təsiri altında, affekt halında törədilmiş bir qətldir. Sən mənim əqidəmə bələdsən. Bilirsən ki, indiyə qədər nə bir cinayəti gizlətmişəm, nə də belə şeylərlə barışmışam. Hətta hər şey aşkar olarsa belə, Sənubərin Ağamirzəni affekt halında, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində öldürdüyü asanlıqla sübuta yetiriləcək. Buna görə isə qanunda üç hal nəzərdə tutulur: onlardan yalnız birində üç ilədək azadlıqdan məhrumetmə, digər iki halda isə iki ilədək müddətə islah işləri, yaxud üç ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq olunur. Sənubərin sosial vəziyyəti, əvvəllər cinayət törətməməsi, himayəsində azyaşlı övladının olması, ölənin şəxsiyyəti də nəzərə alınaraq ona bu cəzalardan ən yüngülü tətbiq olunacaqdı ən pis halda. Ancaq fikrimcə bir qadın, bir ana heç bu cəzaya da layiq deyil axı. Bu zavallı onsuz da həyatda çəkdiyini çəkib. Biz bu yolu tutmuşuq, cəmiyyətimizi bəzi ünsürlərdən «təmizləməklə» məşğuluq. Baş verənlərdə isə reallıq budur ki, Sənubər kimi birinin hansısa cəza alması cəmiyyətə nəsə bir fayda verməyəcək. Bizim siyahımızda Sənubər yox, Ağamirzə, Cahandar kimilər yer alıblar.

Layiqə uzun zaman susdu. Sonra sakit səslə dedi:

- Sizinlə tam razıyam. Allah heç bir qadına belə həyat qismət eləməsin.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)