“Rəngli fillər” - Əfsanə Laçının hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nısr saatıdır, sizlərə Əfsanə Laçının       “Rəngli fillər” hekayəsi təqdim ediləcək.                                                   

 

NƏSR

ƏfsanəLAÇIN

 

RƏNGLİ FİLLƏR

 

Salam, dostum, mənim adım Filidir. Balalarım Lili, Fifi və Lifi ilə birgə Afrika cəngəlliklərində yaşayıram. Burada  hamı bizi tanıyır və sevir. Hətta başqa ölkələrdən, şəhərlərdən belə bizi görməyə gəlirlər. Yox, yox, dünyanın hər yerində qohumlarımız, dostlarımız yoxdur. Onlar, sadəcə, bizə tamaşa etməyə gəlirlər. Bilirəm, indi düşünürsən ki, nə çox Afrikada fil. Hələ Hindistanı demirəm. İş orasındadır ki, biz adi boz  fillər  deyilik.  Göy qurşağı kimi rəngbərəngik. Elə bu səbəbdən də hamı bizi görmək həvəsi ilə buralara qədər gəlir. Fotoqraf  Cece də onlardan biri idi. Onun çəkdiyi bir foto bizim bütün ailəmizin həyatını dəyişdi. Bilmək istəyirsən? Hər şey belə başladı...

 

                                      ***

 

Afrika cəngəllikləri

Çayın kənarında yuyunurduq. Bilirsən də biz necə yuyunuruq. Xortumumuzla suyu çaydan sovurub başımızdan fəvvarə kimi səpələyirik. Çox əyləncəli səslənir, eləmi? Bu elə bizim özümüzündə xoşuna gəlir.

Hə,  isə. Qayıdaq əsas söhbətimizə. Yuyunurduq, birdən Fifi  bir fotoqrafın bizim şəklimizi çəkdiyini gördü:

– Lili, o  fotoqrafa bax. Şəklimizi çəkməyə çalışır. Gəl ona kömək edək, qəşəng kadrları çox olsun.

– Nə etmək lazımdır, Fifi?

– Ana,  Lifi haradadır?

– Buradayam, – deyə Lifi kolların arasından  çıxıb qaça-qaça onlara tərəf gəldi.

– Lifi, fotoqraf üçün əla poza  vermək  lazımdır.

Balaca fillərim  xortumlarını bir-birinə sarıyıb gülümsədilər. Çak! Şəkil hazırdır!

– Lili, o nə üçün çıxıb gedir?  Bəs şəklimizi bizə verməyəcək?!

          Cece gözdən itdi. Lili ağlamağa başladı:

– Ana, mən də o şəkildən istəyirəm. Axı bu ədalətsizlikdir!  Öz şəklimizi bizə vermədi! Mən də sevinmişdim ki, nəhayət, bizim də şəklimiz olacaq. Onu çarpayımın başından asacaqdım.

Mən günlərlə cəngəllikdə  Ceceni axtarsam da, tapa bilmədim. Bu hadisə balalarımın qanını qaraltmışdı.

          Günlər ötmüş, şəkil əhvalatı unudulmuşdu.  Ta ki Tuto əlində həmin şəkil cəngəlliyə gələnə qədər...

Tuto kimdi? Tuto milliyyətçə rus idi. Moskvada yaşayırdı. Sirkdə işləyirdi.

 

***

 

Mənimbalaca şirinlərim palma ağaclarının altında topla oynayırdılar. Birdən Fifi gördü ki, bir gonbul kişi dayanıb onlara baxır. Əlində isə Cecenin çəkdiyi şəkillər.  Həyəcanlandı və xortumu ilə fit verdi:

– Lifi, bir bax, görürsən, o gonbul kişinin əlində bizim şəklimiz var.

– Fifi, gəl xahiş edək, şəkli bizə versin.

– Mən utanıram, Liliyə de, istəsin.

         Bu zaman Lili uşaqları xortumunda yellədərək əylənirdi. Fifi dedi:

– Lili, bax,  o gonbul kişidə bizim şəklimiz var.

– Hansı kişidə ?

– Ora-bura boylanan keçəldə.

– Yaxşı, amma üçümüz də gedək.

Tuto ona sarı gələn fil balalarını görəndə sevincindən meymun kimi atılıb-düşməyə başladı.

– Salam, gonbul əmi. Mən Lili, bu, bacım Fifi, bu isə qardaşım Lifidir. Sizdə bizim şəklimiz var. Zəhmət olmasa onu bizə verə bilərsiniz?  Otağımızdan divarından asacağıq. Bizim heç şəklimiz yoxdu. Bu isə bizim yeganə ailə şəklimizdir.

Tuto çox hiyləgər idi. Özünü itirmədən dedi:

– Məndə bu şəkildən bir neçə  nüsxə yenə var. Hərənizə birini bağışlaya bilərəm. 

          Balaca fiillərim çox sevindilər.

– Ardımca gəlin. – Tuto hiyləgərliklə dedi.

Fillər Tutonun ardınca onun yük maşınına tərəf getdilər. Tuto onları yük yerinə mindirdi və bir böyük qırmızı qutunu göstərib dedi:

Baxın, şəkillər o qutunun içindədir.

Fillər qutunun ağzını açmağa macal tapmamış  Tuto qapını bağladı. Qutunun qapağı açılan kimi yuxarıdan bir qəfəs fillərin başına düşdü. Onlar nə baş verdiyini anlamırdılar. Fifi maşının hərəkət etdiyini hiss edən  kimi ağlamağa başladı:

– Ana, ana. Anamı istəyirəm! Mənə şəkil lazım deyil!!!

Lili və Fifi də onunla baş-başa verib ağlamağa başladılar.

Bu zaman mən balalarımı tapmaq üçün bütün cəngəlliyi ələk-vələk edirdim. Təbii ki, bu heç bir nəticə vermədi. Məyusluqdan o qədər göz yaşı tökmüşdüm ki, ətrafımda böyük bir göl yaranmışdı. Bütün cəngəlliyin sakinləri  başıma toplaşıb mənə təsəlli verirdilər:

– Narahat olma, göyə uçmayacaqlar ki, yəqin, haradasa oynayırlar. Bir azdan gəlib çıxarlar.

Amma aylar keçir, onlar qayıtmırdılar...

Bilirəm,  indi düşünürsən ki, Tuto fillərin şəklini haradan tapmışdı? Hadisə belə olmuşdu:  

 

Tretyakov qalereyası

Tuto, bədbəxtlikdən Moskvada Cecenin fotosərgisində iştirak etmişdi. Zala daxil olan kimi, onun diqqətini ilk cəlb edən bu şəkil olmuşdu. Hətta onun rəsm əsəri olduğunu düşünmüşdü. Müəllifi taparaq bu sualı ona da ünvanlamışdı:

Bağışlayın, ser, bu peşəkarlıqla çəkilmiş rəsm əsəridir?

         Cece ona belə cavab vermişdi:

Yox, bu rəsm əsəri deyil. Mən onu Afrikada olarkən lentə almışdım. Bu alabəzək üçlük Afrika cəngəlliklərində yaşayır. Afrikaya səfərim zamanı orada gördüm və düşünmədən lentə aldım. Gördüyünüz kimi, sərgimin şah əsəridir.

Tuto Ceceyə təşəkkür edib  şəkli  telefonu ilə çəkdi. Sərgidən çıxıb öz sarı yük maşınına mindi. Bəlkə, inanmayacaqsan, amma o birbaşa Afrikaya yollandı. Sonra nə baş verdiyini artıq sən də bilirsən.

                   

***

    

Tuto yol boyu fil balalarının sirk səhnəsində göstərəcəkləri fəndləri, tamaşaçıların alqışlarını xəyal ediridi.

 

                            TUTONUN  XƏYALLARI

 

Moskva.  Böyük  Dövlət  Sirki.

Kiçik fillər səhnədə dombalaq aşır, tamaşaçılar əl çalır. Lifi iki ayaq üstündə, Fifi çəlləyin üstündə, Lifi ipin üzərində gəzir, fotoqraflar onların şəklini çəkir, TV kanalların muxbirləri reportaj hazırlayır.

Tuto ORT TV-nin muxbirinə müsahibə verir:

Filləri Afrika cəngəlliklərindən sirkimizə xüsusi olaraq gətirmişəm. Əminəm, rəngli fillərin sayəsində sirkimiz bütün dünyaya səs salacaq. Bizi fillərimlə birgə ardı-arası kəsilməyəcək səfərlər gözləyir. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.

        

***

 

Fillər isə onun xəyallarını puç etdilər. Sirkə gələndən iki gün sonra şir balalarının köməyi ilə oradan qaçdılar. Necə?

          Rəngli fillər sirkdəki bütün heyvanların xoşuna gəlmişdi. Onların bütün günü ağlayan fillərə yazığı gəlirdi. Ona görə də qaçmaqda onlara kömək etdilər. Əsl macəra da elə bundan sonra başlayıb.

 

 

         RƏNGLİ FİLLƏR QƏFƏSDƏ

 

Pələng Leo:

– Siz nə qəribə fillərsiniz?  Elə bil sizi rəngləyiblər.

Ayı Bobi:

– Tuto elə buna görə onları sirkə gətirib.

Lifi:

– Mən burada qalmaq istəmirəm! Anamı istəyirəm! Evə getmək istəyirəm!

Pələng  Leo:

– Sizin ananız  var?

Fili:

– Əlbəttə ki, var. Kim bilir, indi nə qədər pərişandır. Bütün cəngəlliyi ələk-vələk edib bizi axtarır. Canım anam, çox üzüləcək...

Lili:

– Sizin ananız yoxdur?  Bəs siz ananız üçün darıxmırsınız?

Ayı Bobi:

– Bizi Tuto doğulan gündən buraya gətirib. Anamızı heç xatırlamırıq...

Pələng  Leo:

– Görəsən, anamız bizi xatırlayır?...

Lili:

– Əlbəttə. Əmin ola bilərsən. Analar öz övladlarını çox sevir. İndi o sənin üçün darıxır...

Ayı Bobi:

– Biz sizə qaçmaqda kömək edərik. Bizim anamız yoxdu, barı siz anasız qalmayın! Bu, haqsızlıqdır...

        

 

LEONUN QAÇIŞ PLANI

 

Cimi çox cılız, cansız olduğundan asanlıqla qəfəsə girib-çıxmağı bacarırdı. Leo Cimini yuxudan oyatdı. Tənbəl meymun səssizcə bir çiyni üstə qəfəsdən çıxdı və atılıb divardan asılmış ağır açar topasını birtəhər sürüyüb yerə saldı. Fillərin qəfəsinə zorla dırmaşıb qapını açdı. Açarlar ağır olduğundan bu bir az uzun çəkdi. Bütün heyvanlar dua edirdilər ki, Tuto gəlib çıxmasın. Nəhayət, fillər xilas oldu.

Fifi:

– Çox sağ olun dostlar. Bu yaxşılığınızı heç vaxt unutmayacağıq. Əminəm, siz də bir gün ananızı tapacaqsınız...

Pələng  Leo ağlayaraq:

– Çox çərənləməyin, indi Tuto gələcək...

        

***

 

Fillər qərara aldılar ki, evə geri qayıtsınlar. Amma necə? Axı onlar yolu tanımır.

Fifi təklif etdi:

– Gəlin hərəmiz  bir tərəfə gedək. Kim yolu birinci tapsa, xortumu ilə fit verib o birilərinə xəbər verər.

Beləliklə, vidalaşıb hərəsi bir tərəfə yollandı.

 

                       

                   LİLİNİN YENİ DOSTU XRİSTOFOR KOLUMB

 

Artıq gec idi. Bir qərar verilmişdi. Bacısı, qardaşı yanında deyildi. Çox qorxurdu, amma cəsarətini toplayıb yoluna davam etməliydi.

Axı mən Moskvanı tanımıram. Buradan evimizə nə qədər yol var, təsəvvür belə etmirəm. Bu şəhər bizim evimizə heç oxşamır. Hər tərəf daş-divar. Başqa fillər  belə yoxdu.

Düşünə-düşünə Lili söyüd ağacının altındaca yuxuya getdi. Lili yuxuda mənimlə   oynayırdı. Mən  onu sığallayır, tumarlayırdım.

Əslində, onu tumarlayan Kolumb idi. O,  birinci dəfə idi  ki, rəngbərəng fil görürdü. Lilini sığallayanda onun gülümsədiyini sezdi və anidən qəhqəhə çəkməyə başladı. Lili yuxudan oyandı. Cəld ayağa qalxıb şam ağaclarına tərəf qaçdı. Kolumb isə gülməyə davam edirdi.

Qorxma, mən sənə zərər vermərəm. Ovçu deyiləm, əmin ola bilərsən. Sən çox sevimli və şirinsən. Bu dünyada səndən başqa rəngli fil varmı?

Lili köks ötürərək dedi:

– Var, bacım, qardaşım, anam...

– Bu kiəladı!

Kolumb əvvəlkindən daha çox sevindi.

– Mən onları da görmək istəyirəm.

– Mən də...

– Anlamadım, siz birlikdə yaşamırsınız?

– Yaşayırdıq. Tuto bizi oğurlayana qədər. İndi anamız Afrikada, biz isə Moskvada tək qalmışıq.

– Qardaş-bacın da buradadır? Bəs mən onları niyə görmürəm? 

– Biz evə qayıtmaq üçün yol axtarırıq. Ona görə də hərəmiz bir tərəfə getdik. Kim yolu birinci tapsa, xortumu ilə fit çalıb o birilərinə xəbər verəcək. Amma mən evə dönə biləcəyimə, ailəmi bir də görəcəyimə inanmıram...

– Yox, inan!

– Niyə?

– Çünki mən sənə kömək edəcəm.

– Necə?

– Mən səyahətçiyəm. Bir həftə sonra Afrikaya getməyə hazırlaşıram. Səni özümlə apararam.

– Doğurdan?

– Əlbəttə.

– Mənim adım Lilidir.

– Mənim isə Xristofor Kolumb.

Lili yerə uzanaraq ayaqlarını qaldırıb gülməyə başladı.

– Ola bilməz,  Xristofor Kolumb çoxdan bu dünyada yoxdu. Onda heç  atam-anam da hələ doğulmamışdı.

– Yox, o, mənim ulu babamdı. Mən onun  kötücəsi hesab olunuram. Bu adı mənə atam qoyub. Mən də səyahət etməyi çox sevirəm.

        

***

 

– Əla! Bir həftə sonra evə qayıdacam.

Lili fit çalmağa başladı.

– Lili, sən nə edirsən?! İndi adamları başımıza toplayacaqsan. Planlarımız pozulacaq evə yox, zooparkda yaşamağa gedəcəksən.

– Qardaşımı, bacımı çağırıram. Sözləşdiyimiz kimi... Axı mən yolu tapmışam.

– Yox, onlar səni eşitməz, dostum... Amma əmin ol, onlar da yolu tapacaqlar. Kim bilir, bəlkə, biz haradasa rastlaşacağıq...

– Yaxşı!

Lili qəmləndi. Amma evə qayıdacağı üçün xoşbəxt idi. Mənim üçün çox darıxmışdı.

– Bəs bu bir həftəni mən harada qalacağam?

– Mənim bağçamda. Orada sənə rahat olacaq.

– Yaxşı, çox sağ ol. Sən xeyirxah adamsan.

– Hey Lili, sən bura necə gəldiyini mənə hələ danışmamısan.

– Bu, çox uzun məsələdi.

– Eybi yox, bizim hələ bir həftə vaxtımız var.

– Danış deyirsən,  danışım da. Bir gün Cece bizim şəklimizi çəkdi...

 

 

                                 FİFİ VƏ GƏNC ARXEOLOQ

 

Lili Kolumbla dostlaşdığı zamanda Fifi arxeoloqla rastlaşmışdı. O, yol axtara-axtara düzənlik bir yerə gəlib çıxmışdı. Ətrafda heç kim, heç nə yox idi. Birdən Fifi “xurt-xurt”a bənzəyən bir səs eşitdi. Tez ətrafa boylandı. Tələsə-tələsə təngnəfəs yeri qazan adamı görüncə özünü itirdi. Sevindiyindən qaça-qaça gedib  onun qazdığı yeri bacardıqca dərin qazdı.

– Aman Allah, sən nə edirsən!? Dayan! Sümükləri qırıq-qırıq edəcəksən! Səninləyəm, rəngli yekəpər!

Fifi dayandı və ağlayaraq:

– Mən hər şeyi korladım?

Arxeoloq dizlərini yerə qoyub Fifinin qazdığı quyuya diqqətlə baxdı:

– İnana bilmirəm. Burada çoxlu qədim əşyalar var.

– Bu, yaxşıdı? Mən heç nəyi korlamamışam?

– Xeyr, əksinə, deyəsən, sən mənim yeni kəşfimə yol açdın. İndi mən bunların hansı dövrə aid olduqlarını araşdırmalıyam.

– Mən sənə necə kömək edə bilərəm?

– Məni belinə qaldır. Birlikdə buradan gedək. Burada nəqliyyat yoxdur. Şəhərə piyada gedə bilmərəm.

– Bəs buraya necə gəlmişdin?

– Taksi ilə. Sürücüyə nə qədər dil töksəm də, məni gözləməyə razılaşmadı.

Fifi aşağı əyilərək:

– Yaxşı, gəl gedək.

Yeni tanışlar yavaş-yavaş şəhərə tərəf yol aldılar.

– Başım qarışdı, heç soruşmadım. Sən hara, bura hara? Sirkdən qaçmısan? Səni rəngləyiblər?

Fifi gülərək:

– Nə qədər sual verdin. 1.  Məni rəngləməyiblər. 2.  Mən sirkdən qaçmışam. 3.  Amma sirk oyunçusu deyiləm. Mənim evim Afrikadadır.

– Oldu, sualları bir-bir verərəm. Bəs Moskvada nə işin var?

Bir gün Cece bizim şəklimizi çəkdi...

Fifi yol boyu bacardıqca qısa və  tez-tez başına gələnləri arxeoloqa nağıl etdi.

– Qəmli əhvalatdı. Bəlkə, hekayənin xoşbəxt sonluğunu yazaq?

– Necə?

– Səni evinizə aparım. Özüm də oralarda qazmağa bir yerə taparam (gülür).

– Ura! Sən çooooox yaxşı insansan.

 

                      

FİLİ RƏQQASƏNİN PƏNCƏRƏSİNDƏN BAXIR

 

Arbat küçəsi

Fili qəşəng  musiqi səsi  eşitdi. Atılıb-düşüb rəqs etmək istəyirdi. Bu musiqi ona evini, anasını xatırladırdı. Bir azca qəmləndi də. Məhəccərdən boylananda gördü ki, içəridə ucaboy, arıq, sarı bir qız rəqs edir. Fili ona tamaşa etməyə başladı. Rəqsin bitməsini gözlədi. Pəncərəni döyəclədi. Rəqs edən qız təəccüb dolu gözlərini pəncərəyə zilləyib donub qalmışdı.

Fili qışqırırdı:

– Sən düz oynamırsan. Düzdür,  o qədər də pis deyil, amma afrikalılar belə rəqs etmirlər. Qapını aç, mən sənə öyrədərəm.

Rəqqasə nə edəcəyini bilmirdi. Əlbəttə, Moskvanın ortasında fil görmək, həm də rəngbərəng – möcüzə kimi bir şey idi.

– Tez ol! Qapını aç! Daha gözləyə bilmirəm. Xahiş edirəm, qapını aç.

Qız ehtiyatla qapını açdı. Ona elə gəlirdi ki, yuxu görür.

– Salam. 

– Sa...l...am. Sən bura necə gəlmisən?

Fili qəmli-qəmli:

– Məni evimizə apara bilərsən? Özün də bu rəqsi daha yaxşı öyrənərsən.

– Sənin evin haradadır ki?

– Afrikada

– Bəs bura necə düşmüsən?

– İçəri keçməyə icazə versən, hamısını danışaram.

         Bir gün Cece bizim şəklimizi çəkdi...

        

***

 

Mən nə o sirkin sahibini, nə də ki fotoqrafını qınamıram. Məncə, dünyada rəngli fillərin olması möcüzədi. Bu yalnız nağıllarda mümkündür. Əminəm, Tuto  sizi axtarmağa davam edir. Hələ polisi demirəm.

– Niyə elə düşünürsən?

– Səncə, rəngli fillər kiminsə gözlərindən qaça bilərmi?

– Bəs onlar bizə nə edəcəklər?

– Yəqin, düşünürlər ki, siz insanlara zərər verə bilərsiniz. Nəhəngsiniz axı.  Rəngli olduğunuz üçün də zooparka  yerləşdirməyə çalışacaqlar. Orada sizi qəfəsə salacaqlar. Adamlar gəlib sizə tamaşa edəcəklər.

– Yox, yox, mən istəmirəm!

– Qorxma, qorxma, mən sənə kömək edəcəm.

– Əla, çox sağ ol...

– Bəs bacım, qardaşım?

– Gəl onları tapaq.

– Necə?

Alyona internetə girdi. Qısa araşdırma apardı. Bir neçə saytın xəbərlərinə göz gəzdirdi. Həqiqətən də Tuto, Cece, polis  fil balalarını axtarırmış. Hətta saytların birində zooparkın müdirinin sevinc dolu müsahibəsi yerləşdirilmişdi. Bütün bunlar Fili üçün bəd xəbər hesab olunurdu. Amma şad xəbər də var idi. Xəbərlərdə yazırdılar:

"Moscow Times":

Bildiyiniz kimi, Moskvada 3 rəngli fil balası peyda olub. Polis və zooparkın rəhbərliyi həmin filləri axtarmaqla məşğuldur. İki fil balası artıq Rusiya sərhədini keçib. Fillərin qaçırılmasında səyahətçi  Kolumb və naməlum arxeoloq şübhəli bilinir. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır. Üçüncü fil balasının  harada olması barədə isə hələ də məlumat yoxdur.

 

– Bax, üçüncü fil balası sənsən. Biz tezliklə getməliyik ki, səni tapa bilməsinlər.

– Bəs bunu necə edəcəyik? Axı mən böyüyəm. Məni görməmək mümkün deyil.

– Yük maşını kirayələyərik.

– Axı qızlar yük maşını idarə edə bilməz.

– Başqa yolumuz yoxdur. Əminəm, qardaşının dostu Kolumb, bacının dostu arxeoloq da sərhədi belə keçiblər.

– Yaxşı, mən razı...

 

Afrika xalqlarının rəqsləri xor ifası, müxtəlif  musiqi alətləri, əsasən, zərb alətləri ilə müşayiət olunur. İfaçılar xüsusi geyimdən, taxta ayaqlardan, zınqırovlardan istifadə edirlər. Ənənəvi rəqslər ovçuluq, əkinçilik, şaman  mərasimlərinə daxildir və bunlar əcdadlara hörmət kimi qəbul edilir.  Ovçuluq ayinlərinin iştirakçıları vəhşi heyvanların hərəkətlərini təqlid edir, onlar kimi səslər çıxarır; yağışın yağmasını arzulayan ayin iştirakçıları öz hərəkətləri ilə uçan buludları təsvir edirlər.

 

                     

ANA FİL BALALARININ YOLUNU GÖZLƏYİR

 

Övladlarım itəndən bəri özümə yer  tapmırdım. Hər gün gecə-gündüz ağlayırdım. Ümidlə onların qayıtmağını gözləyirdim. Bütün günü TV qarşısında əyləşib xəbərləri izləyirdim. Əmin idim ki, rəngli fillər haqqında mütləq bir məlumat verəcəklər. Yanılmamışdım. Bütün radio və televiziyalar fillərim  haqqında danışır, şəkillərini göstərirdilər.

NTV:

– Çox qəribə də olsa, Moskvada üç rəngli fil balasına rast gəlinib. Amma təəssüflər olsun ki, onların hal-hazırda harada gizləndiyi məlum deyil. Fillər tapılan kimi zooparka təhvil veriləcək.

         STS TV:

– Çox təəssüflər olsun ki, fillərdən ikisi Rusiya sərhədini keçməyə müvəffəq olmuşdur. Üçüncü fil isə hələ də Moskvadadır. Ümid edirik ki, tezliklə onu tapacağıq. 

    Polis gücləndirilmiş iş rejimində çalışır.

Lifi:

– Ah, afərin mənim balalarıma, demək, evə qayıdırlar. Görəsən, Moskvada kim qalıb; Fifi, Fili, yoxsa Lili?

 

 

                            FİLLƏR EVƏ QAYIDIRLAR

 

Alyona doğru düşünürdü. Kolumb və arxeoloq da filləri sərhəddən yük maşınında keçirmişdilər. Afrikaya beləcə getməyi düşünürdülər.

 

MOSKVA-SOÇİ-QARA DƏNİZ

 

Alyona və Fifi də sərhədi keçməyi bacardılar. Xoşbəxtlikdən müxtəlif məsafələrdə həm səyahətçinin, həm də arxeoloqun yük maşınında nasazlıq yaranmış, yolda qalmışdılar. Kömək gözləyirdilər.

           Bilirəm, bu uğursuzluğa sevinməyim sənə qəribə gəldi. Amma belə olmasa idi, Alyona nə arxeoloqla, nə də ki səyahətçi ilə qarşılaşmayacaqdı.

 

TÜRKİYƏ – ARALIQ DƏNİZİ

 

O, ilk öncə arxeoloqla rastlaşdı. Arxeoloq yük maşınının yanında var-gəl edirdi. Rəqqasə onu görən kimi maşından düşdü:

– Salam, sizə necə kömək edə bilərəm? Hara gedirsiniz?

– Aa, mən də ... Gəlin birlikdə gedək.

– Yox, təşəkkür edirəm. Mən tək deyiləm.

– Dostunuz da bizimlə gələ bilər. O haradadır?

 

Arxeoloq maşında fil balası olduğunu tanımadığı bir adama deməyə ehtiyat edirdi. Qəfildən yük maşını silkələnməyə başladı. Fifi artıq içəridə darıxmışdı.

Alyona:

– Bu nədi belə?

Arxeoloq məcbur olub yük maşının arxa qapısını açdı.

Alyona fifini görən kimi soruşdu:

        İnana bilmirəm. Əla! Siz arxeolqsunuz, yoxsa səyahətçi?

– Nə?

Alyona sevincək öz yük maşınının arxa qapısını açdı. Fifi və Fili bir-birlərini gördüklərinə inana bilmirdilər. Arxeoloq da heykəl kimi donmuşdu. Nə baş verdiyini anlamağa çalışırdı.

Beləcə arxeoloq və rəqqasə yollarına birlikdə davam etdilər. Fifi və Fili yeni dostları ilə necə tanış olduqlarını bir-birinə nağıl edir, Lilinin harada ola biləcəyi barədə düşünürdülər.

Elə arxeoloq və Alyona da fil balaları ilə necə tanış olmaları barədə söhbət edirdilər.

        

***

 

MİSİR-ŞİMALİ AFRİKA

 

Kolumbun yük maşınının təkəri partlamışdı. Əlavə təkəri yox idi ki, dəyişsin. Yolun kənarında oturub nə edəcəyi barədə fikirləşirdi ki, Alyona maşını düz onun yanında saxladı:

– Təsadüfən Lili sizin yük maşınınızda deyil?

 

Kolumb təəccüblə başını qaldırıb:

– Siz Lilini haradan tanıyırsınız?

– Çünki Fifi və Fili mənim maşınımdadır. Bəlkə, yola birlikdə davam edək?

Lilini qardaşlarının olduğu yük maşınına mindirdilər. Balalarım xoşbəxt idilər. Bircə Afrikaya çatmaq, analarına, yəni mənə qovuşmaq qalmışdı. Amma hələ yol uzun idi...

 

***

 

AFRİKA.CƏNGƏLLİK

 

Gecə idi. Ağlamaq məni o qədər yormuşdu, istəmədən yuxuya getmişdim. Yuxuda yağışa düşmüşdüm. Bərk islanmışdım, amma daldalanmağa yer tapmırdım. Birdən yağış kəsdi və səmada üç göy qurşağı yarandı. Fit səsi eşidildi. Şirin röyadan ayıldım. Fit səsi hələ də gəlirdi. Qəfildən qapı döyüldü. Gözlərimi ovub qapıya tərəf qaçdım. Qapını açdım. Qapının kandarında Kolumb dayanmışdı.

– Salam. Buyurun, sizə kim lazımdır?

Elə bunu demişdim ki, gizlənmiş balaca fillərim  üstümə atıldılar. Özümü tamam itirdim. İnana bilmirdim. Alyona və arxeoloq da yanlarında idi. O qədər darıxmışdım ki, körpələrimin hansına sarılıb qoxlayacağımı bilmirdim. Lap çaş-baş qalmışdım. Alyona bizim şəkillərimizi çəkdi. Bir-birimizə bərk-bərk sarılmışdıq. Elə bil daha heç vaxt ayrılmayacağıq...

 

***

 

Bütün gecəni bu zamana kimi yaşadıqlarımızı bir-birimiz ilə bölüşdük. Mən də balaca fillərimin yeni dostları ilə dostlaşdım...

 

        

ƏN GÖZƏL GÜN

 

Uzun müddətdən sonra açılan ilk gözəl gün başladı.  Kolumba onu belimdə bütün Afrikanı gəzdirəcəyimə söz vermişdim.  Ona görə də obaşdandan yola düzəldik. Lili Alyona Afrika rəqsləri öyrənə bilsin deyə, onu  Ruandaya “İntore” Peşəkar Rəqqaslar İnistitutuna  apardı.

Fifi və Lifi arxeoloqla birgə qazmağa yer axtarırdılar.  Beləcə bir neçə ay yeni dostlarımızı qonaq etdik. Artıq zaman yetişmişdi. Getməli idilər. Alyona bizə şəkillərimizdən ibarət albom hədiyyə etdi. Şəkillərdən birini çərçivəyə salmışdı. Lili arzuladığı kimi şəkli çarpayısının üstündən asdı...

Hə, dostum. İndi biz evimizdə şən-firavan, xoşbəxt yaşamağa davam edirik. Bəs sən necə, bizi görmək istəyirsən?

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)