Bir müəllimin manifesti - SƏNƏDLİ HEKAYƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi. 

 

 

 

 

Tahir müəllim artıq 12-ci ildir ki cəbhə xəttində, daha doğrusu köhnə cəbhə xəttində yerləşən kənd məktəbində müəllimlik edirdi.

 

Tənəffüsdür, məktəbin bağındakı skamiyada əyləşib ağaclara baxırdı. Payızın günəşinin son hənirtisini üzündə hiss etdi. Günəşdən istədiyini ala bilməyən yarpaqlar həsrətdən saralır, solur və budaqlardan özlərini ataraq intihar edirdilər sanki...

Sarı xalıya dönmüş yarpaqların soyqırımı baş verirdi...

Tahir müəllim bir anda diksindi. Soyqırım kəlməsi oxa dönüb beyninə və ürəyinə batdı. Yarpaqlar ona Xocalıda yerə sərilmiş uşaqları, qadınları və qocaları xatırlatdı. Ayaqlarının altında kimsə ocaq qaladı. Həmin od yavaş-yavaş yuxarıya doğru qalxdı və bütün ruhunu, cismini sardı. Nəfəsi daraldı. Əllərini skamiyanın oturacağından tutub bir ah çəkdi. İçindəki yanğın tüstüsü ağzından çıxdı. Gözlərindən yaş gəldi. Kədərlənəndə, carəsiz qalanda həmişə belə olurdu.

 ....Bu 12 ildə cəbhə kəndində nələr yaşamamışdı ki? Hər gün burdan Şahbulaq dağı görünürdü. Öz-özünə deyirdi: “Göz dağı göz qabağında olar. Öz doğma kəndinə bu qədər yaxın olasan, amma gedə bilməyəsən”

Qaçqın uşaqlığı və gəncliyi şəhərdə keçsə də, doğma yurda bağlılıq,

sədaqət, vəfa borcu onu çəkib gətirmişdi bu kəndə. Halbuki imtahanda yığdığı balla şəhərdə və rayon mərkəzində işləmək şansı daha çox idi.

Hərbi xidməti sərhəd qoşunlarında çəkəndə bir neçə dəfə komandirlərinə sərhəddən səngərə getmək istədiyini demişdi.

Ancaq alınmamışdı.

Qismət belə imiş, əsgər kimi yox, müəllim kimi səngərə-cəbhə xəttində yerləşən məktəbə təyinat aldı. Ordumuz səngərdə düşmənlə, Tahir müəllim isə məktəbdə cəhalət və nadanlıqla döyüşdü. Gecə olanda qaranlığa bürünən kəndin ziyasına, işığına çevrildi...

Bu 12 ilin hər günü, hər anı bir dərs idi Tahir müəllim üçün. O, şagirdlərinə elm, təlim-təbiyə öyrədirdi, şagirdlər isə ona qorxmazlıq, dəyanət, zəhmətkeşlik və heç nəyə baxmadan xoşbəxt olmağı öyrətmişdilər.

İlk günlər siniflərə girəndə şagirdlərin,

kəndin arası ilə gedəndə camaatın ona necə sevgi və ümidlə baxdığını görəndə həm sevinir, özü ilə qürur duyur, həm də üzərinə nə qədər məsuliyyət götürdüyünü anlayırdı.

Hər an atəşkəs pozulur. Ermənilər kəndi, kənd sakinlərini atəş tuturdu. Əkin sahəsinə gedən, mal-heyvan otaran insanlar hər an snayperin qurbanı ola bilərdilər. Kəndin qəbiristanlığına doğru tunel çəkilmişdi. Qəribə idi. Elə bil kənd camaatı ölülərini dəfn etmək üçün çiyinlərinə alıb  bu tunellə o dünya gedirdilər. Atəşkəs dövründən bu yana onlarla kənd sakini şəhid olmuşdu. Ən pisi isə burda ölüm adiləşmişdi. Sanki insanlar erməni snayperinə Əzrayil kimi baxırdılar. Hamı qəbul etmişdi, kimin vaxtı çatıbsa, onu vuracaqlar. Qorxu hissi yox idi, yerini müxtəlif xətəliklərə vermişdi .Böyüklərədə şəkər,

qan təziqi, xərçəng kimi xəstəliklər yaranmışdı. Ən dəhşəti ilə məktəblilər arasında da epilepsiya, şəkər xəstələri var idi.

Mübarizin qəhrəmanlığından sonra isə ermənilər daha da azğınlaşmışdılar.

Gözlərinə görünən hər şeyə atəş açırdılar.

Sentyabr ayı idi. Dərslər təzə başlamışdı. Qəfildən ermənilər kəndi atəşə tutdular. Bizim ordu da qarşılıq verməyə başladı. Tahir müəllim 6 yaşında məcbur köçkün düşdükləri kəndlərini xatırladı. Yenə kəndə od yağırdı. Tez uşaqları bir cərgə düzüb məktəbin həyətindəki yeraltı sığınacağa apardı. Əyləşib gözləməyə başladılar. Müəllim tez-tez deyirdi ki, “Uşaqlar, qulağınızı tutun, qorxmayın. Hər şey yaxşı olacaq”.

Bir oğlan gülərək qayıtdı ki müəllim, vallah biz qormuruq, narahat olmayın. Əsgərlərimiz onların payını verəcəklər. Amma deyəsən siz qorxursunuz.

Digər uşaqlar da güldülər. Tahir müəllim əllərini qulaqlarından çəkib uşaqlara qoşuldu. Necə güldülərsə, sığınacqdakı digər müəllim və şagirdlər təəccüblə onlara baxdılar. Sanki ermənilər də bu gülüşləri eşitdilər. Təəccübdən atəşi dayandılar.... Bəzən içimizdəki qorxunu qovmaq üçün onun üzünə bu cür gülmək lazımdır ki, yaxamızı buraxsın.

Bir dəfə də Tahir müəllim gördü ki,uşaqların bir neçəsi ev tapşırığını yazmır, dərsi yaxşı oxumur. Şagirdlərə xəbərdarlıq etsə də nəticə olmadı. Məcbur olub valideynləri çağırdı.

Məlum oldu ki, həmin uşaqlar kəndin ayağındakı evlərdə yaşayırlar, dərsdən sonra valideynlərə təsərrüfat işlərində kömək edirlər. Axşam olanda isə evdə nə işıq yandırmaq olar, nə də lampa. Çünki ermənilər işıq gələn nöqtələri atəşə tuturdular. Müəllim həmin evlərdə qonaq oldu. Dəhşət idi. Pəncərələrdə şüşə qalmamışdı. Pəncərəyə qalın palaz tutmuşdular. Axşam yeməyini yemək üçün zəif lampa işığında hamı yerdən oturmuşdu. Min bir zəhmətlə, zümlə qazandığın halal çörəyi öz ocağında rahatlıqla yeyə bilməmək, öz evində oğru kimi işıqsız və səssiz yaşamaq bu insanların taleyinə yazılmışdı. Burada şər meydanda at oynadırdı...

Həmin gündən Tahir müəllim həmin uşaqları dərsdən sonra saxlayıb məktəbdə sabahkı dərslərini oxudur,ev tapşırıqlarını yazdırıb sonra evlərinə göndərirdi.

Bu kəndin məktəbi I Qarabağ müharibəsi zamanı hərbi hissə olmuşdu.

Deyəsən, ermənilərin xəritəsində hələ də hərbi hissə kimi qalırdı. Çünki aprel döyüşləri zamanı birinci məktəbi vurdular. Bu, hər gün olan atəşkəs pozulması deyildi. Yer göylə birləşmidi sanki. Polis və hərbçilər kənd camaatını arxa yollalarla təhlükəsiz yerə aparırdılar. Tahir müəllim də bu axının içində gedirdi. Yaxınlığa minaatan, top, qrad mərmiləri düşürdü. Qadın, uşaq qışqırtısı, ağlaşması. Müəllimə elə gəldi ki, ermənilər Şahbulaqdan baxıb bu vahimədən həzz alırlar. Onlara gülürlər..

Müəllim yenə qayıtmışdı öz uşaqlığına... Onlar da kəndlərindən belə qovulmuşdu.

Bu od-alovun içində öz itkin düşmüş uşaqlığını xatırlamışdı. “Biz yaşamışdıq, gərək bu uşaqlar da bu dəhşəti yaşayaydı? Niyə ay Allah,niyə??? Niyə susursan? Bu körpələrin, bu insanların günahı nədir??”

Birdən piayda gedən bir ailəni gördü. Bu onun şagirdləri və uşaqların anası idi. Onsuz da müəllim maşını saxlayıb onları götürəcəkdi. Uşaqlar maşını görüb tanıdılar. Analarının əlini buraxıb maşına sarı qaçdılar. Müəllim maşını saxlayıb düşdü. Uşaqları qucaqladı.

Uşaqlar da müəllimi qucaqlaladılar: “müəllim, məktəbimizi vurdular”-deyib ağladılar. Tahir müəllim də göz yaşlarını saxlaya bilmədi. Bu uşaqların o məktəbdən başqa birlikdə vaxt keçirəcəyi, oynayacağı, əylənəcəyi, söhbət edəcəyi bir yerləri: parkları,oyun salonları yox idi axı... Başını qaldırıb qadını gördü. O çox pərişan idi. Kürəyində bir uşaq, əlləri də dolu çamadan... Yanında iki uşaq... Qadın: -Müəllim bizi də götürərsiniz maşına?, - deyə soruşdu. 

Müəllim: -Ay anam,o nə sözdür? Sizə qurban olum, gəlin..gəlin..., - söylədi. 

Bax beləcə 2 aprel gecəsindən keçib yenə səhəri açmışdılar.

Məktəbləri təmir olumuşdu. Yenə uşaqlar dərsə gəlməyə başladılar. Bu qısa müddətli köçkünlük nə qədər qorxulu olsa da, uşaqlar getdikləri yerlərdən xeyli xatirə ilə gəlmişdilər. Dərsdə və tənəffüsdə bir-birlərinə danışırdılar.

Ermənilərin gözünün odu alınmışdı. Atəşkəs əvvəlki kimi tez-tez pozulmurdu. Həm gülməli, həm də ağlamalıdır. Çünki bir necə gün atəşkəs pozulmayanda insanlar təşvişə düşürdülər. Kənd arasında şayiə yayılırdı. “Bu gecəni pis deyiblər”. Telefonla qonşu kəndlərdən xəbər tuturdular. Öz aləmlərində şifrəli danışırdılar: “Biz tərəfdə bu gecə hava buludludur, görəsən, dolu yağmayacaq?”

Tahir müəllim artıq məktəbdə uğurlar qazanmağa başlamışdı. 20 ilə yaxındır ki, bir şagirdi belə kollecə qəbul ola bilməyən məktəbdə canlanma var idi. Müəllim kənd camaatında sübut etmişdi ki, bütün çətinliklərə baxmayaraq, oxuyub nəticə əldə etmək olar. Tahir müəllimi görən digər gənc müəllimlər cəbhə kəndlərinə qorxmadan təyinat alırdılar. Şagirdlər müxtəlif ali məktəblərə, kolleclərə qəbul olurdular. Hətta ilk dəfə bu kənd məktəbindən bir şagird Fənn olimpiadasının qalibi oldu. Şagirdlərin  dediyi kimi, Tahir müəllim bir təhsil fədaisinə çevrilirdi. Öz gəncliyini bu kəndin balaları üçün şam kimi əridirdi.

Kənd camaatının hörmətini ehtiramı elə qazanmışdı ki, nəhayət, qızları təhsildən yayındıran, ipə-sapa yatmayan, Nuh deyib, peyğəmbər deməyən mühafizəkar valideynlərin də saqqızını oğurlamağı bacardı. Qızlar ali məktəblərə yollandı. Bu gün onlardan bir neçəsi Tahir müəllimlə çiyin-çiyinə həmin kənddə müəllim işləyir. Bundan böyük uğur və xoşbəxtlik ola bilərmi bir müəllim üçün???

Vətən müharibəsi.Xalqımızın və ordumuzun bir yumruğa döndüyü 44 günlük savaş.

Bu döyüşlərdə ermənilər yenə kənd məktəbini hədəf aldılar. Bu dəfə Tahir müəllimə bir daha aydın oldu ki, ermənilər üçün qarşı tərəfdəki hər şey legitim hədəfdir. Allah hər kəsə düşmənin də şərəflisini qismət etsin. Erməni kimi düşməni olmaq çox çətindir. Bizim bəxtimizə isə bunlarla  qonşu olmaq düşübdür.

Bu kənd I Qarabağ savaşında 7 nəfər şəhid verib. İndi isə Tahir müəllimin şagirdlərinin atası şəhid oldu.Çantasını evə qoyub əsgər gedən 18 yaşlı şagirdləri şəhid və qazi oldular. Onları qarşılamaq bir valideyn və müəllim üçün çox ağır idi... Hər şəhid dəfininə getsə də, onların valideynlərinə yaxınlaşıb təsginlik verə bilmirdi. Elə bilirdi ki, valideyn deyəcək ki, ay Tahir müəllim, uşaqlara vətəni sevdirdin. Onlar bu vətən yolunda canından keçdi, şəhid oldu. Amma sən yaşayırsan?

Əslində valideynlər heç nə deməzdi. Amma yaxınlaşıb nə desin? İnsanın övladı şəhid olub, hansı söz onu təsəlli edə bilərdi ki??

Biz 30 illik səbri və nifrəti silaha çevirib düşmənin başına yağdırdıq. 200 ildir ki, topraq itirə-itirə şəhid verən millətimiz qalib gəldi. Biz düşməni torpağımızdan qovduq.

Artıq Tahir müəllimin məktəbi və kəndi cəbhə xəttində yerləşmir... Şagirdləri güllə səsinə oyanmır. Amma bu savaş bitməyib. Su yatar, düşmən yatmaz....

Zəngin səsi Tahir müəllimi fikirdən ayıltdı.. Tahir müəllimin dərsi 7-ci siniflərə idi. Müəllim içəri girib uşaqları salamladı.

Əvvəlki dərsi yekunlaşdırdıqdan sonra yeni mövzuya keçdilər. Mövzu belə idi ki, heyvanlarda da insanlarda olduğu kimi empati duyğusu varmı?

Müəllim şagirdlərə fillər, meymunlar və digər heyvanların bir-birinə qayğı göstərməsi ilə bağlı videoçarx izlətdi. Müzakirə başladı. Qruplar, cütlər və fərdi şəkildə uşaqlar öz fikirlərini söylədilər. Elə Tahir müəllimi şagirdlərə sevdirən də bu metodları idi. Dərs müzakirə və təqdimatlar şəklində qurulurdu.

Nəhayət, Tahir müəllim sual verdi: Uşaqlar, sizə şans verilsə idi, hansı heyvan olmaq istərdiniz?

Camal: -Müəllim,mən şir olmaq istərdim, -dedi. 

Uşaqlar gülür..

Müəllim soruşdu: -Maraqlıdır, niyə şir? 

-Çünki şir meşələrin şahıdır, kralıdır.

Gülər: -Müəllim, mən qatral olmaq istərdim. istədiyim yerə uçardım. Həm də dağlarda yaşayardım, - dedi. 

Müəllim:- Əla, təşəkkür edirəm, - deyib rəğbətini bildirdi. 

Uşaqlardan kimisi dəvə olmaq istəyir, kimisi yarasa olmaq istəyir, kimisi vaşaq olmaq istəyir, kimisi buqələmun olmaq istəyir. Hər birinin də çox maraqlı səbəbləri var.

Sonda Nazlı dedi ki, müəllim, mən istəyirəm ki, biz də kərtənkələ kimi olaq.

Uşaqlar gülüşürlər.

Müəllim səbəbini soruşanda Nazlı dedi:—Müəllim, kərtənkələlər hansısa ətrafını itirəndə yenisi çıxır. Mən hər axşam Allah yalvarıram ki, ayağını, qolunu itirən qazilərimizin də ayaqları, qolları yenidən çıxsın.

Bütün sinifdə uşaqların siması dəyişdi. Nəfəs belə almırdılara. Tahir müəllimin deyəcəyi sözlər qəhərə dönüb boğazında düyünləndi. 

 Uşaqlar göz yaşlarını görməsin deyə pəncərədən çölə badı. Məktəbin həyətində şəhid bulağının üzərindəki üçrəngli bayrağımız qürurla dalğalanırdı. 

- Biz artıq qalibiyyəti dadmışıq. Bizi heç kim məğlub edə bilməz!!!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)