POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dərdi övladlığa götürmüşəm mən...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən daimi müəllifimiz, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nuridir. Bu dəfə o, “Dərdi övladlığa götürmüşəm mən...” söyləyir. 

Xoş mütaliələr.

 

Dərdi övladlığa götürmüşəm mən...

 

Salıb son ümidi itirmişəm mən,

Özüm də bilmirəm indi necəyəm.

Dərdi övladlığa götürmüşəm mən-

Onu balam kimi böyüdəcəyəm...

 

Çatıb  ağaclara  payızın səsi,

Yarpaqlar az qalır yerə düşməyə.

O son budaqdakı sərçə neynəsin

Başqa budaq yoxsa yer dəyişməyə?

 

Günəş istəyirəm - getmir bu axşam,

Sevinc qatarı da bizi götürmür.

İlahi, deyəsən ağır olmuşam-

Məni bu dünyanın gözü götürmür...

 

Sən elə bilirsən diriyəm, qızım,

Sənin də bir ümid bəxtinə düşüb.

Yaxşı ki, gələndə ,,qara kağız"ım

Oxuya bilməyən vaxtına düşüb.

 

...Salıb son ümidi  itirmişəm mən

Özüm də bilmirəm indi necəyəm.

Dərdi övladlığa götürmüşəm mən-

Onu balam kimi böyüdəcəyəm...

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2024)