RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Bunları deyib fasilə verdim.

Layiqə növbəti sualını verdi:

- Uşağın necə qaçırıldığını Sənubər bilir?

- Yox, baş verənləri maşında gələrkən Ağamirzədən öyrəndim. Onun qumarda iyirmi beş min manat uduzub bu pulu Sənubərdən tələb etdiyini, Sənubərin isə cəmi əlində olan altı mini ona təklif etdiyini bilirsən. Əli iyirmi beş mini almaqdan üzüləndə guya Sənubərin təklif etdiyi altı min manatı almağa razılaşıb. Bəlkə də, uşağı qaçırmaq fikrinə elə onda düşüb. Ya da, lap əvvəldən belə bir şeyi istisna etmirmiş, kim bilir. Hər halda ayın on biri Sənubərlə görüşəndə uşağın oxuduğu liseyin ünvanını soruşub. Deməli ehtiyat variant kimi bu planı hələ o vaxt gözdən keçirə bilərdi. Ağamirzə qaçacaq bir yerinin olmadığını, ödəyə bilməyəcəyi borca görə isə onu nələrin gözlədiyini gözəl başa düşürdü. Ona görə də məcbur olub uşağı qaçırmağa qərar verir. Sənubərə deyir ki, pulu uşaqla göndər. Guya həm də oğlunu görmək istəyirmiş. Uşağın nəsə bilməsi vacib deyil. Sadəcə paketi verib qayıdacaq. Sənubər tərəddüd etsə də, məcbur olub göndərir. Oğluna deyir ki, bu tanışıdır, borc istəyir, tezliklə qaytaracaq, amma atan bilməsin. Bu səbəbdən uşaq deyilən yerə gəlir və pulu vermək üçün arxayınlıqla maşına oturur. İşi quran Ağamirzə özü ora getmir, Cahandarı göndərir. Xəlvət həyətdə isə Cahandar maşınına oturmuş uşağı xüsusi məhlulla yatızdırıb bağına gətirir. Həmin həyətə gedib baxmaq imkanım olmadı. Amma təxmin edirəm ki, təsadüfi seçilməyib, çıxışları kameraların müşahidə dairəsinə düşməyən xəlvət bir həyət olmalıdır. Yəqin ki, sakit yaşayış massivlərindən birindədir. O ki qaldı Ağamirzəyə, daha məcburiyyətdən bu boyda riskə gedirsə, iyirmi beş yox, iki yüz min manat tələb etməyi qərara alır. Onsuz da, tutularsa hansı məbləği tələb etməsi heç nəyi dəyişməyəcəkdi. Adam oğurluğu adam oğurluğu kimi tövsif olunur.

Layiqə növbəti sualını verdi:

- Fikrimcə Ağamirzənin gecəki gözlənilməyən gəlişində Cahandar onu evə buraxıb əvvəlcə vəziyyətdən çıxış yolu axtarmalı idi. Onu öldürmək istəyirsə, istədiyi vaxt öldürə bilərdi. Bəs niyə dərhal silaha əl atdı? Bu tələskənliyini nə ilə izah edirsiz?

- Bunun cavabını sizi xəstəxanaya yola salandan sonra onun cib telefonunda tapdım. Belə məlum olur ki, heç də hər şeyi nəzərə ala bilməmişəm. Cahandarın telefonunda Ağamirzənin əli qandallı evdən çıxarıldığı barədə gəlmiş mesaj aşkar etdim. Görünür ev nəzarətdə imiş. Bunu təxmin etməliydim.

- Bəs indi necə olacaq, ortada iki meyit var. Biz də orada olmuşuq?

- Bununçün narahat olma. Mən orda elə-belə qalmadım ki. Məlumun olsun ki, hazırda orada vəziyyət belədir: Əvvəllər tanış olan iki keçmiş məhbus aralarında pul üstündə düşmüş mübahisə zamanı özlərində olan odlu silahlarla bir - birini güllələyiblər.

- Pul üstündə? - Layiqə təəccübünü gizlədə bilmədi. Hansı pul, niyə kimsə bu qənaətə gəlməlidir ki? Axı ortada heç bir pul - zad yox idi.

- Əlbəttə yox idi. Amma sonradan ortaya çıxdı. Hər ehtimala qarşı hansısa iz qalmaması üçün Cahandarın evinə baxış keçirəndə orada kağıza bukulmuş beş min səkkiz yüz manat pul tapdım. Bu Sənubərin oğlu ilə göndərdiyi altı min manat olmalı idi. Üstündən iki yüzlük götürülmüşdü. Çıxmamışdın qabaq o pulları meyitlərin yanına atdım. Bir hissəsini külək göyə sovurdu, amma çox hissəsini həyətə səpələdi. Bilirsən Layiqə, hər şeyi gecə ilə həll etmək qərarı verəndə ilk növbədə gözlənilməzlik faktorunu əsas götürmüşdüm. Bizə bir gün də vaxt verən cinayətkarlar qarşıdakı günün axşamını gözləyib arxayınlaşacaqdılar. Çünki yüz faiz Fərmanın həqiqətən də xəstəxanada olduğunu yoxlayıb öyrənmişdilər. Bu onları nisbətən arxayınlaşdırmışdı. Onlar belə bir riskə külli miqdarda pula görə getmişdilər. O pulu isə reanimasiyada yatan Fərmanın onlara gətirməsi mümkünsüz idi. Bunu başa düşürdülər. Yaranmış vəziyyəti izah edən Sənubər, bir gün vaxt verərlərsə, hər şeyi özünün həll edəcəyinə söz verib onlara. Elə Ağamirzənin həmin gecə araq içib şirin - şirin yatması da dediyim arxayınlığın sübutudur. Qapını qırıb onu «götürəndə» ağzından kəskin spirt iyi gəlirdi. Gözlənilməzlik faktoru ilə yanaşı, gecənin qaranlığı işimizi asanlaşdırırdı. Verilən bir gün vaxt bu gün axşam bitəcəkdi. Hər şeyi gecənin qaranlığında həll etmək üçün ikinci belə fürsətimiz olmayacaqdı. Həm də, uşağı Cahandarın gizlətdiyi fikrimdə möhkəmlənəndə sabahı gözləməməyi qərara aldım. Sonradan bunun da doğru qərar olduğu təsdiqləndi. Balaca Ağa axşama qədər orada qalsa idi, vəziyyəti nəzər alınarsa yəqin ki, onu itirəcəkdik. Əsas da bu üçüncü dediyim səbəbə görə tələsməliydim. Sənubərin Ağamirzənin əmisinin adına bağının olmasını xatırlaması hadisələri sürətləndirmiş oldu. Yeri gəlmişkən deyim ki, Ağamirzənin valideynlərinin evini satıb pulunun dalına keçən əmisi vaxtilə adına rəsmiləşdirilməsindən istifadə edib bağı da satdığa qoyubmuş. Satılması barədə orada vurulmuş dəmir lövhə pas atıb. Güman edirəm ki, lövhə ora çoxdan vurulub. Sadəcə ev bərbad halda olduğundan münasib müştəri tapa bilməyib. Ümumiyyətlə Bakı ətrafında illərlə satışda olan belə bağlar çoxdur. Bir əhvalat yadıma düşdü. Onu sənə danışım, sonra davam edək. Fatmayıda bağ evi olan bir tanışımla vaxtaşırı oraya dincəlməyə gedirdik. Valideynləri il boyu o bağda qalırdılar. Çox da mehriban adamlardı. Hələ ilk gəlişimdə darvazanın üstündə «25 sot satılır» yazılmış lövhə olduğunu görmüşdüm. Beləcə iyirmi ildən çox vaxt keçdi. Lövhə yerində, maraqlanan isə yox idi. Gəlişlərimin birində maşını həyətə salıb hamı ilə görüşdükdən sonra lövhəyə tərəf işarə edib dedim: O lövhəni dəyişin. Atası təəccüblə, - dəyişib nə yazaq, ay Bəxtiyar? - deyə soruşdu. Dedim yazın ki, - «25 ildir satılır».

Layiqənin dodağı qaçdı. Onun güldüyünü görüb dedim:

- Elə biz də o vaxt xeyli gülmüşdük. İndisə, qayıdaq söhbətimizə. Beləcə ora gedib Ağanı «götürdüm». Bu elə də çətin olmadı. Onu dinləyəndən sonra elə orada növbəti hərəkət planımı cızdım. Vəziyyət elə idi ki, həmin vaxt başqa nəsə qərar vermək mümkün deyildi. Ağanı «götürmüşdümsə», daha heç nəyi sonraya saxlamaq olmazdı. Cahandar bundan xəbər tutacaqdı. Onun yoxa çıxdığını görən «Molla» uşağı aradan götürüb, qaçıb gizlənə bilərdi. Ona görə də bu avantüralı plana getməli oldum. Əlbəttə, orada olanda mən belə fikirləşirdim. Həmin vaxt kiminsə evi güdüb hər şeyi gördüyünü və Cahandara onun əli qandallı aparıldığı barədə mesaj göndərdiyini bilmirdim. Cahandar belə işlərdə bişmiş bir canavar idi. Mesajı alandan sonra gedişatı izləməyi qərara alır. Ağamirzənin telefonda birtəhər qaçmışam deməsi ona azca ümid verir. Qazıdığı qəbir onsuz da hazır idi. Əminəm ki, o, Ağamirzənin həqiqətən də qaçdığını, arxasınca heç kimi gətirmədiyini yoxlayıb sonra onu öldürmək üçün həyətə çıxmışdı. Hər şey fikirləşdiyi kimi olarsa, bundan sonra evə qayıdıb uşağı da öldürəcək, hər ikisini basdırıb izləri itirməyə çalışacaqdı. Bunu yoxlamamış uşağı öldürmək təbii ki, ona heç nə verməyəcək, ifşa olunubsa, işini daha da ağırlaşdırmış olacaqdı. Onsuz da daha pulun əldən çıxdığını başa düşmüşdü. Həmin vaxt onunçün vacib olan şahid qoymamaq idi. Onun Ağamirzəyə qapını açacağına ümidim açıq deyim ki, əlli-əlliyə idi. Bu hal üçün də ehtiyat variantım var idi. Amma bildiyin kimi buna ehtiyac olmadı. Düzünü desəm, həmin vaxt belə asanlıqla qapını açması mənə qəribə gəlsə də, sonradan mesajı görəndə indi dediklərimin onun qapını açmasına səbəb olduğunu başa düşdüm və burada da hər şey yerini aldı. Əsas məqam isə Ağamirzənin «birtəhər qaçıb canımı qurtarmışam» deməsi oldu. Belə deməsini ona mən tapşırmışdım. Bir də ki, mesaj barədə məlumatım olmadığı üçün qandalları Ağamirzənin qollarından açmışdım. Bəlkə də o, əli qandallı olsa, sən deyən kimi evə keçib əvvəlcə söhbət edərdilər. Cahandar ağılsız adam deyildi, qaçdığını deyən şərikini əlləri açıq görəndə hər şeyi başa düşdü: Ağamirzə nə yollasa qaça, məsələn, özünü qəfildən maşından yerə atıb qaranlıqda gizlənə bilərdi. Amma qandalları köməksiz heç cürə aça bilməzdi. Cahandarın qapını açıb üç addım geri çəkilməsindən hər şeyi başa düşdüm. Təcrübəmdən bilirdim ki, belə edən adam qarşısındakını rahat vura bilməsi üçün mövqe seçir. Həm də o, qapının o biri tayında daha kimlərin dayandığını bilmirdi deyə ona müşahidə dairəsini genişlətmək üçün lazım idi bu. Bir sözlə, hələ silahını qaldırmamış onun nə edəcəyini bilirdim.

- Başa düşdüm, bəs orada qalan əl izlərimiz?

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)