Güney Azərbaycan Poeziyası Antologiyasında Behruz Sədiqin “Günahsız əllər” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Behruz Sədiqin şeirlərini təqdim edir.

 

 

Behruz Sədiq

Muğan

 

  

GÜNAHSIZ ƏLLƏR

 

Gülürdün

Uçurdu yuvasından

Göyərçin

Yaşamırdım Ölüm üçün.

Göy üzünü quşlar bəzəyirdi

Ürəyimi sən

İndi;

Yarpaqların

Ağnadığı vağamında

Kalavamın kandarında kəhildəyib

Səni payızlanıram

Səni,

Uzaqlaşdığım vətəni.

Bir gün

Bir gün

Bir gün

Torpaq utanacaq bulaqlığımdan

Ağaclar ağlağan payızlığımdan

Və saçın oxşayar “Gilavar”, yağış

Gilənar giləndə göyərən yağış

Mənim yoxluğumu qışqıracaqlar:

Onun əllərinin günahı yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)