“Boz” - Aysel Fikrətin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin elə bu günlərdə yazıb tamamladığı “Boz” adlı hekayəsini təqdim edir. 

 

Buludlar bu gün dünyanın üzünə pərdə kimi düşmüşdü. Yuxudan oyanmaq istəmirdi. Hər tərəf boz dünyaya bürünmüşdü. Yer- göy şəkil idi. Bu şəkillərdən birini götürən əllərini hiss etmirdi. Gecə çox içmişdi, bütün bədəni donmuş idi. Evin hər qarışından tənhalıq yağırdı, ruhu kimi evi də tör-töküntü içində idi.

Şəkillərdə uşaqlıq şəklinin ağlayan gözlərində keçmişə getdi. Hamıdan dala qalan, qaçanda yıxılan, yıxılıb yerindəcə yuvarlanan, tənbəl donuq baxışlarını gizlətməyə çalışan balaca vaxtına. Bəlkə də hər şey - elə butun gətirməzlik o günlərdən başladı. Atası onları atıb getdi, evdə tez -tez çırpılan qapılardan, ağlayan anasının səsindən qulaqlarını yastıqla tutub susduğu dövrlərdən...

Yadındadı ki, elə qəhrəman olmaq istəyirdi, kənddə babasının bir atı var idi, heç bir minvalla o atı minə bilmirdi, hər dəfə də yerə dəyirdi. Bu dəfə minib üstündə oturdu, əllərini qaldırıb sevincini dünyaya bəyan edən səslə bağırdi. Elə bu an at hürküb onu yerə çırpdı .

Şəkli kənara atdı. Yerlə bir şəkillər içində ailə şəkilləri də var idi, ata, ana, qardaşları - şəkillərdə olan heç kim sağ deyildi. Üşütməyə başladı. Evdə olarkən onu görməzdən gələn doğmalarını görmək,  onlara toxunmaq istədi.

Şəkli üzünə tutub ağlamağa başladı. Hönkürtüsü göylərə əks olundu. Ağacların üzrərindən quşlar uçub yerlərini dəyişdi, həyətdə oynayan körpələr analarına tərəf qaçdılar.

Evin içində vargəl etdi. Balaca, divarları saralmış evində əşya əlindən tərpənmək olmurdu.

Anası  öldükdə  onu evdən qovdular, içkili olduğundan dərk etmirdi nə olur. Həm də aciz idi. Susub evdən çıxdı, amma səhər gəlib anasının əşyalarını bir-bir daşıdı. Onu evdən əşya daşımağa gələndə hec kim danışdırmırdı. Əmisinin balaca komasına köçdü, əşyaları üst-üstə yığdı. Köhnə ev əşyalarından bu komada yer olmadi, yarısı həyətdə qaldı.

Bir müddət sonra evlərinə yenə getdi. Kilidi dəyişmişdilər, evin içində yad adamlar var idi, əmi də evi satıb harasa toz olmuşdu.

Bomboz görmüşdü dünyanı. Onda kor-peşman evə dönüb yenə içməyə başlamışdı. Əvvəllər işə də gedirdi. Şəkillərin biri küləklə yerini dəyişdi.

Şəkildə bir qızla dənizə baxırdı. Onu sevmişdi ya yox, bilmirdi indi, amma həmin gün çox xoşbəxt idilər.

Birgə nahar edib gecəni də elə qızgildə qaldılar. Özünü tam xoşbəxt, həyatda hər şeyə qadir bir insan kimi saydığı an isə qıza zəng edən nişanlısının səsinə oyanmışdı. Qız onu o günün səhərisi olduqdan sonra heç axtarmadı. Onun üzündə olan kədəri, peşmanlığı da görmədi. Həmin gün evə yox, dəniz tərəfə getdi. Sevginin sorğu-sualını dənizlə çəkdi. Dəniz yəqin ki, ona bir doğru söz deyə bilmədi, çünki dəniz özü də sevginin nə olduğunu bilmirdi. Sevgi heç bir zaman onun qəlbini döymədi.

Ayağa durub yenə ora-bura gəzdi. İşləri yaxşı gedərdi bəlkə. İş həyatında layihələr qururdu. Özünü təsdiq etmək istəyirdi. Əlbəttə o vaxtlar  evdə onu görmürdülər, amma işdə uğuru da az olmurdu. Yalnız axırda bütün uğurların bir qəhrəmanı olurdu, o da mudirin kürəkəni. Bir gün kürəkən içəri girib:- Gəl səninlə bir iş quraq- demisdi. 

- Sən layihəni mənə ver, mən də sənin o biri işlərində kömək olum. Müdür qaynatamdı, sözümdən çıxmaz, - demişdi .

O da gözünün nurunu tökdüyü işini elə-belə bir quru sözə satmışdı.

Bir gün də ayılıb görmüşdü ki, illərlə kağız üzərində qalan layihə, budur, həyata kecir, amma yaradıcı kürəkəndi, o yox. Yavaş- yavaş kölgədə qalıb işdən də çıxarılanda da hec kimə bir söz demədi həmin gün, qəbir üstünə gedib anasını sorğuladı. Onu niyə dünyaya gətirdilər, bu dünyada haqq yoxdusa o burda ne edir? Bir sürü sentimental göz yaşıyla sözlər deyib hətta  atasına nə qədər nifrət etdiyini də dilə getirmiş, ağlamışdı da həmin gün.

Sonra üç-beş manat pul qarşılığında tərcümələr etdi və bir müddət dolandı. İnsanlardan qaçar, telefon belə işlətməzdi. Bir gün bütun bunlardan bezib, özünü öldürmək qərarına gəldi. İçki alıb evə gəldi, yeyib, içdi. Sonra şəkilləri yerə töküb, bir daha həyatını incələdi. Gördü yox, bir işə yaramayıb ömrü də. Bu zibil həyata son qoymaqla, axır ki, həyatda bir müsbət is görəcəyinə tam ruhuyla qərar verdi. Qalıb mubarizə də apara bilərdi. Yalnız yaşından utandı. 49 yaşına qədər bu qədər aciz yaşamağından xəcalət çəkdi.

Körpünün üstündə xeyli adam var idi.

Evin açarlarını yavaşça əlində firlada -firlada körpudə gəzişməyə başladı.

Əvvəlcə əyilib hündürlüyü yoxladı. Çox yüksək idi, burdan düşən sağ çıxmaz. Yüksəkliyi və kimsənin görüb görmədiyini  bilmək ucun açarları hündürlükdən yerə tulladı. Heç kim onu görmürdü.

Uzaqdan işartı görünməyə başladı. Bir çox adamın bir-birinə sığınıb gələn izdihamı onu çasdirdi .

Az keçmədi, üç-dörd üzü bağlı, qapqara geyimli insan oranı bürüdü. Hamıya yerə yatmağı əmr etdilər. Hər kəsdən birinci o yerə uzanıb taleyini qarğadi.

- Ay Allah - dedi, -bu nə zülmdür ki, mən çəkirəm.

Adamlar körpuyə partladıcı atdılar və var gücləri ilə uzaqlaşdılar. Qaçmağa çalışdı. Qışqırığın içində qulaq batıran partlayış oldu.

Səhər butun TV-lər, jurnalistlər hadisə yerində idi. Dağıntılardan yerə tökulmuş qırıntılar incilənirdi. Açarları tapan əməkdaş istintaq aparan nümayəndəyə yaxınlaşdı.

Orda olan insanların siyahısı tutuldu. Onu axtaran yox idi deye, adı heç yerdə qeyd olunmurdu.

Allah onun adını da bu dunyaya qıymamışdı. Bilmirəm indi o hardadı. Göyün üzü bomboz idi. Sanki göyə sovrulan insan külündən göyün üzü də tutqun idi. Onun səsi gəlmirdi. İlk dəfə olaraq daxilində danışan adam susmuşdu.

Çəkisiz, gücsüz olmuşdu. Küləklə sovrulan şəkillər kimi… aciz də olsa daha azad və xoşbəxt.

Bəzən bizi görmürlər. Yalnız biz bir yerdən hardansa özümüzdə rəng tapıb bir şəkildə bir-birimizə görünürük, bu yalan dünyanın sevgisinə, gərdişinə bir şans veririk. Biz bu, əslində heçdən yaranan dünyanın yalan atributları ola bilirik. O isə bunu bacarmadı. Allahın yaratdığı kimi də qaldı. Hər şeyindən imtina edib tək yaradanın sevgisini qazandı.

Boz, bomboz üzünü götürüb işığa doğru getdi..

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)