POETİK QİRAƏTdə Rəbiqə Nazimqızının “Bir də baxırsan ki...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə Rəbiqə Nazimqızının dünənki debütü uğurlu alındı, bu gün yenə odur, o düşündürür və təəccübləndirir. Süjetli poeziya, bitkin kompozisiya. 

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Bir də baxırsan ki...

 

Bir də baxırsan ki, inad şığıyır,

Hikkə çiliklənir sevginin üstə.

Bir də baxırsan ki, qolların sınır,

Bir də baxırsan ki, qucağın xəstə.

 

Bir də görürsən ki, ürək yem olub

Canına daraşan ayrılıqlara.

Bir də baxırsan ki, qınaq cəm olub,

"Sən üstəgəl mənlə" düzəlmir ara.

 

Bir də baxırsan ki, sırğası ağır

Tənələr düzülüb qulaqlarından.

Bir də baxırsan ki, ürəyin axır:

Bir xoş söz çıxaydı dodaqlarından.

 

Bir də görürsən ki, sevinc qalmayıb,

Bir də görürsən ki, hər yer gileydi.

Bir də görürsən ki, səni qınayıb,

Sən də qınayırsan: "kaş ki biləydi".

 

Bir də görürsən ki, sel içindəsən,

Saman çöplərini sanamaq olmur.

Bir də baxırsan ki, sən yenə təksən,

Taleyi, qisməti yamamaq olmur.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2024)