VAQİF YUSİFLİ, “Yeni ədəbi nəslin ədəbi tənqidi” Featured

“Ədəbiyyat və incəsənət” portalı görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsinin ilk 4 hissəsini sizlərə təqdim etmişdi. Ədəbi nəsillərə bir gəlişmə;İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında və Poeziya; Proza.

Bu günsə sizə Ədəbi tənqid bölümünü təqdim edəcəyik.

 

 

 Tənqid

 

“Yeni nəsil: tənqid” sayında biz gənc tənqidçi adına cəmi 5 yazıda təsadüf etdik. Elnarə Qaragözova, Gülnar Səma, Mehman Həsənli, Nərgiz İsmayılova və Ülvi Babasoy. Əlbəttə, daha hansı gənc tənqidçilərin yazılarını bu sayda izləyə bilərdik. Amma bununla kəmiyyət məsələsi düzələcəkdimi?

Səbəb nədir? Niyə gənc şairlərin sayı az qala həndəsi silsilə təşkil edir, gənc nasirlərin sayı da yetərincədir. Bəs niyə gənc tənqidçilər deyəndə yalnız barmaqlarımızı sayırıq? “Yetmişinci illərin, səksəninci illərin ədəbi prosesi parlaq bir tənqidçilər nəsli yetişdirdi”. Unudulmaz Aydın Məmmədov, Kamil Vəliyev, Nadir Cabbarov, Vaqif Yusifli, Vilayət Quliyev, Kamal Abdulla, Şirindil Alışanlı,  Rəhim Əliyev, Nizaməddin Şəmisizadə, Qurban Bayramov, İlham Rəhimli, Məryəm Əlizadə, Nizami Cəfərov, Arif Məmmədov (Elçin Əfəndiyevin Vaqif Yusifliyə həsr etdiyi “Tənqidimizin  zəhmətkeşi” məqaləsindən).

Doxsanıncı illərdə, daha sonra iki mininci illərdə də ədəbi tənqidə yeni qüvvələr gəldi: Məti Osmanoğlu, Cavanşir Yusifli, Əsəd Cahangir, Tehran Əlişanoğlu, Nərgiz Cabbarlı, İradə Musayeva, Bəsti Əlibəyli, Südabə Ağabalayeva, Elnarə Akimova, Rüstəm Kamal, Aydın Talıbzadə... Yenə eyni sual: Bəs nə səbəbdən ədəbi tənqiddə yeni müəlliflərin sayı azdır? Bu ilk növbədə ali məktəblərdə filologiya fakültələrində tənqid kurslarının təşkili ilə əlaqəlidirmi? Bəlkə, Yazıçılar Birliyində axtaraq? Bəlkə, qəzet və jurnallarda tənqidçilərə diqqətin ayrılmadığını səbəb gətirək? Hər halda, bu məsələ kompleks araşdırılmalıdır.

“Ulduz”un “Yeni nəsil: Tənqid” sayında dərc olunan yazılara gəldikdə heç olmayan yerdə Gülnar Səmanın müasir yazarlara həsr etdiyi məqaləsi, Ramil Mərzilinin “Qadağan olunmuş şeirləri”, Mehman Həsənlinin Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik”, Ülvi Babasoyun esseləri, Nərgiz İsmayılovanın “Bir qış gecəsi əgər bir yolçu” yazılarını təqdir edirik. Xüsusilə Nərgiz İsmayılovanı müasir gənc tənqidin istedadlı bir nümayəndəsi hesab edirik.

Vəssalam! Bizim “Ulduz” jurnalında yeni nəslin ədəbi tənqidi yaradıcılığını əks etdirən yazılarla bağlı söhbətimiz də burada tamamlanır.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)