ƏN YENİ POEZİYA: “Gəl bir yaxşı şəklimi çək…”, Nazim Əhmədli Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Nazim Əhmədli  “Gəl bir yaxşı şəklimi çək…” söyləyəcək.  Şeirin yazılma tarixi: 07.08.2024.

 

 

Payızın saçı sarıdı,

gözlərindən ayaz damır;

gün keçir, ömür atdanır,

saçlarıma bəyaz damır;

 

buludlar ilmə-ilmədi,

payız üzümə gülmədi;

yüz illər tapa bilmədim

özümə oxşar adamı;

 

bu ocaq köz-köz qaralır,

ürəyimdə söz qaralır;

elə bil hər yer qar olur,

günəş qızdırmır odamı;

 

 nə qaldı bu gələn qışa,

yollar dirənib yoxuşa;

bir bulağa, ya bir daşa,

bir yarpağa yaz, adımı;

 

 yol uzanır, sonda itir,

qaranlıqlar danda itir;

kəlmə-kəlmə, sətir-sətir,

əriyir könlümün şamı;

 

göy üzü gömgöy şüşətək,

gəl, bir yaxşı şəklimi çək;

ulduzlar yerə düşəcək,

bir sərin payız axşamı.

 

Ədəbiyyat və incəsənət”

(13.08.2024)