VAQİF YUSİFLİ, “Yeni ədəbi nəslin prozası” Featured

“Ədəbiyyat və incəsənət” portalı görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsinin ilk 3 hissəsini sizlərə təqdim etmişdi. Ədəbi nəsillərə bir gəlişmə;İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında və Poeziya.

Bu günsə sizə Proza bölümünü təqdim edəcəyik.

 

 

“Ulduz”un gənc Azərbaycan nasirlərinə həsr etdiyi sayda ancaq onların hekayələrinə yer verilib. Bu da təbiidir. Hekayə, nəsr janrları içərisində həcminə görə ən kiçiyidir. İkincisi tanınmış yazıçıların yaradıcılıq yolunu izlədikdə onların ilkin olaraq hekayəyə müraciət etdiklərinin şahidi oluruq. (Mirzə İbrahimovun, Mir Cəlalın, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının, Yusif Səmədoğlunun, Anarın, Elçinin, İsa Məlikzadənin, Afaq Məsudun,  Məmməd Orucun ədəbiyyata gəlişi məhz hekayə ilə başlanıb).

Böyük qırğız yazıçısı, dünya şöhrətli Çingiz Aytmatov məqalələrinin birində yazırdı: “Hekayəni damla ilə müqayisə etmək olar. Lakin bu damlalarsız okean ola bilməz. Mənim fikrimcə, hekayə dövrün mozaikasıdır. Mozaika isə, məlum olduğu kimi, xırda və zərif hissəciklərdən ibarətdir. Hekayə həmçinin qravüraya bənzəyir.  Yazıçı əməyindəki ifadə vasitələri – zəriflik, maksimum yığcamlıq, detalların dəqiqliyi də qravüranı xatırladır”.

Böyük ədibimiz Mir Cəlal Paşayev isə yazırdı: “Hekayənin əsasını xarakterik bir hadisə, yığcam bir süjet,  ümumiləşdirici bir mətləb, şirin, sadə söyləmə üsulu təşkil edir”.

Gəlin, bu meyarlarla bizim gənc nasirlərin hekayələrinə müraciət edək. Əlbəttə, “Proza” sayında təqdim edilən hekayələrin heç də hamısı bu meyarlara cavab vermir, amma biz sözün əsl mənasında HEKAYƏ adını doğruldan nümunələrdən söz açacayıq.

Nadir Yalçının “Nina Nikolayevna” və “Səfər müəllimə nəsə olub”, Həmid Piriyevin “Şanapipik haqqında mahnı”, “Şaftalı çiçəkləri fəsli”, Furqanın “Mustafa Həbibzadənin meyidinin mən oğurlamışam”, “Yeni dünya düzəni” hekayələri, fikrimizcə, janrın tələblərinə az-çox cavab verir. Nadir Yalçın “Nina Nikolayevna” hekayəsində xarakterk bir obraz yaradır. “Kafir qızı” Nina bir müsəlman ailəsinin gəlini olur. Təbii ki, bu müsəlman ailəsində hamı ona yad nəzərlə baxır və günlərin bir günü məlum olur ki, onun boynunda xaç var. Kəndin şəriət “aşiqləri” şikayətə gəlirlər, onun boynundakı xaç qeybə çəkilir. Nina müsəlmanlığı qəbul edir və getdikcə kəndin müsəlman qadınlarından seçilmir. Amma o öləndən sonra məlum olur ki, xaçı  saçlarının arasında gizlədib: “Nina... O necə də sədaqətli idi. Ninanın saçı ölüncə nazilmədi, təravətdən düşmədi, həmişə gur, qıvrım-qıvrım dalğalandı”.

Maraqlı hekayədir, – deməkdən özümüzü saxlamırıq. “Xarakterik bir hadisə”, “Ümumiləşdirici mətləb”,  “Sadə, şirin təhkiyə” – bir az da novella janrını xatırladır.

Nadir Yalçının ikinci hekayəsi də maraqlı süjet əsasında qurulub. Səfər müəllimin qardaşının faciəsi ilə bağlı söylədikləri çox təsirlidir. Amma bu hekayədə (xüsusilə, başlanğıcda) artıq təsvirlər, süjetlə bağlı olmayan hissələr də diqqətdən yayınmır. Ümumiyyətlə,  Nadir Yalçının istedadlı bir hekayəçi kimi formalaşmağına inanırıq. Həmid Piriyevin “Şanapipik haqqında mahnı” hekayəsində müəlifin kənd həyatına, kəndçi xarakterinə, adət-ənənələrə bələd olduğu aydın görünür. Hər bir abzasda müəlifin koloritli, şirəli dili hiss olunur. Amma bununla yanaşı, müəllifə sual verməli oluruq: hər şey (təsvirlər, adamlar, onların səciyyəsi) yerli-yerində, amma onun təsvir elədiyi kənd bu günün kəndidirmi?

Digər hekayələr haqqında da qısaca söz açaq. Furqanın “Mustafa Həbibzadənin meyidinin mən oğurlamışam” və “Yeni dünya düzəni” hekayələrində xoşagələn cəhət odur ki, bu hekayələrdə müəllif kompozisiya bitkinliyinə riayət edib. Nihat Pirin “Bir kəndin manifesti” hekayəsi haqqında  da eyni fikri söyləyə bilərik. Müəllif kənd həyatının xarakterik bir yönünü – dini xurafatı, insanların etiqadını, inamını təhkiyə hədəfinə çevirir. Yumor hissi ilə ciddilik bir-birini əvəz edir.

Ümumiyyətlə, gənc nasirlər arasında hekayənin həcmi ilə bağlı iki meyil diqqəti cəlb edir. Cavanların bir qismi, məsələn, Orxan Həsəni, Həmid Piriyev, Orxan Çuvarlı uzun hekayə  yazırlar, amma Nadir Yalçının, Təvəkkül Boysunarın, Orxan Saffarinin, Rəvan Cavidin hekayələri həcmcə qısa və yığcamdır. Əlbəttə, hekayənin həcmi heç də onun bədii dəyərini təyin edə bilməz, amma “uzun” hekayələr içində elələri olur ki,  təfsilatlar həddini aşır, müəllif qayəsi uzunçuluğa, yoruculuğa meydan verir. Yaxşı hekayədə hər şey obrazların və hadisələrin təsviri, ölçülü-biçili olmalıdır – nə uzunçuluğa yol verib həddini aşasan, nə də hekayə qısa olsun deyə, normativ meyarı kiçildəsən. Bu baxımdan Rəvan Cavidin “Dəvələr, atlar, şarlar” və “Xudavi” hekayələrini (həmçinin öncə təqdir etdiyimiz digər hekayələri) Çexov və Mirzə Cəlil üslubuna uyğun hesab edirik.

 

Nəhayət, araşdırmanın sonuncu ədəbi tənqid hissəsini isə sabah diqqətinizə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)