POETİK QİRAƏTdə Əlizadə Nurinin “Darıxmağın rəsmi...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Yuxuma dağıtmısan,

Saçının yumşağını.

Sən yoxsan, kim böyütsün

Bu sevda uşağını?

 

Yol tapıb çıxa bilmir,

Bu tinim, bu dalanım.

Mən sevgi qaçqınıyam-

Gəl, səndə daldalanım...

 

Bu yolu göndərmisən,

Sən mənə azmaq üçün?

Ürəyim bir divarmış

Şəklini asmaq üçün.

 

Ümidim körpə kimi,

Ağlayır  qundağında.

Arzularım can verir

Kədərin qucağında.

 

Hardasan,hardan bilim,

Mən hara üz döndərim?-

Darıxmağın rəsmini

Çəkib sənə göndərim.

 

Özün məndən uzaqsan,

Kölgən keçir yanımdan.

Adına soyuq dəyər

Düşmə dodaqlarımdan...

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2024)