RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

 

Ağamirzə fikrə getdi.

- Bəs, əgər yalan deyirsənsə?

Üzümü ona tutub dedim:

- Sənin azca da ağlın varsa, başa düşməlisən ki, mən buraya gələrkən artıq Cahandarın kimliyini öyrənə bilmişəm. Adamım da hazırda orada müşahidə aparır.

Saata baxdım. Dördə iyirmi beş dəqiqə qalırdı. Tələsmək lazım idi. Cahandarın evinin qapı-pəncərəsinin möhkəm olması oraya asanlıqla daxil olmaq imkanlarımı sıfıra endirirdi. Üstəlik, ev sahibi qazdan ayıq biri idi. Onun da Ağamirzə kimi araq içib yatdığına heç inamım yox idi. Cahandar kimi bu işlərdə bişmiş biri evində oğurlanmış adam saxladığı halda sayıqlığı heç vaxt əldən verməz. Ağlıma bir fikir gəlmişdi. O qapını elə Ağamirzəyə açdıracaqdım. İndi söhbəti uzaqdan başlayıb ona gətirirdim. Artıq iradəsini tam sındırdığım «əsirimə» dedim:

- Onun bağı buradan çox uzaqdadı?

- Yox, piyada da getmək olar.

- Sənin pulu alana qədər oraya hansısa səbəbdən getməyin planlaşdırılıb aranızda?

- Yox. Mən pul verilənə qədər burada qalmalıyam.

- Bəs oraya getməyin üçün plandankənar hansı səbəb ola bilər?

- Elə bir şey ağlıma gəlmir.

- Onda mənə qulaq as deyim.

* * *

 Layiqə qaranlıq küçədə, kirayəyə götürdüyü «Toyota Korolla» markalı maşında oturub ətrafı dinləyə bilməsi üçün öz tərəfindəki şüşəni azca aşağı endirmişdi. Sənubər arxa oturacaqda oturmuşdu. Heç biri danışmırdı. Ətrafda da sakitlik idi. Bu sakitliyi bir az əvvəl başlayan və yavaş - yavaş güclənən küləyin vıyıltısı, bir də haradasa hərdən ulayan bayquşun səsi pozurdu. Gecənin bu saatında yalnız bağ evləri olan küçədə bir adam da gözə dəymirdi.

Buradakı lazım olan ünvanı tapandan sonra maşını təxminən on beş metr kənarda saxlayıb əvvəlcə küçədə müşahidə aparmışdı. Ətrafdakı evlərin heç birində işıq yanmadığına əmin olub sonra qonşu bağın hasarından içəri aşmışdı. Həmin bağın Cahandarın həyətinə bitişik divarından baxıb lazım olanları öyrənmişdi. Tam qaranlıq olan bağda diqqətlə qulaq asanda evin arxa tərəfindən səs gəldiyini eşitmiş, bir qədər yerini dəyişib səsin nə səs olduğunu müəyyən etmişdi. Kimsə evin arxasındakı geniş sahənin tən ortasında yeri qazırdı. Zəif ay işığında adamın sinəsinə qədər çalanın içində olduğu görünürdü. Amma o yenə də qazımağa davam edirdi. Təxminən qırx dəqiqə də qazdıqdan sonra oradan çıxan adamı görəndə Layiqə qeyri - ixtiyari diksinmişdi. Əlində bel tutub dayanmış yekəpər adamın ay işığında görünən silueti həqiqətən çox qorxunc idi. Yadına Bəxtiyarın sözləri düşdü: Ehtiyatlı ol, adam çox təhlükəlidir, boyu da iki metrə çatır. Şübhə yox idi, bu müşahidə apardığı bağın sahibi, onlara lazım olan adam idi. Amma gecənin bu vaxtı, qaranlıq bağda dayanmadan işləyib belə dərin çala qazması onun nəyinə lazım idi? Məlum məsələ idi ki, niyyəti yaxşı deyildi. Adamın beli kənara atıb evə keçdiyini görəndə gəldiyi yolla hasardan aşıb maşına qayıtmış,  gördüklərini zəng edib şefinə demişdi. Bundan sonra telefonuna gəlmiş mesajla şefinin maşınının olduğu yeri tapmış, Sənubəri götürüb buraya qayıtmışdı. İndi o, Bəxtiyardan gələcək növbəti tapşırığı gözləyirdi. Hələ ki, səssiz rejimə qoyub ekran işığını minimuma qədər azaltdığı telefonu susurdu. Haradasa yenə də bayquş uladı. Layiqə əli ilə belindəki qaz tapançasını yoxlayıb yerində qurdalandı. İndi əsas məsələ yuxuya getməmək idi.

* * *

 Əllərini arxadan qandalladığım Ağamirzənin boynunu büküb mənə baxdığını görəndə davam etdim:

- İndi səninlə Cahandarın bağına gedirik. Ora çatanda nə edəcəyini deyəcəm.

- Bunu etmək olmaz, o hər şeyi başa düşəcək.

- Bilirəm, ancaq başqa yolumuz yoxdur.

- O məni öldürər.

Ağamirzənin səsində açıq-aşkar qorxu hiss olundu.

- O səni onsuz da sağ qoymayacaqdı. Mən isə sənə sağ qalmaq şansı verirəm. İndi əsas məsələ balaca Ağanı xilas etməkdir. Sənin barəndə sonra qərar verərik.

Uşağın adını çəkəndə onun bir anlıq diksindiyi gözümdən qaçmadı. Ancaq yenə də Cahandarın qarşısındakı qorxusu ona güc gəlirdi. Mənə inamsız baxdığını görüb əlavə etdim:

- Narahat olma. Mən yaxında olacam. Buna imkan vermərəm. Mənə təkcə onu evdən çıxarmağın lazımdır. Qalanı ilə sənin işin olmasın.

- Elə isə gedək. Təki uşağa bir şey olmasın.

Bunları deyib Ağamirzənin əllərini arxadan açıb ön tərəfdən qandalladım. Masanın üstünə qoyduğu köhnə mobil telefon aparatını götürüb cibimə qoyduqdan sonra birlikdə həyətə, oradan da küçəyə çıxıb maşını saxladığım yerə gəldik. Sənubəri aparan Layiqə açarları əvvəlki yerinə qoymuşdu. Əvvəlcə sağ tərəfdəki qapını açıb onun oturmasını gözlədim. Sonra sükan arxasına keçib mühərriki işə saldım. Onun göstərdiyi torpaq yollarla bağların arasından keçib bir azdan lazım olan ünvana çatdıq. Layiqənin maşını bir qədər irəlidə saxladığını bilirdim. Ağamirzə bağın qapısını nişan verəndən sonra irəli sürüb onun dayandığı yerdə saxladım. Ona maşında qalmasını tapşırıb düşdüm. «Toyota Korolla» markalı maşının sağ qabaq qapısını açıb salona baxdım. Layiqə sükan arxasında, Sənubər isə arxa oturacaqda oturmuşdular. Onlara qısa təlimat verdim:

- Sənubər xanım, siz burada qalırsız. Nə olur olsun, maşından düşməyəsiz. Layiqə, sən mənimlə gəlirsən.

Layiqə cəld maşından düşüb yanıma gəldi. Ona qısaca, Sənubər eşitmədən nə edəcəyini başa saldım. Sonra öz maşınıma yaxınlaşıb qapısını açdım və Ağamirzəni yerə düşürtdüm. Qandalları onun qollarından çıxarıb Layiqəyə verdim. Ağamirzə bir anlıq çaşqın-çaşqın «Toyota»nın yanında dayanmış Layiqəyə baxıb başını aşağı saldı. Görünür gecənin bu vaxtı buraya qədər gəlib onu yatdığı yerdə yaxalamış, hələ də kim olduğundan baş açmadığı adamın yanında bir qadının da olduğu ona çox təəccüblü gəlmişdi. İrəlidə biz, arxamızca Layiqə səs salmadan, ehtiyatla Cahandarın bağına tərəf getdik. Qapıya çatanda cibimdən Ağamirzənin telefonunu çıxarıb ona verdim. Cahandara nə deyəcəyini ona yolda başa salmışdım. Bütün bu müddətdə Layiqə qaça bilməməsi üçün Ağamirzəni tapançasının nişangahında saxlayacaqdı. Onun «Molla»dan necə qorxduğunu görəndə bu ehtimalı istisna etməmişdim. Adamın ona tuşlanmış tapançanın qaz tapançası olduğunu bilməsi vacib deyildi. Hər halda bu tapança da onun qaçmasının qarşısını almağa kifayət edirdi. İndi əvvəlcə mən əgər Cahandar həyətə çıxarsa, onu bir an da gözdən qoymamaq üçün lazımi mövqe seçib yaxşıca gizlənməli, sonra işarəmlə o, zəng etməli idi. Bağın divarının lap yanında bitmiş iri iydə ağacı kamuflyaj üçün əla yer idi. Yarpağını töksə də, sıx budaqları qaranlıqda məni tam gizlədə bilərdi. Bir anda ağaca dırmaşdım. Bir qədər əvvəl zəif əsən külək əməlli - başlı güclənmiş, iydə ağacının budaqlarını tərpədib hərdən üzümə çırpırdı. Buna əhəmiyyət verməyib həyəti mümkün qədər gözdən keçirdim. Sonra Ağamirzədən götürdüyüm naqanı cibimdən çıxarıb çaxmağını dabana çəkdim və əlimlə işarə verdim. Bunu görən Ağamirzə əlində hazır tutduğu telefonun düyməsini basdı. Köhnə aparatın ekranı işıqlandı. Bir qədər aralıda dayanmış Layiqə silahını qaldırıb Ağamirzəyə tuşladı. Başlandı! Yaxın bir neçə dəqiqədə hər şey məlum olacaqdı. Məni narahat edən, tülküdən də bic olan «Molla»nın evə qapanıb çıxmaması idi. Məcburiyyətdən qısa müddətdə qurduğum planın yeganə zəif bəndi bu idi. Əgər belə olarsa, onu danışıqlara çəkməkdən başqa çarəm qalmırdı. Cahandar ağıllı adam idi və evə qapanmasının yalnız ilk bir saatda ona nəsə verə biləcəyini təxmin edəcəkdi. Bu ona hansısa şərtlərini irəli sürmək, yaxud çıxış koridoru istəmək üçün lazım olardı. Sonrakı saatlarda barrikada qurub evdə qalmağının ona heç nə verməyəcəyi məlum məsələ idi. Ona görə də, hər şey istədiyim kimi getməzsə və əgər o, evdən çıxmazsa, bu varianta onu inandıracağıma əmin idim. Təki uşağı sağ - salamat qaytarmağa razı olaydı. Özü hara cəhənnəm olur olsun. Onunla sonra da məşğul olmaq olar.

Yaranmış ani sükutu Ağamirzənin xırıltılı səsi pozdu: Mənim yerimi öyrəniblər. Birtəhər qaçıb canımı qurtarmışam. Burdayam, tez gəl qapını aç.

Telefonun o başında uzun sükut yarandı. Ağamirzənin mənə tərəf baxıb başını yelləməsindən Cahandarın susduğu aydın olurdu. Gözlərimi evin mən olduğum tərəfə baxan pəncərələrindən ayırmırdım. Sükut xeyli uzandı. Görünür ev sahibi yaranmış bu fors - major vəziyyətdə necə hərəkət edəcəyini götür - qoy edirdi. Birdən pəncərənin birində hərəkət edən zəif parıltı göründü. Bu telefon aparatından düşən işıq idi. Deyəsən, telefonu əlində tutmuş adam qapıya tərəf gəlirdi. Yəni o qapını açmağa gəlir? Əzələlərimin necə gərildiyini hiss etdim. Saniyələri sayırdım: Bir saniyə, iki saniyə, üç, dörd. Şaqqıldayan qıfılın get - gedə şiddətlənən küləyin yaratdığı vıyıltıya qarışan səsi qulağıma dəyəndə rahat nəfəs aldım. Deyəsən planımın ehtiyat variantına ehtiyac olmayacaqdı. Bunun ardınca qapı yavaş-yavaş açılmağa başladı. Ehtiyatla evdən çıxıb ətrafa boylanan adam tez - tez sağa - sola baxa - baxa asta addımlarla küçə qapısına tərəf gəlməyə başladı. Gizləndiyim ağac qapıdan cəmi üçcə metr sağ tərəfdə idi. Ona görə də demək olar ki, «Molla» birbaşa mənimlə üzbəüz gəlirdi. Elə bu səbəbdən yeriyərkən sağ əlini yellətmədiyi diqqətimi çəkdi. Hərif əlində silah tutmuşdu. Bu əlbəttə gözlənilən idi. İndi maksimum diqqətli olub onun artıq bir hərəkət etməsinə imkan verməməliydim. Qapının çöl tərəfində dayanmış, qorxusundan və soyuqdan tir - tir əsən Ağamirzə ilə bu əsən küləyin vıyıltısının mənim üçün heç bir fərqi yox idi. Ancaq mən ona heç nə olmayacağına söz vermişdim. Sözümü isə həmişə tutmuşam. Cahandar qapıya yaxınlaşırdı. Bir addım qalmış dayanıb yenə ətrafı gözdən keçirdi. Sonra əlini uzadıb qapının cəftəsini açdı və üç addım geri çəkildi. Bu üç addım mənim üçün həyəcan təbili idi. Əlimdə tutduğum silahın dəstəyini möhkəm sıxdım. Cahandar çəkilib yerini bərkitdikdən sonra yoğun səslə dedi:

- Gəl içəri.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)