POETİK QİRAƏTdə Əlizadə Nurinin, ”Dünya bir uşağındı...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Dünya bir uşağındı...

 

Yerdən göyə yol uzaqdı,

Göydən yerə yaxındı.

Yağış hansı buludundu?-

Ürəyi yumşağındı.

 

Yağışdı da yağıb gedir,

O qız yağan bu yağışı.

Saçlarına taxıb gedir...

...Adamlar da axıb gedir-

Hamı axın-axındı...

 

Kim çağırdı qəssabları?

Kim apardı hesabları?

O payızın xatirəsi,

Bu ağacın əzabları 

Sonuncu yarpağındı.

 

Tanrım, bunu nədən cızdın?-

Halal olanlar halsızdı.

Yerdəki rəsmin o qızdı

Göydə- göy qurşağındı.

 

Əlim də gəlmir oyadam, 

Bu yuxudan, bu röyadan.

...Xəbəri yoxdu dünyadan-

Dünya bu uşağındı...

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)