“Ağ duvaqlı duman kimi gəlmisən…” UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Ayaz

Arabaçıdandır. O da çox içdən yazır, çox kövrəldir, duyğulandırır. 

Xoş mütaliələr! 

 

 

Ağ duvaqlı duman kimi gəlmisən,

Bütün gecə çıxmamısan yuxumdan.

Gözlərimi yuman kimi gəlmisən,

Bütün gecə çıxmamısan yuxumdan. 

 

Məəttələm bu sevdanın oynuna,

Yol almısan xəyallardan qoynuma,

Uşaq kimi sarılmısan boynuma,

Bütün gecə çıxmamısan yuxumdan. 

 

Birdən-birə çiçəkləyib linc əlim, 

Könlüm saptək incəldikcə incəlib. 

Həsrətimiz bir yastıqda dincəlib,

Bütün gecə çıxmamısan yuxumdan.. 

 

Qurban olum kitabına-dərsinə..

Çırpındıqca balıq kimi tər sinə,

Çevirmişəm balıncımı tərsinə,

Bütün gecə çıxmamısan yuxumdan. 

 

Yuxuda da bəxt arallar ay dəli, 

Buna ayrı vaxt arallar ay, dəli, 

Demirsənmi axtarallar ay dəli,

Bütün gecə çıxmamısan yuxumdan.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)