RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Sənubər ikinci dəfə deməyimi gözləməyib yerindən sıçradı. Təhlükənin dərəcəsinə onu inandırdıqdan sonra bu qadın tamam başqa bir adam olmuşdu. Beş dəqiqə sonra hazır idi. Gələrkən qapıda artıq suallar yaranmamaqçün taxdığım qrimi mənzilin qarşısında çıxarıb cibimə qoymuşdum. Çıxmazdan əvvəl yenə qrimlənib güzgüyə baxdım. Hər şey qaydasında idi. Sənubər yanımda dayanmışdı. Qrimimə baxan ev sahibəsi heç nə demədi. Ona blokdan çıxarkən üzünü dəsmalla tutmasını tapşırıb,-gedə bilərik,-dedim. Əlimi qapının dəstəyinə uzadanda qəfildən qolumdan tutub gözünü mənə zillədi. Sakitcə nə deyəcəyini gözlədim. Dərindən nəfəs alıb dedi:

-Bəxtiyar müəllim, bilirəm, evdə başıma gətirdiklərindən sonra ona inanmaqla böyük səhv etmişəm. Ancaq onsuz da bütün həyatım səhvlərdən ibarət olub. Üzüm yalandan gülüb, içim qan ağlayıb. Sizi and verirəm, oğlumu mənə qaytarın. O, bu həyatda tək yaşam səbəbimdi. Ona bir şey olsa, bilin ki, mən də ölərəm.

Ehmalca qolumu əlindən çıxardım. Heç nə deməyib sadəcə başımı yellədim. Deməyə bir sözüm yox idi. Qarşıdakı zil qaranlıq gecədə, gedəcəyimiz yerdə hələ ki, məchulluqdan başqa bir şey görmürdüm…

* * *

  Nataraz məsələnin bir gün uzandığını eşidəndə möhkəm əsəbləşmişdi. Ancaq pulu gətirəcək adamın reanimasiya şöbəsində olduğunu biləndə bunu yoxlatdırmış və vəziyyətlə barışmaqdan başqa çarəsi qalmamışdı. Bir qədər əvvəl zirzəmiyə düşüb uşağa baş çəkmişdi. Onun hərəkətsiz vəziyyətdə uzanıb qaldığını görəndə nəbzini yoxlamışdı. Nəbzi zəif də olsa, vururdu. Sağ olduğuna əmin olduqdan sonra yuxarı qalxıb həyətə çıxmışdı.

Bir qədər həyətin ortasında dayanıb sonra təsbehini əlində fırlada - fırlada evin dalına keçdi. Asta addımlarla günortaya qədər qazıdığı çuxurun yanına gəldi. Çuxurun dərinliyi hələ ona lazım olan qədər deyildi. Bayaq yorulduğu üçün işini yarımçıq qoyub evə dincəlməyə keçmişdi. İndi nahar edib yorğunluğunu çıxardıqdan sonra yenə işinə davam etmək fikrindəydi. Ay işığında çuxurun dərinliyinə bir də baxdı. Sonra təsbehi cibinə qoydu, torpağa sancdığı beli götürüb çuxurun içinə atdı, ardınca özü də ora tullandı. Əllərinə tüpürüb beli torpağa sancdı. Çuxur bu gecə hazır olmalıydı. Ona bircə bu gecəni başa vurub sabah axşamı gözləmək qalırdı. Vaxt yetişəndə isə onu bezdirmiş bu uşaqdan da, maymaq Ağamirzədən də birdəfəlik canını qurtaracaqdı. İş elə gətirmişdi ki, haçansa istifadə etmək məqsədi ilə illərlə çörək kəsib özünü dost kimi göstərdiyi «xlebnik»i özü ona belə gəlirli bir iş təklif eləmişdi. Riskli olsa da, bu onunçün göydəndüşmə olmuşdu. Pula çox ehtiyacı var idi. Sakit həyətlərin birində öz ayaqları ilə gəlib maşınına oturan uşağı bir anda xüsusi məhlulla yatızdırıb asanlıqla qaçırmışdı. Onu bura, bağ evinə gətirib zirzəmidə zəncirlədikdən sonra xeyli götür - qoy edib öz planını qurmuşdu. Elə səhərisi gün gedib xarici pasport almaq üçün ərizə vermişdi. Alınacaq pullarla ölkəni tərk edəcəkdi. Pulları kiminləsə bölmək fikri yox idi. Bununçünsə hər şey bitəndən sonra əvvəlcə Ağamirzəni, sonra isə onsuz da ölüm ayağında olan uşağı aradan götürəcəkdi. Heç də ürəyiyumşaq biri kimi tanımadığı Ağamirzənin bir neçə dəfə «uşağa heç nə olmasın» deməsi onu şübhələndirsə də, bunu bir yerə yoza bilməmişdi. Ancaq bu ona elə də maraqlı deyildi. Onsuz da qərarını vermişdi. Öz qaydaları ilə yaşayan bu qəddar adam, əvvəllər olduğu kimi, bu cinayətində də heç bir şahid saxlamaq fikrində deyildi. Bunları fikirləşə - fikirləşə axşamdan əsməyə başlayan zəif küləyin get - gedə gücləndiyini görüb torpağı daha sürətlə qazımağa başladı. Tam əmin olmaq üçün çuxuru ən azı özü içərisində görünməz olana qədər qazıyacaqdı. 

* * *

 Maşını ofisin qarşısında saxlayıb Sənubərə maşında gözləməsini tapşırdım. Seyfdən silahımı götürüb qayıtğmağım iki dəqiqə çəkdi. Saata baxdım. Üçə on beş dəqiqə işləmişdi. Yerini bilmədiyimiz bir bağ evini tapmaq üçün ideal vaxt deyildisə də, planlaşdırdığım əməliyyat üçün bu vaxt ən uyğun gələni idi. Maşını yerindən tərpətdim. Binəqədi yolu ilə gedəcəkdim. Bir azdan şəhərkənarı yola çıxıb sürəti artırdım. İyirmi dəqiqə sonra dənizə düşən əsas yolla sağa dönən sonuncu döngəyə çatdım. Sənubər bu döngəni nişan vermişdi. Sürəti azaldıb maşını sağa, hər iki tərəfi bağ evləri olan küçəyə döndərdim. Bağ mövsümü olmadığı üçün ancaq tək-tük evlərdə işıq yanırdı. Maşının işığında yol boyu maraqlı mənzərə yaranırdı. Bu küçədəki evlərin bəziləri möhtəşəm villalar, bəziləri isə uçuq - sökük daxmalar idi. Hətta elələri var idi ki, qapısının illərlə açılmadığı ilk baxışdan bilinirdi. Belə bağların darvazalarının qabağını kol - kos basmışdı. Salonun güzgüsündə Sənubərə göz qoyur, onun diqqətlə baxa bilməsi üçün maşını lap asta sürətlə sürürdüm. Bütün diqqətini yolun sağına yönəltmişdi. Döndükdən sonra gəldiyimiz məsafəni gözəyarı ölçürdüm. Sənubər bu küçə ilə bağa çatmaq üçün təxminən iki yüz metr piyada getdiklərini demişdi. Ancaq heç yüz əlli metr getməmiş birdən səsləndi:

- Burada saxlayın.

Onu eşitmirmiş kimi sürəti dəyişmədən yoluma davam etdim. O, təəccüblə mənə baxıb, - niyə saxlamadınız, bayaq keçdiyimiz darvaza mənə tanış gəldi, - dedi.

Gülümsəyib heç nə demədim. Bir qədər də irəli gedib geniş bir yer tapıb maşını orada saxladım. Deyilən darvazadan təxminən əlli metr uzaqlaşmışdıq. Bu məsafəni piyada qayıdacaqdıq.

- Burada düşürük, telefonunuzu söndürüb maşına qoyun, - deyib düşdüm. Tez-tez zəng vuran sürücünün yersiz zəngi işləri korlaya bilərdi.

Maşının işıqlarını söndürmüşdüm deyə küçəni yalnız maşının salon işıqları işıqlandırırdı. Düşüb qapıları bağlayanda o işıq da söndü. Hər yan qaranlığa qərq oldu. Ayağımızın altını görmürdük. Büdrəməməsi üçün Sənubərin qolundan tutub gəldiyimiz yolla geriyə, ona tanış gəlmiş bağ evinə tərəf getməyə başladıq. Nəsə deyərsə, pıçıltı ilə danışmasını tapşırdım ona. Bir azdan həmin yerə çatdıq. Küçədə tam sakitlik idi. Gözümüz nisbətən qaranlığa öyrəşmişdi. Darvazaya diqqətlə baxdım. Yuxarı tərəfində vurulmuş lövhədə «satılır» elanı yazılmışdı. Deyəsən qohumları buranı da satıb pulunun dalına keçmək istəyirlər. Sənubər hər iki tərəfi dairəvi hörülmüş divar olan darvazaya baxıb dedi:

- Oxşayır, deyəsən buradır.

Birdən darvazanın sol tərəfinə tərəf gedib aşağı əyildi. Əlini yerə sürtüb nəyisə yoxladı. Sonra pıçıltı ilə dedi:

- Məni qucağınıza alıb bir qədər qaldıra bilərsiniz?

- Bilərəm, - qısa cavab verdim. Buraya oynamağa gəlməmişdik və əgər Sənubər bunu istəyirsə, deməli, belə etməyə əsaslı səbəbi var idi. O, daş hasarın lap yanına gəlib arxasını mənə tərəf çevirdi. Başını azca arxaya döndərib yenə pıçıltı ilə dedi:

- Əlim hasarın üstünə çatana qədər qaldırın.

Yaxınlaşıb iki əlimlə belindən tutmaq istəyəndə dedi:

- Belə mənim qabırğalarımı əzərsiz. Mümkünsə ayaqlarımdan tutub qaldırın.

Heç nə deməyib ayaqlarını budlarından yuxarı qucaqlayıb onu qaldırdım. Aşağıdan onun nə etdiyinə baxırdım. Əlini uzadıb divarın üstünə sürtməyə başladı. Əli nəyəsə toxunanda bir anlıq dayanıb sonra dedi:

- Endirin.

Ehmalca onu yerə qoydum.

Düşən kimi də həyəcanla dedi:

- Buradı, dəqiq yadıma düşdü. Qapının yanında ayaqları yerə basdırılmış taxta skamya var idi. İndi yoxdu. Amma ayaqlarının yeri qalıb. Açarı hər iki gəlişimizdə hasarın üstündən götürürdü. Gedəndə də yenə ora qoyurdu. İkinci dəfə oraya qoyanda, axı düşüb itər, dedim. Oradakı daşlardan birində oyuq var, ora qoyuram, çıx özün qoy, bax dedi. Skamyanın üstünə çıxıb əlimlə oyuğu tapıb açarı qoymuşdum onda. Əlimi sürtdüyüm həmin oyuqdu. Bunlar indi bura gələndə yadıma düşdü.

-Yəqin ki, oyuq boş idi?

-Hə, açar olsa, əlimə dəyərdi. Balaca, bir az dərin bir oyuqdu. Ora təkcə küçə qapısının açarını qoyurdu. 

Bunu mənə əvvəlcədən izah etsə, rahatca əlimi uzadıb o oyuğu yoxlaya bilərdim. Bu həngaməyə də ehtiyac olmazdı. Ancaq deməyi lazım bilmədim. Söhbətimizdən sonra arxayınlığını itirən Sənubər indi elə vəziyyətdə idi ki, yalnız övladını fikirləşirdi. Hər halda daha şübhə yox idi. Bizə lazım olan bağı tapmışdıq. Gələrkən şansımızı cəmi iyirmi faiz dəyərləndirmişdim. Ancaq araşdırmalarımda ortaya çıxan ən xırda ipuclarından da yapışmaq adətim olduğu üçün buraya qədər gəlməyi lazım bilmişdim. Sənubərin yaddaşı yaxşı imiş. Bu bağı tapmağımız irəli atılmış çox yaxşı bir addım oldu. Görək məni içəridə nə gözləyir?.. Qaranlıqda əlimi darvazadakı giriş qapısının dəstəyinin ətrafına sürtdüm. Əlim qıfıl asmaq üçün olan halqalara toxunanda dayandım. Deməli, qapı çöldən asma qıfılla bağlanır. Qıfıl isə yoxdur. Bu o deməkdir ki, izinə düşdüyümüz həriflərdən biri böyük ehtimalla buradadır. Sənubərə baxdım. Üşüdüyü aşkar hiss olunurdu. Qolundan tutub, - ardımca gəlin, - dedim. Mən irəlidə, o bir qədər arxada gəlib maşına çatdıq. Burada bu gözəl qadın öz missiyasını başa vururdu. Bundan sonrasını maşında oturub gözləməklə keçirəcəkdi. Maşına çatanda dedim:

- Burada qalırsız. Bir azdan Layiqə gəlib sizi götürəcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)