“Sən getdin, qapımı döydü küləklər...” – TURAL CƏFƏRLİNİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Tural Cəfərlinin özüylə söhbəti və şeirləri təqdim ediləcək.

 

 

özüylə söhbəti...

 

          İlk dəfə şeir yazdığım günü xatırlamıram. Bəlkə də, qış idi, darıxırdım, ya da adi bir gün idi, yazmaq ehtiyacım var idi...

          Mənə görə, ədəbiyyat axtarış yox, itirmək istəyidir. Adətən, şeir yazmaq üçün əvvəlcə heç nə etmirəm, heç nə oxumuram. Sadəcə, müşahidlərimlə baş-başa qalıram, küçələri gəzirəm, ağacları dinləyirəm, küləyi danışdırıram, səmanı seyr edirəm... Sonra axşam düşür, bir kofe içib gecəni dəvət edirəm yazı masama. Bu romantik ab-havada şeir yazmaq su içmək kimi bir şeydi... Yox, elə deyil. Oturub şeir yazmaq deyə bir şey yoxdur mənim üçün, bu, bir hesablama, planlanlaşdırma da deyil... Gərək hər şey öz vaxtını gözləsin, küləyi çöldə saxlayıb otağındakı ab-havanı bilməlisən, içindəki sükutu dinləməlisən, qalanı düzələcək...

 

 

...və şeirləri

 

DEYƏRDİM

 

Olmasaydı uşaq kimi küsməyin,

Bu sevginin daşını at, deyərdim.

Məndən sonra bir iş tapıb özünə,

Hamı kimi başını qat, deyərdim.

 

Darıxanda kitab oxu, keçəcək,

Yun bir ipdən corab toxu, keçəcək.

İnan mənə, dərdin çoxu keçəcək,

Qalan dərdi gələn qış sat, deyərdim.

 

Səhər durub şehə danış yuxunu,

Sübh azanı mehdən alım qoxunu.

Tuşlayaraq hərdən eşqin oxunu,

Ürəyimə nizətək bat, deyərdim.

 

Ehsan edib yoxluğunu gözümə,

Şərab içdim gəlmək üçün özümə.

Minbər bildim üz çevirib sözümə,

Günahıma oyanma, yat, deyərdim.

 

Tale yazan yazıb kədər gönündə,

Ömür gedir karvan kimi yönündə.

Bir gün gəlib dayansam düz önündə,

Gözəlliyin görüb mən  mat, deyərdim.

 

 

DÜŞƏRSƏN…

 

Gedəndə adam bir xəbər eyləyər,

Demirsən yağışa, qara düşərsən?!

Duamı arxanca yollayım barı,

Bəlkə, ondan sonra xara düşərsən…

 

Nəfəsim içimdən çıxan tüstüdü,

Yerdə məni tutan göyün üstüdü.

Bu qərib baxışlar məzar büstüdü,

Çox baxma, qorxuram, gora düşərsən.

 

Gizlədə bilmərəm aşkar olanı,

Saxlamaq olarmı qəlbə dolanı?!

Gəl dəymə, incitmə vaxtsız solanı,

Bəlkə, yoxluğumdan vara düşərsən.

 

Məcnun deyiləm ki, dərdindən öləm,

Nə Yusif deyiləm, quyuda güləm.

Musa da deyiləm, dəryanı böləm,

Gözləmə, gözləsən, zara düşərsən.

 

Çoxdan atılıbdır, göyərməz daşım,

Dəmlənib, dən olub kədərdən aşım.

Yaman zəifləyib son vaxt yaddaşım,

Unutsam, bilmirəm, hara düşərsən…

 

 

VECSİZLİK...

 

Qəribə adamsan, baş açmaq olmur,

Sevmirsən, sevəni dəli bilirsən.

Elə bil qarşına Məcnun çıxacaq,

Olmaya özünü Leyli bilirsən?!

 

Bəlkə də, oxuyub sevgi romanı,

Deyirsən, aşiqlər bir ağıldadı...

Sən bilən, Əslilər, Züleyxalar da

Dastanda, əsərdə, tək nağıldadı?..

 

Sən uşaq deyilsən, tutum əlindən,

Hamıya dərs verib keçərsən özün.

Uzaqdan içimi görə bilirsən,

Demək ki, açıqdı bəsirət gözün.

 

Sən getdin, qapımı döydü küləklər,

Hərdən deyinirdim, külək susurdu...

Hara gedirdimsə, düşüb arxamca

Sənli xatirələr məni pusurdu.

 

Dinləyib gecənin ay sükutunu,

İçimdə ulayan iti qovurdum.

Elə ki darıxdım o itdən ötrü,

Düşüb küçələrin gözün ovurdum...

 

 

GÜNORTA

 

Bu qədər adam var bu boz şəhərdə,

Heç kimə qaynayıb-qarışmaq olmur.

Yadları anlayıb yola verirsən,

Özündən küsəndə barışmaq olmur.

 

Gül gözəl olmazdı, solmasa əgər,

Yağış düşməz, bulud dolmasa əgər.

Anan namaz üstə olmasa əgər,

Canını Allaha tapşırmaq olmur.

 

Bir axşam özgəyə dönüb gedərsən,

Bezib öz kölgəndən çönüb gedərsən,

Gözünün önündə sönüb gedərsən,

İçində çölünlə yarışmaq olmur...

 

 

SƏNİN YOXLUĞUNA SAĞLIQ DEYİRƏM

 

Deyəsən, gözümün yaddaşı gedib,

Arana baxıram, dağlıq deyirəm.

Elə ki darıxdım, badə əlimdə,

Sənin yoxluğuna sağlıq deyirəm.

 

Soruşma nə edim  xatirələri?!

Sən ki unutmaqda qoçaq adamsan.

Dərdimi-sərimi necə danışım?!

Axı sən duyğudan qaçaq adamsan...

 

Beləcə başımı qatıram mən də,

Həsrətin küləyi əsdikcə xəfif.

Sən əzbər bildiyim şeir kimisən,

Ay üzün nəqarət, baxışın rədif.

 

Güzgüdə özümə baxmıram daha,

İncidir saçımın dən olan yeri.

Getmisən, eybi yox, barı geri ver,

Döyünmür qəlbimin “sən” olan yeri.

 

Kaş ki, öyrədərdin  tərk etməyi də,

Bir dəfə özümdən çıxıb gedəydim.

Əhdinə vəfasız adamlar kimi,

Verdiyim sözümdən çıxıb gedəydim.

 

 

QATAR

 

İnan ki, hamıdan soruşdum hər gün,

Dedilər, bir qatar apardı səni.

Elə bil içimdən bir yarpaq kimi

Kimsə gülə-gülə qopardı səni.

 

Çəkilib oturdum öz xarabamda,

Bayquşlar uladı canavar kimi.

Əsirdim xatirən olan yerlərə

Hər axşam mülayim gilavar kimi.

 

Qayıtsan, özünlə bir az kül gətir,

Dərdimin başına qoyacam onu.

Bizi kor eyləyən ayrılığın da

Gözünü çıxarıb, oyacam onu.

 

Darıxsan, yum gözün, bir az söy məni,

Nəbadə qarğışa keçərsən, gülüm.

Hərdən şərab süzüb mənim yerimə, 

Qəmin sağlığına içərsən, gülüm.

 

İtirmə vaxtını unutmaq üçün,

Özündən muğayat olgunan əsas.

Bir gün mən olmasam, səni aparan

O əclaf qatardan alarsan qisas.

        

 

ŞUŞA

 

Elə bil göy üzü yerə enibdi,

Tanrının sərdiyi xalıdı Şuşa.

Dünyanın ən gözəl çiçəklərindən

Yığılıb, süzülən balıdı Şuşa.

 

Bir yanı qaladı, bir yanı meşə,

Saf suyu az qala qayanı deşə.

Təbiət sevməkdir ən gözəl peşə,

Cənnətin başqa bir halıdı Şuşa.

 

Günəş də sevinir səhər obaşdan,

Musiqi sədası gəlir hər daşdan.

Tanıdım mən səni o kaman qaşdan,

İsmətin örpəyi, şalıdı Şuşa.

 

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)