POETİK QİRAƏTdə Əlizadə Nurinin, ”Göyə çöp daşıyan bir quşam, ana...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.

Təbii ki, oxunaqlıdır və təsirlidir. 

Xoş mütaliələr.

 

Göyə  çöp daşıyan bir quşam, ana...

 

Bu qəmlə bələkdə tanış olmuşuq-

Mən elə bu qəmlə tay-tuşam, ana.

Yerdə yer tapmadım yuva qurmağa,

Göyə çöp daşıyan bir quşam, ana.

 

Sözün aynası da qırıldı bu gün...

Sonuncu ümid də vuruldu bu gün.

Dərd mənə çatınca yoruldu bu gün-

Mən tanrı dağına yoxuşam, ana...

 

Daha bundan belə mən kiməm, nəyəm?

Bəxtimin əynində qara köynəyəm.

Çəmən bitirməyən, ot bitirməyən

Səhraya tökülən yağışam, ana.

 

Bu ipi kim çəkib çəpər eyləyib?

Şeytanın evinə səfər eyləyib...

Xaraba salana xəbər eyləyin-

Mən o xarabada bayquşam, ana.

 

Sənin haqq bildiyin haqq-hesab imiş, 

Ölüm-iynə imiş, ömür-sap imiş...

İçdiyim süd imiş, ya şərab imiş-

Dünyaya gələndən sərxoşam, ana?!..

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)