RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Sənubər söhbətini bitirib mənə baxdı. Yəqin ki, indi yeni suallarımı verməyin növbəsi çatdığını başa düşürdü. Ona dincəlməsi üçün bir qədər vaxt verib saata baxdım. Saat 1 idi. Ruhanənin dediklərindən çox şey aydın olmuşdu. Ancaq bu hələ hər şeyin aydın olduğu demək deyildi. Deyilənləri dinlədikcə vaxt itirməmək üçün paralel olaraq bundan əvvəl öyrəndiklərimlə uzlaşdırırdım. Bu şəhərdə hər hansı konkret məkanı olmadığını öyrəndiyimiz Ağamirzədən fərqli olaraq Cahandar Mollayevin Novxanıda bağ evinin olduğunu müəyyən etmişdi Nadir. Daha doğrusu, adı bağ evi olsa da, özü daimi o evdə yaşayırdı. Ancaq bu hələ uşağın orda saxlanıldığının sübutu deyildi. Cinayətkar dəstənin başqa, bizə məlum olmayan məkanı varsa və mən tam əmin olmadan həmin bağ evini «basaramsa», hər şey puç ola bilərdi. Çünki bundan «Molla»nın xəbər tutması uşağın həyatının birbaşa təhlükəyə atılması anlamına gəlirdi. Bu halda o, izinə düşüldüyünü başa düşər və etdiyi cinayətinin ən böyük sübutu və şahidi olan uşağı düşünmədən aradan götürərdi. Ona görə də tələsmirdim. Ancaq uşağın o bağda ola biləcəyini təsdiqləyən təhlillərim də var idi. Şahid sevməyən «Molla» qaçırılmış uşağı ən etibar etdiyi adamın da qapısına aparmazdı gizlətmək üçün. O bu məsələni mütləq tam gizli saxlamağa üstünlük verərdi. Heç hər adam da kiminsə qaçırılmış uşağının evində saxlanılması kimi bir riskin altına girməyə razılıq verməzdi. Bu ehtimallar balaca Ağanın məhz Cahandarın bağında saxlanıldığı barədə fikirlərimi möhkəmlədirdi.

Məntiqlə əgər qaçırma planını Ağamirzə özü cızıb sonra da uşağı qaçırıb aparıb təkcə bir-iki gün saxlamaq üçün bağında Cahandara təhvil verəcəkdisə, bu  halda o onun nəyinə lazım idi. Elə payız mövsümündə boş olan bağ evlərindən birini bir neçə günlük kirayələyib uşağı oraya gətirər, alacağı iki yüz min manata heç kimi şərik etməzdi. Yox, burada risk dərəcəsi eyni bölünüb. Planı cızan Ağamirzə uşağı lazım olan yerə gətirtməyi, polisə şikayət edilməcəyəcini və pulu almaq üçün özünün gedəcəyini boynuna götürüb. Uşağı gələcəyi yerdən qaçırmaq və xəlvət yerdə saxlamaq isə Cahandarın öhdəsinə düşüb. Buna çox əminəm. Belə bir bölgü olubsa da, burada üçüncü adama nə ehtiyac var idi ki? Az əvvəl Sənubərin danışdıqlarındakı bir məqam da bu ehtimalımı bərkitdi. Fərmanla telefonda danışan həqiqətən Ağamirzənin özü olub. Danışığın mətnini də düşünülmüş şəkildə hazırlayıb və Sənubərə onu aldatsa da, uşaq üçün təhlükə olmadığına eyham vurub. Məhz buna görə Sənubər bu söhbətimizə qədər elə də narahat deyildi. Bu ağıllı qadın ona göndərilən gizli mesajı yetərincə düz başa düşüb. Daha suallarımı verə bilərdim. Üzümü ona tutub soruşdum:

- Ağamirzə tutulanda siz hələ hamilə olduğunuzu bilmirdiz. Sonra da heç vaxt nə görüşməmisiz, nə də əlaqə saxlamamısız. Telefon xəttini təmir etməyə gələrkən İmranın uşağın adının Ağamirzə olduğunu eşitməsi də hələ onun Fərmandan olmamasını düşünməyə tam əsas vermir. Uşağı Fərmandan doğub keçmiş sevgilinizin adını ona verə bilərdiniz. Ağamirzə isə, uşağın atası olduğunu əminliklə bilib sizi bununla şantaj edib. Bu halda uşağın ondan olduğunu o necə bildi?

Sənubər başını bulayıb dedi:

- Məhkəmə zalından çıxaranda cəmi bir dəqiqəliyə ona yaxınlaşmağıma icazə verdilər. Onda qulağına pıçıldamışdım. Kaş ki, deməz olaydım.

Növbəti sualımı verdim:

- İmranın evini tanıyırdınız?

- Təxmini bilirdim ki, köhnə Yasamal bazarı ilə üzbəüz birotaqlı bina evində anası ilə yaşayırdı.

Bu məlumat işə yaramırdı. Bina evində kimisə gizlətmək çox riskli idi. Üstəlik də həmin həyətin lap yaxınlığında polis bölməsi yerləşirdi.

- Bir gün vaxt verərkən pulun gətiriləcəyi yeri dedi sizə?

- Yox, heç sual verməmiş özü dedi ki, dəqiq yeri görüşdən bir qədər əvvəl deyəcək.

Bu da başa düşülən idi. Görüş yerini son ana qədər gizli saxlamalı idilər. Onlara qarşı vaxt və məkan baxımından hər hansı qabaqlayıcı addımların atılması imkanlarını məhdudlaşdırırlar.  

- Başqa tanıdığınız qohumları var idi?

- Onun ümumiyyətlə elə çox qohumu yox idi. Bayaq siz deyəndə sözünüzü kəsmədim. Bircə xalası, bir əmisi var idi. Xalası İmranın anasıdır. O vaxt ağır xəstə idi. Bəlkə də dünyasını dəyişib. Evin pulunun dalına keçən də yəqin ki, əmisi ya da əmisi uşaqlarıdır.

Bunları deyən Sənubər birdən - birə duruxub mənə baxdı. Sonra nəsə yadına salırmış kimi qaşların çatıb əlini siqaret qutusuna uzatdı. Siqaretini alışdırıb bir xeyli fikirləşəndən sonra dedi:

- Yadıma bir şey düşdü. Bəlkə də səhv edirəm. Amma ola bilər ki, işinizə yaradı. Ağamirzənin əmisindən danışanda birdən xatırladım bunu. Ağagilin Novxanıda bağ evi var idi.

- Dəqiq bilirsiniz ki, Novxanıda idi? - cəld soruşdum. Bu təsadüf idimi? Axı Cahandarın da bağı həmin bağ massivində yerləşirdi. Hər halda bu çox yaxşı məlumat idi.

- Bəli, dəqiq bilirəm. Axı özüm illər əvvəl orada olmuşam.

Bəs görəsən hər şeyi öyrənən Nadir bunu necə gözdən qaçırıb, yəqin bunun bir səbəbi var. Bəlkə də o səbəbi indi mənə Sənubər deyəcək. Hər halda onun söhbətini səbrlə dinləməyim bəhrəsini verməyə başlayır. Görək bu qadın daha başqa nə xatırlayacaq.

O davam etdi:

- Bəzi məqamları olduğu kimi danışdığıma görə məni bağışlayın. Ancaq özünüz söhbətin əvvəlində səmimi olmağımı istəmişdiniz. İlk dəfə dostunun evində yatağa girdikdən sonra bu fasilələrlə bir neçə dəfə də təkrarlandı. Onlardan birində dərsə girməməyimi tapşırdı. Görüşdük, məni Novxanıda bir bağa apardı. Atasının bağı olduğunu dedi. Bayaq siz deyəndə ki, onun bu şəhərdə gedəcək bir yeri yoxdur, fikirləşdim ki, onsuz da hər şeyi dəqiqləşdirib sonra buraya gəlmisiniz. Ağlıma gəldi yəqin o bağ da çoxdan kiməsə satılıb. Ancaq söhbət əmisindən düşəndə qəfildən onun dediyi bir söz yadıma düşdü. Bağ atasının olsa da, əmisinin adına sənədləşdirilmişdi. Bəli, o, dəqiq mənə belə demişdi. Deyəsən atası hansısa vəzifədə işləyirmiş, öz adına almağa ehtiyat eləyib, fəhlə qardaşının adına sənədləşdirib. Bilirsiz, o vaxtlar belə idi. Hə, sonra bir dəfə də getdik o bağa.

Aha, deməli belə. Əlbəttə, Nadir bunu öyrənə bilməzdi. O, sadəcə Ağamirzənin ailəsinə aid olan məlumatları dəqiqləşdirməyə imkan tapmışdı. Ehtimal edək ki, əgər o bağ doğrudan da hələ satılmayıbsa, Ağamirzə bağın əmisinin adına olduğuna arxayın olub rahatlıqla orada gizlənə bilər. Sənubəri də yaxşıca şantaj etdiyi üçün onun susacağına, xatırlayırsa belə, bağ haqqında heç nə deməyəcəyinə arxayındı. Bəlkə elə uşağı da orada gizlədir? Yooox, bu bayaqkı təhlillərimə uyğun gəlmir. Uşağı da ora aparacaqdısa, «Molla»nı bu işə qoşmağa bir lüzum qalmırdı. «Molla»nınsa bu işin içində olduğuna Layiqənin Novxanıdan etdiyi zəng zamanı verdiyi çox maraqlı bir məlumatdan sonra heç bir şübhəm qalmamışdı. Bu işi məhz düşündüyüm kimi, öz aralarında «vəzifə» bölgüsü etməklə aşırdıqlarına əminəm. Elə bu gecə o bağı yoxlamaq lazımdır. Ancaq, görəsən Sənubər  illər əvvəl cəmi iki dəfə getdiyi bağın yerini xatırlayırmı?

Üzümü ona tutub soruşdum:

- Səhəri gözləyib bağın yerini dəqiqləşdirmək üçün vaxtımız yoxdur. Bu gecə oraya getsək, nəsə xatırlaya bilərsizmi?

Sənubər gözlərini qıyıb fikrə getdi. Xeyli fikirləşəndən sonra dedi:

- Bəzi şeylər yadımdadı. Dənizə düşən əsas yol bitəndə ortadakı kiçik dairədən sağa - sola yollar ayrılır. Biz o yola çatmamış, sonuncu döngənin yanında avtobusdan düşüb o döngəyə sağ tərəfə döndük. Təxminən iki yüz metr piyada getdikdən sonra bağa çatdıq. Darvazası divardan içəri tərəfə idi. Qarşısında bir maşınlıq yer var idi. Əsas yadımda qalan odu ki, divarın darvazaya dönən hissəsi adi divarlar kimi doxsan dərəcə bucaq altında yox, dairəvi hörülmüşdü. Mən onda ilk dəfə elə divar görürdüm. Çox maraqlı gəldi mənə. Ona görə yadımda qalıb.

- Bəs darvazanın rəngi?

- Təəssüf ki, yadımda deyil.

- Hər halda yoxlamaq lazımdır. Geyinin, ofisə dəyib birlikdə oraya gedəcəyik. Hə, bir də, boyun - boğazınızı yaxşı - yaxşı yuyun. Mümkün qədər ətrinizin iyi hiss olunmasın.

Sənubər ikinci dəfə deməyimi gözləməyib yerindən sıçradı.

 

 “Ədəbiyyat və incəsənət”

(06.08.2024)