Güney Azərbaycandan Leyla Zahidtəmərin şeirləri - “Və donmuş gözəlliklərdə tap məni…” Featured

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Leyla Zahidtəmərin şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.

 

Leyla Zahidtəmər

 

I.

Sevgiyə saymaz


Sənə saymaz


Yara saymaz oluram yaralarımı.


Qoynumda bəslədiyim ilan sayaq sənə

çəkilirəm səndən

Çəkildiyimdə.


Hərdən tapırsan tanrı sayaq,


Hərdən püf kimi yoxmuşcasına itirəm gözündə


Və mən

Baxışlarını qab eləyib yarama vururam.


“Gəl otur bu gecəlik yanımda” -deyirsən


Mən sənsizliyi xalçadan dara çəkirəm.


Sonra vurduğum hər düyündə bir bıçaq yarası daha,


Qırmızı çiçəklər açır bir daha.


Nə isə


Sevgini saymaz oluram,


Sənə saymaz,


Yara saymaz oluram yaralarımı


Və sənə çəkilirəm səndən çəkindiyimdə...

 

II.

Sərxoş bir həyat;


Mən və sən.


Səndən mənə bir çiçək,


Məndən sənə bir öpüşcük.


Sən danışırsan


Hər zamnkından daha dadlı.


Mən dinləyirəm 


Hər zamankından daha səssiz.


Sən və mən


Göy üzünün altında birləşib biz oluruq

Nə sərxoş bir gün.

 

III.


Dans edirəm yelin hər əsintisi ilə


Yarpaq deyiləm

Kölgəyəm


Və
alnıma yazılan taleyimin peşindən qaçıram.


Yer soyuq

Çınqıllı yolun daşları lüm-lüt.

Acıdır ayaqlarımı


Bitmək bilməyən fikir içindəyəm


Və qaçıram ən uğursuz bayquşa.


Yox!

Kölgə deyiləm


Tut götür sudan məni.


Fırtınalar bütün yelkənlərimi qırıb

və ucsuz-bucaqsız okeanda qoyub getdiyi gəmiyəm


Ya da yox,


Gərəkirsə

Buz çağında axtar


Və donmuş gözəlliklərdə tap məni.


Nə kölgəyəm, nə də başqa heç nə-kim ki, bilirsən


Mən yalnız əqrəblərin görüşündə lal anlar keçirirəm.


Məni şaşqın edib bu dünyanın axmaqlığı


Bir gün öləcəyəm


Bu dəhşətli günlərin birində.


Qara bayquşun yanında


Və kim olduğumu bilmədən!..

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)