POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Qış gecəsi boz dumana bürünür…” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

qiş gecəsi boz dumana bürünür
qış gecəsi ay çox solğun görünür
bəyaz aya baxınca ürəyimiz üzülür
göz yaşları axmadan kipriklərə düzülür
mən də aytək saralıram soluram
mən də aytək  göyüzündə yalqız oluram
heç bilmirəm təqvimdə günlərdən hansı gündü
yenidən yaşamış kimiyəm indi
a luna kanula gülüm çiçəyim
parçalanır bu gecə parçalanır ürəyim
göydə ay solub gedir soyuq qış havasında
yuxuda səni gördüm bir bülbül yuvasında
mən yuxumun içində qarışdırdım yuxumu
sən bülbül yuvasından səsləyirdin ruhumu
mən qanımla ay rəsmi çəkirəm aynada
ilahi namaz üstə diz  çökürəm aynada
aynadakı bu adam nəyin nəsidi Allah
qeybdən bir səs gəlir kimin səsidi Allah
allahım bir zamanlar mən ay suvarisiydim
mən cənnətdən qovulan bir mələk varisiydim
ayrılıq acısı var bu gün şeirlərimdə
metropol həyatına alışmış bir şamanam
alnımda gözəl ayın öpücüyü görünür
mən artıq taleyimlə barışmış bir şamanam
iki gecədi ay çox solğun görünür
ömrümün aynasında sənin ruhun görünür

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2024)