RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Bunları deyib Sənubər başını yellədi. Bunun səbəbini başa düşməsəm də, heç nə soruşmadım. Bir qədər fikrə gedib davam etdi.

- Sonra oğlumu dünyaya gətirdim. Xoşbəxtlikdən uşaq atasına yox, mənə daha çox oxşayırdı. Qərarım qəti idi, ona atasının adını verəcəkdim. Onda Fərmana daha bir yalan uydurmalı oldum. Çoxdan rəhmətə getmiş dayımın adını uşağa vermək istədiyimi dedim ona. Heç bir sözümü çevirməyən Fərman buna da yox demədi. Kartinqə olan həvəsim ölməmişdi. Ağanın altı yaşı olanda bu idman növünə yazdırıb onunla məşqlərə getməyə başladım. Hərdən özüm də həvəslənib o maşınlardan sürür, köhnə günləri yada salırdım. Balaca Ağa da zamanla yaxşı uğurlar qazanmağa başladı. Görünür bu genlə gələn bir şeydi. Atası kimi yaxşı pilot olmuşdu. Bir neçə yarışda birinci yeri tutmuşdu. Təxminən yeddi il əvvəl isə İmranla üz-üzə gəlməli oldum. Ev telefonunun xəttində nasazlıq yaranmışdı. Fərman ATS-ə zəng vurub usta çağırmışdı. Qapı açılıb içəri girən ustanı görəndə yerimdə donub qaldım. Gələn usta İmran idi. Göz-gözə gələndə o da bir anlıq özünü itirdi. Amma özünü ələ alıb işini görüb getdi. Yaşadığım ünvanı öyrənməsi bir yana, pis olan o idi ki, onun yanında Fərman mənə Sənubər deyə müraciət etdi, uşağı da adı ilə çağırdı. İşini görən İmrana altdan-altdan fikir verirdim. Ağamirzə adını eşidəndə bir anlıq əl saxladı. Şübhəm qalmamışdı, o, hər şeyi başa düşmüşdü.

Ruhanə kofe gətirsə də, bayaqdan toxunmamışdı. Növbəti dəfə nəfəsini dərib soyumuş kofedən bir qurtum içdi. Sonra üzünü mənə tutub dedi:

-Bunları heç vaxt heç kimə danışmayacağımı düşünürdüm. Ancaq bilmirəm niyə hər şeyi belə təfərrüatı ilə sizə danışdım. Bu yük, düz, on beş il ürəyimdə daş kimi asılıb qalmışdı. Siz bunları danışdığım ilk adam oldunuz. Sağ olun ki, həyat yoldaşının gözlərinin içinə baxanda hər dəfə vicdan əzabı çəkən, bir vaxtlar ona «Ruh» deyilərkən sevinən, indi isə bir ruh kimi yaşayan bu bədbəxt qadının hekayəsini səbrlə, sözünü kəsmədən dinlədiniz. İndi verdiyiniz sualları cavablandırmağın vaxtı çatıb. Qulaq asın, deyim. Ayın on biri evə zəng gəldi. İmran idi. Üzbəüz vacib sözü olduğunu dedi. Çox narahat qaldım. Onu evə buraxa bilməzdim. Fərman işdə, uşaq isə dərsdə olsa da, kiminsə görməsindən qorxdum. Çox vacib olduğunu deyib təkid etdi. İcazə verdim, amma tez getməsini xahiş etdim. Gəldi, Ağanın azadlığa çıxdığını, vacib bir məsələ üçün məni görüşə çağırdığını dedi. Görüş üçün elə yer seçmişdi ki, özüm heç vaxt oranı tapa bilməzdim. Ona görə də İmranı göndərmişdi. Bu sözləri deyib evdən çıxan İmran məni bir qədər aralıda gözləyirdi. Təcili geyinib aşağı düşdüm. O məni həmin yerə qədər ötürüb çıxıb getdi. Dolanbac bir məhəllədə uçuq-sökük bir həyət idi getdiyimiz yer. Oraya qarışıq hisslərlə getmişdim. Bəlkə də Ağanın sadəcə məni görmək istədiyini fikirləşirdim gedərkən. Amma dediklərini eşidəndə damarlarımda qanım dondu. İyirmi beş min manata ehtiyacı olduğunu dedi. Üç gün vaxt verdi mənə. Ayın on üçü pulları hazırlayıb ona çatdırmalıydım. Yoxsa uşağın əsl atası olduğunu Fərmana deyəcəyi ilə hədələyirdi məni. İnsan necə dəyişərmiş. Onsuz da əvvəlki yaraşıqlı Ağadan bir əlamət qalmamışdı. Həbsxana onun vücudunda da, simasında da öz izini qoymuşdu. Cavanlıqdakı şux qaməti əyilmiş, üzünün rəngi bozarmışdı. Amma özü də tam bir başqa adam olmuşdu. Sanki qarşısındakı vaxtilə dəli kimi sevib «ruhum» dediyi qadın deyildi.  Aşkar şantaj edirdi məni. Bu qədər pulumun olmadığını dedim. Əlimdə cəmi altı min manat vardı. Onu təklif etdim. Azdır dedi. Yenə də qumarda uduzubmuş. Vaxtında çatdırmasa, aqibətinin pis olacağını deyib getdi. Hə, bir də ki, getməmişdən qabaq uşağı görmək istədiyini dedi. Dərsdə olur, sonra məşqə gedir  dedim. Oxuduğu liseyin ünvanını istədi. Ünvanı əzbərdən bilmirdim. Liseyin adını desəm də, şəhərin çox dəyişdiyiyni deyib ünvanı istədi. Öyrənib deyəcəyimi dedim. İndi fikirləşirəm ki, oraya getsə belə, üzünü görmədiyi uşağını necə tanıyacaqdı? Deməli ünvanı istəməkdə nəsə məqsədi var imiş. Oradan çıxıb evə gəldim. Qorxmuşdum. Özümü fikirləşmirdim. On beş ildən sonra varlığı ilə nəfəs aldığı oğlunun başqa kişidən olduğunu bilsə, Fərmanın ürəyi buna dözməzdi. Nə qədər fikirləşdimsə, çıxış yolu tapmadım. Deyilən vaxtda zəng vurdu. Pul tapmadığımı biləndə bərk əsəbiləşdi. Gəlirəm dedi. Çarəm yox idi, səs-küy salmasından qorxub biabır olmamaqçün aşağıdan zəng vuran mühafizəçiyə onu buraxmasını dedim. Gəldi. İçəri girən kimi yenə hədələməyə başladı. Uduzduğu adamlar kimdirsə onlardan çox qorxduğu hiss olunurdu. Bu qədər nağd pulu Fərmandan nə adla istəyə bilərdim? Bunu ona başa salmağa çalışsam da, xeyri olmadı. Sonra bir qədər sakitləşib təzədən liseyin ünvanını, sonra isə su istədi. Ünvanı öyrənib kağıza yazmışdım, ona verdim. Suyu içəndən sonra stəkanı qaytaranda əlimdən tutub özünə tərəf çəkdi. Dartınıb əlindən çıxmaq istəyəndə sanki birdən dəliyə döndü. Dartıb əynimdəki paltarları cırdı. Sonra məni yerə, xalçanın üstünə yıxıb  zorlamağa başladı. Qonşular eşidər deyə qışqıra da bilmirdim. Əllərimlə onun başına, çiyinlərinə nə qədər vursam da xeyri olmadı. Yorulub haldan düşdüm. Ancaq o dayanmaq bilmirdi. Daha müqavimət də göstərə bilmir, gözümü tavana zilləyib hərəkətsiz uzanmışdım. İkrah və nifrətdən başqa heç nə hiss etmirdim həmin vaxt. Məni yarım saata qədər zorladı. Üstümdən qalxıb axşama qədər vaxtım olduğunu deyib getdi. Uzun müddət uzandığım vəziyyətdə yerdə qaldım. Qalxa bilmirdim. Hər yerim ağrıyırdı. Bir təhər özümü toplayıb vanna otağına keçdim. Nə qədər yuyunsam da, mənə elə gəlirdi təmiz ola bilmirəm. Elə bil nəsə yuyulmayan çirkaba batmışdım. Özüm üçün hamıdan gizli qurub yaşadığım dünyam, xəyallarım bir anda məhv olub getmişdi. Özümü ələ alıb toparlanmağa çalışırdım. Bir azdan uşaq dərsdən gələcəkdi. Elə özümü sahmana salıb cırılmış paltarlarımı gizlətmişdim ki, Ağa gəlib çıxdı. Yeməyini yeyib otağına çəkildi. O murdar heç axşamı gözləməyib yenə zəng etdi. Pulu düzəldə bilməyəcəyimi başa düşdüyünü, qaçıb gizlənmək qərarı verdiyini dedi. Ancaq bir şərti var idi. Oğlunu görmək istəyirdi. Ona görə də dedi pulu onunla göndərim. Verəcəyim altı min manat guya pasport düzəltmək və ölkədən çıxmaq üçün lazım idi ona. Dediklərini edərəmsə, bir daha məni narahat etməyəcəyini dedi. Əvvəl razı olmadım. Daha ona inanmırdım. Ancaq Ağanın onun da oğlu olduğunu dönə - dönə deyib məni əmin etdi ki, uşağı görüb pulu götürüb gedəcək. Yenə də başqa çarəm qalmamışdı. Pulun haraya gətiriləcəyini başa salıb dəstəyi asdı. Dediyi yer liseydən evə gələn yolun üstündəki həyətlərdən biri idi. Onda başa düşdüm ki, liseyin ünvanını niyə istəyirmiş. Ancaq yenə də uşağı qaçıracağı ağlıma gəlmədi. Axşam oğlumla gizli söhbətim oldu. Tanışlarımdan birinin borc istədiyini deyib səhər hara çatdıracağını ona başa saldım. Söhbətin aramızda qalmasını tapşırdım. Pulu da axşamdan çantasına qoydum. Nə biləydim ki, doğma övladımı öz əlimlə hara göndərirəm. Səhəri gün uşaq evə gec gələndə narahat olmağa başladım. Ardınca zəng vurub uşağın qaçırıldığını deyəndə dəliyə döndüm. Necə bir səhv etdiyimi anladım. Ancaq gec idi. Səhv hərəkətlərimlə elə dərinə getmişdim ki, yenə də susmaqdan başqa çarəm yox idi. Polisə xəbər verməməyi tapşırmışdı zəng vuran. Əslində bu mənə verilən bir mesaj idi. Polisə məlumat verilməzsə, deyilən məbləğ çatarsa, uşağın sağ-salamat qaytarılacağına işarə idi bu. Daha doğrusu, hər şeyin belə olması üçün Fərmana təsir göstərməyimə eyham olunurdu. Mənim belə işlərdən başım çıxmır. Fikirləşirdim ki, uşağı qaçıran da, zəng edən də Ağamirzənin özüdür. Ona görə də telefon zəngindəki mətndən özümə belə nəticə çıxardım. Siz deyəndə ki, adətən adam oğurluğuna gedən tək getmir, yalnız onda məndə şübhələr baş qaldırdı. O vaxta qədər istənilən halda Ağamirzənin doğma oğluna heç bir zərər yetirməyəcəyinə əmin idim. Nə qədər dəyişilsə də, başqa adam olsa da, bu onun doğma oğludur.

Sənubər yenə söhbətinə fasilə verdi. Hövsələsiz görünürdü. Gülümsəyib dedim:

- Sənubər xanım, rahat siqaretinizi çəkə bilərsiniz.

Təəccüblə baxıb soruşdu:

- Siqaret çəkdiyimi nədən bildiniz?

- Nəinki çəkdiyinizi, hətta siqaretinizin harada olduğunu da bilirəm, - deyib əlimlə bayaqdan danışdıqca boylandığı servantın bağlı gözünə işarə etdim. Onun siqaret çəkənlərə xas cəhətlərini saymağı lazım bilmədim.

- Siz detektivlərdən nəsə gizlətmək çətin məsələdir.

Gəldiyim andan ilk dəfə yüngülcə gülümsəyib ayağa qalxdı. Bir azdan mentollu siqaretin tüstüsü otağı bürüdü. Dərindən vurduğu bir neçə qullabdan sonra dedi:

- Siz Allah üzrlü sayın. Fərman icazə verib. Hərdən axşamlar bir ya ikisini çəkirəm.

- Eybi yox, - dedim,-davam edək.

Yarıya qədər çəkdiyi siqareti söndürüb qaldığı yerdən davam etmək istəyəndə mənə zəng gəldi. Layiqə idi. Tez cavab verdim. Dediklərini dinləyəndə fikrə getdim. Orada qalıb  gözləməsini tapşırdım. Sonra davam etməsi üçün başımla Sənubərə işarə verdim. O davam etdi:

- Fərmanla xeyli məsləhətləşdikdən sonra yekdil fikrə gəldik ki, tələbləri yerinə yetirək. Buna məsləhətləşmək də demək olmaz. Əslində, məlum səbəblərdən mən buna çox təkid etdim. Fərman da razılaşdı. Mən yoldaşımın maliyyə işləri ilə heç vaxt maraqlanmamışam. Ancaq təxmini bilirəm ki, tələb olunan iki yüz min manat onun bir ya iki aylıq qazancıdır. Buna görə uşağı riskə atmağa dəyməzdi. Həm də bu halda mənim sirrim sirr olaraq qalacaqdı. Ancaq birdən nə baş verdisə, Fərman fikrini dəyişdi. Özü dediyi kimi, nəsə bir hiss onu narahat etməyə başladı. Nə qədər dilə tutmağa çalışsam da, dedi ki, yox, onlar uşağı mənə qaytarmayacaqlar. Həmin vaxt sizə dediyim səbəblərdən bunun əksinə əmin olsam da, onu fikrindən daşındıra bilmədim. Axı nə deyəydim? İndi başa düşürəm ki, o, haqlı imiş. Sonra birdən siz yadına düşdünüz. Daha doğrusu, professor dostu Ənvər Seyidbəyli. Haqqınızda ondan eşidibmiş. Gecə ilə Ənvərə zəng elədi, nömrənizi istədi. Bundan sonrasını bilirsiniz.

Sənubər söhbətini bitirib mənə baxdı.

 

 “Ədəbiyyat və incəsənət”

(05.08.2024)