ƏN YENİ POEZİYA: “Hər daşın altında bir ilan yatır”, Faiq Hüseynbəyli Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli  “Hər daşın altında bir ilan yatır” söyləyəcək. 

 

Doğrulardı adamlar, 

yalanlardı adamlar.

Dünyanın yaddaşında

qalanlardı adamlar.

Adamlardı ilanlar, 

ilanlardı adamlar.

Hər daşın altında bir ilan yatır. 

 

Ayaqlar yorğun düşüb,

baş danışır dərdini,

Balıqların diliylə

quş danışır dərdini.

Adamlar daşa dönüb,

daş danışır dərdini.

Hər daşın altında bir ilan yatır. 

 

İzlər düşüb yolların

ağına-qarasına.

Fikrin əlindən gedək

dünyanın harasına?

Ağırdı söz yarası,

duz basıb yarasına-

Hər daşın altında bir ilan yatır. 

 

Ömrün xoş məqamında,

Şirin çağında yatır.

Həqiqətlər solunda,

Yalan sağında, yatır.

Yatır papaq altında,

Fil qulağında yatır,

Hər daşın altında bir ilan yatır. 

 

Ədəbiyyat və incəsənət”

(01.08.2024)