“Hər şey bura qədərmiş…” - Aləmzər Sadıqqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aləmzər Sadıqqızının şeirlərini təqdim edəcəyik. 

 

 

Unutdum...

 

Canımı qoymağa yer tapmayanda

Başımı ayrılığa qoydum.

Yuxuya verdim gözlərimi,

Layla dedim buludlara,

Nağıl dedim ulduzlara,

Unutdum bu dünyanı, unutdum sən qarışıq...

 

İçimdə küt ağrı kimidi bu yorğun sabah,

Günəşi buz kimi.

Quşları da oxumur bu səhərin,

Çiçəkləri ətirsizdi baharın.

Adamları etinasızdı dünyanın,

Unutdum adamları, unutdum, sən qarışıq...

 

Əlimi açdım göyə, Tanrı ilə danışdım,

Bir az hüzur istədim,

Bir az ömür istədim.

Səni unutmaq üçün bir az dözüm istədim,

Ayrılığa bir çözüm, bir də çarə istədim,

Unutdum ayrılığı, unutdum sən qarışıq.

 

Hamı gülsün, gül açsın, güllər gülə verilsin,

Mənsiz açsın çiçəklər, mənsiz gülsün ürəklər.

nəğmə desin dodaqlar, gülsün bütün ocaqlar,

Gülsün, Yer üzü gülsün,

Mən gülməyi unutdum, unutdum, sən qarışıq...

 

Gözlər sevgidən gülər,

Ürək sevgidən dinər,

Həyat nəğmələrini sevgi dilində söylər,

Arılar çiçəklərə, çiçəklər böcəklərə,

Küləklər ağaclara, ağaclar yarpaqlara,

Qaranquşlar bahara, həyat yaşayanlara

Məhəbbətdən, sevgidən minbir nağıl danışar.

Sən olmayan dünyanı sevməyi bacarmadım,

Unutdum sevməyi də, unutdum, sən qarışıq...

 

*

Yenə kövrəlmişəm, göy üzü kimi,

Axşamdan kəsməyən yağış kimiyəm.

Bütün duyğuları gözündən daman,

Kədərdən çatlayan baxış kimiyəm.

 

Buludum içimdə, göyüm içimdə,

Mənim ağrılarım özümdən yağır.

Ürəyim dünyanın daman yeridi,

Hərdən dolub, daşır, gözümdən yağır.

 

Bu qismət, bu tale, bu nə yazıymış,

Könlüm bir atəşdə bişən deyilmiş.

Əzəldən bu nağıl kəm yazılıbmış,

Sonunda almalar düşən deyilmiş...

 

*

Ruhuma yağan yağış,

Gəl, sənə bir sirr açım:

Mənim sevgidən deyil,

Səndən islanıb saçım.

 

Səni sevdiyim kimi,

Bir kimsəni sevmədim.

Sənlə danışdığımı,

Sevdiyimə demədim.

 

Səni alıb ovcuma,

Dönə-dönə öpürəm.

Çəkirəm ürəyimə,

Gözlərimdən tökürəm.

 

Qoşulub mən də sənə,

Uşaq kimi yağıram.

Bəlkə kipriklərimlə

Sənə nağıl yazıram.

 

Biri varmış, biri yox,

Pir payız, bir yaz varmış.

Biri göyü sevirmiş,

Biri yerə aşıqmış.

 

Sən iki sevgilinin

Söhbətisən, sözüsən.

Yerlə Göy arasında

Məhəbbətin dilisən!

 

Bəlkə o üzdən səni,

Sadəcə sevən anlar,

Kimsə bilməz dərdini,

Sənə danışar, ağlar...

 

*

Mən səni görəndə quruyar dilim,

Əllərim titrəyər, ürəyim əsər.

Yol olmaz geriyə qayıdım deyə,

Göz yaşım danışar, sözümü kəsər.

 

Mən saçı ağaran uşaq kimiyəm,

Bir az böyüt məni, bir az öy məni.

Elə bir nağıl yaz dünyama mənim

Bir az yer tanısın, bir az göy məni.

 

Sən də bir mələksən, göydən gəlmisən,

Gəl qarış ruhuma, həsrətim gülsün.

Şeytanı mələkdən bu bol dünyanın

Bir Aləm adında mələyi ölsün.

 

*

Məni unutmağı asan bilmə sən,

Bilirsən ruhunda, qanındayam mən.

Aldığın havada, içdiyin suda,

Təpədən-dırnağa canındayam mən.

 

Nə qədər könlümü oyursansa, oy,

Həsrətin əliylə ürəyimi soy.

Apar əllərini ürəyinə qoy,

Gör necə qəlbinin yadındayam mən.

 

Bir xoş xatirə yox, anıb güləsən,

Bilmirəm, ömrümə gəldin niyə sən?!

Qoy deyim, ömürlük bunu biləsən,

Ölüncə təninin solundayam mən!

 

Başını götürüb getdiyin yerə,

Özündən qaçıb da itdiyin yerə,

Məni ürəyindən atdığın yerə

Dönüb görəcəksən yanındayam mən.

 

Sənsiz əllərimin səsi üşüyər,

Ölən arzuların nəşi üşüyər,

Ölən bir qəribin yası üşüyər,

Bilmərsən, o anda hayandayam mən.

 

Səni kim ağlayar məndən savayı?!

Yıxılar könlümün sənli sarayı,

Ay mənim könlümün hayı-harayı,

Səslərsən, görərsən məzardayam mən!

 

*

Məndən inciməyi heç düşünməyin,

Belə yaşayıram... belə... birtəhər...

Heç kim küsə bilməz mən könüllüdən,

Özümdən inciyib, küsdüyüm qədər.

 

Sormayın necəyəm, bilməyin necə,

Gecə mənlə yatır, ya mənmi gecə?

Bir ömür oynadım, sonu heç-heçə...

Ondan yıxır məni, yıxır bu kədər.

Gözümdən könlümə damır göz yaşım,

Unudur məni də mənim yaddaşım.

Mənim sirr yoldaşım, öz ürək daşım.

susduqca içimi yeyir bu qəhər.

 

Hər gecə içimi didər bir sual,

Özüm öz qarşımda bitərəm lal-lal.

Min dərdə bölünər, olar halbahal,

Görən, açılarmı, görən, bu səhər!

 

Kimi dünya yeyir, kimi qəm yeyir,

Kimi ömür boyu duman, çən yeyir.

Birisi bəs qədər, biri kəm yeyir,

Kiminin udduğu havası zəhər.

 

Yazar min sevincdən barsız ömrünü,

Elə hey xərclənən karsız ömrünü.

Bu nakam ömrünü, şansız ömrünü

Yazar sətir-sətir... verər min bəhər.

 

 

Bir ayrılıq var

 

Bir az ürəyinə, bir az gözünə

Yığ məni, özünlə apar, nə olur.

Üzünə baxanda bilirsənmi heç

Nədən gözlərimə yağışlar dolur?

 

Sənsiz boşalacaq, bəlkə bu dünya,

Bəlkə də güləcək taleyin üzü.

Nə öz ürəyimə əllərim yetmir,

Nə də sənə çatmır sözümün gücü.

 

Hələ də bilmirsən, hayana getsən,

Mənim gözlərimdən keçib gedərsən.

Yumub gözlərimdən tökərəm səni,

Qayıdıb dünyaya təzədən gələrsən.

 

Nə deyim, yolundan saxlayım səni,

Sənə söz verməyə bircə ümid yox.

Nə yazıq, hər şeyi bu bol dünyanın

Azarı-bezarı sevincindən çox.

 

Getsən də, ölümdü, qalsan da, ölüm,

Çətini özündən gedənəcəndi.

Səninlə mənim də xoşbəxtliyimiz

Ölüb bu dünyaya gələnəcəndi.

 

Səndən mənə qalan bircə əmanət,

Gözümü sildiyin bircə yaylıq var.

Ölümdən qorxmuram, ölümdən çətin

Əlimə verdiyin bir ayrılıq var!

 

*

Hər şey bura qədərmiş,

Bitdi bütün arzular.

Daha oxunmayacaq

Yazılmayan nağıllar.

 

Demə, ömrün sonuymuş

Əvvəli saydığım gün.

Yazılmayıb ömrümə

Səni tanıdığım gün.

 

Özüm qurdum, yaratdım,

Öz içimdə böyütdüm.

Qaldırdım zirvələrə,

Endirməyi unutdum.

 

Dağılıb yerə, bir bax,

Olmayan xatirələr.

Üşüyür əllərimdə

Açılmayan səhərlər.

 

İçimdə qırx otaq var,

Lap sonuncu açılıb.

İçində ölən qızın

Könlündə sirr asılıb.

 

Bu da sonuncu nəğməm,

Tökülür yanağımdan.

Mən şeir yazmıram ki,

Qan süzür varağımdan.

 

Bir Aləm var, bir ölüm,

Dayanıblar üz-üzə.

Söz də bitib deyəsən,

Baxışırlar göz-gözə.

 

 

Qoy, nuruna boyanım...

 

Aç qolunu, çağır məni yanına,

Bulud olub, yağıb yerə tökülüm.

Bükülməyə beşcə arşın bezim yox,

Qoy, bir ovuc torpağına bükülüm.

 

Ay göylərdə taxtın qurub oturan,

Qoy, bir ağız ağı deyim, ağlayım.

Həyat verib yaşatdığım birini

Yoxluğumla içdən-içə dağlayım.

 

Nə çəkirəm, sən bilirsən, bir də mən,

Səndən gələn hər əzaba razıyam.

Tərəzinin bir gözündə savablar,

Bir gözündə yüz dərdimin azıyam.

 

Hikmətinə sual yoxdu əzəldən,

Nəyi-nəyə böldüyümü bilirəm.

Niyə doğdum bu dünyaya, bilmirəm,

Amma nədən öldüyümü bilirəm!

 

Aləm adlı bu qızını bağışla,

Qoy, diz çöküm, qüdrətinə dayanım.

Nur içində yaşamadım, bilirsən,

Elə öldür, qoy nuruna boyanım!

 

*

Evim deyəndə yadıma düşür

Uşaqkən qurduğum evciklər...

Onlar daha gözəldi

Arzularıyla,

Ümidləriylə,

Sevgiləriylə...

İnanırdı bir gün şipşirin yuvası olacaq,

Pəncərələrində çiçəkləri gülümsəyən,

Gözlədiyi qonaq gələcək

Əlındə sevgi dolu zənbili...

 

Anlamazdı heç kimdi o qonaq,

Bir az atasına bənzəyirdi,

Bir az da müəlliminə.

Xəyalları doluşardı o kiçik evciyinə,

Anasının köhnə yaylığı xalçası olardı,

Atasının kəsdiyi taxta parçaları əşyaları.

Axşam düşəndə uçurardı qurduğu dünyanı.

 

Bir gün nə evcik qurdu, nə uçurdu,

Uçub getmişdi o adama bənzəyən atası.

Hər tərəf atasızlıq qoxuyurdu,

Bütün dünya ayrılıq nəğməsi oxuyurdu.

Bir küncə atılıb qalmışdı

Atasından başlayan arzuları.

Bilmirdi, hələ canını

            çox sıxacaq o qorxulu nağılları.

 

Bilmirdi, bir gün başqa bir evcik quracaq

Yalanlardan başlayan.

İçində çox ağlayacaqdı

            ürəyindən yıxılan günlər.

Bilmirdi, hələ çox öldürəcək onu

Kirayə-kirayə, yalan-yalan evciklər...

Tikə-tikə yox, uça-uça

            gedəcək ömrünün sarayına.

 

Bilməzdi ki, içi sevgidən

            evi adamdan yetim qalar,

Atasına bənzəyən o adam girməz qapıdan,

Soruşmaz ehtiyacının nə olduğunu.

Gözlərinin niyə gülmədiyini,

Uşaqlarının niyə xəstələndiyini,

Almaz əllərindən daş kimi ağır dərdlərini.

 

Evim deyəndə yadına düşür indi

Yerini bilmədiyi kiçik bir yuvası var

Onu evciklərindən alan...

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2024)