Bilmirəm əllərindən tutummu, tutmayımmı… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Təranə Dəmir yeni şeir çələngini oxuculara təqdim edir. 

 

 

XEYİRLİYƏ YOZULSUN

 

Yenə sıxır bu səhərin havası,

Ürəyimə bir qurd salıb bu səhər.

Qulaqlarım cingilyir deyəsən,

Harda isə adımızı çəkirlər.

 

Sən bilirsən yaxşısını, pisini,

Dostumuzu, yadımızı, İlahi.

Təki hər şey xeyirliyə yozulsun,

Kim çəkirsə adımızı, İlahi.

 

 

BELƏ DƏ GÜNÜHDIR, ELƏ DƏ

 

Bir ümid çiçəkləyir başım üstə deyəsən,

Adını nə qoyum mən ilin, günün bu vaxtı?

Bilmirəm əllərindən tutummu, tutmayımmı,

Tutsam günahkar ollam, tutmasam da günahdı.

 

Payızın ortasında hardan çıxdı bu bahar,

Tanrımı lütf elədi, ya yarımçıq duyğular?

Bəlkə də, irəlidə hələ neçə qınaq var,

Batsam günahkar ollam, batmasam da günahdı.

 

Min ulduzun birini seçib gəlib bu sevgi,

Arzunun qanadında uçub gəlib bu sevgi,

Tənhalığın içindən keçib gəlib bu sevgi,

Dadsam günahkar ollam, dadmasam da günahdı.

 

Bəlkə, bu da sınaqdı, imtahandı, bilmirəm,

Ya xəzana, payıza bir üsyandı, bilmirəm,

Hansı hissdi, duyğudu, həyəcandı, bilmirəm,

Atsam günahkar ollam, atmasam da günahdı.

 

Necə götürüm indi bu eyhamı, minnəti?

Yüz cümlə ovudammaz bir ağrıyan həsrəti,

Hansı zülmətə satım bu boyda həqiqəti?

Satsam günahkar ollam, satmasam da, günahdı.

 

 

ÇIXA BİLMİRƏM

 

Yolumu əyrilər kəsir,

Düzümdən çıxa bilmirəm.

Zaman ölümə tələsir,

Sözündən çıxa bilmirəm.

 

Göy üzündən düşən dənəm,

Lap zənbillə düşəndənəm,

Öz odumda bişəndənəm,

Közümdən çıxa bilmirəm.

 

Adam olmaq nə mahalmış,

Görəcəkli günüm varmış,

Bu bədən bu ruha darmış,

Özümdən çıxa bilmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)