ƏN YENİ POEZİYA: “Bir də dünyaya gəlsəm”, Faiq Hüseynbəyli Featured

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli  “Səni görürəm” söyləyəcək. 

 

Yenə rəml atıram, fala baxıram,

Qara saçlarımda dəni görürəm.

Dost kimdi, düşmən kim... kimi-kimsəni,

Ən yaxın, ən uzaq... "ən"i görürəm. 

 

Açılıb bəsirət gözlərim daha,

Ümidi buraxmaq olmaz Allaha.

Sevgilər satılır ucuzdan baha,

Bahadan ucuzdur kini, görürəm. 

 

Kimdi süddən çıxan o təzə qaşıq?

Hanı zülmətləri yaran nur, işıq?

Bütün fikirləri qarmaqarışıq,

Bütün izahlarda "yəni" görürəm. 

 

Haqqını əlindən durub alırlar,

Hiylələr, tələlər qurub alırlar.

Bütün sahələri vurub alırlar,

Hündürü, uzunu, eni görürəm. 

 

Yenə oxuyuram bu tilsimləri,

Kimləri görürəm, baho, kimləri...

Şaqraq gülüşləri, təbəssümləri,

Görürəm saxtadı, süni görürəm. 

 

Bircə sən qalmısan, əzizim Maya,

Maya şərti addır burda formaya...

Sanki səpilmisən bütün dünyaya,

Haraya baxıram səni görürəm. 

 

Ədəbiyyat və incəsənət”

(31.07.2024)