POETİK QİRAƏTdə Ayaz Arabaçının “Rahatlıq torpağın altdadı” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün vətəndaş poeziyasının gözəl nümayəndəsi Ayaz Arabaçıdır, bu dəfə  “Rahatlıq torpağın altdadı” şeiri ilə. 

“Üç arzu ummuşdum qızıl balıqdan,

O da fors elədi-istə xalıqdan...”

Gözəl və orijinal deyir, düzdümü?

Xoş mütaliələr!

 

Dərd üstən dərd yazır, canısağolmuş,

Dərd yazır, alnımın xəttatı, ancaq.

Özüm sürünürəm birinci qatda,

Xəyalım yüzüncü qatdadı, ancaq.

 

Ruhuma istilik şəms ilə çatmır, 

Qovub teyləyirəm bəm, zilə çatmır, 

Atım on gedişə mənzilə çatmır, 

Şahım üç gedişə matdadı, ancaq.. 

 

Qılıncdı, qalxandı qolun fərəhi,

Yoxdu" ol" deyənə "ol" un fərəhi,

Yola ki çıxırsan, yolun fərəhi,

Yalına yatdığın atdadı, ancaq.

 

Dünya çox elə də neyimdə deyil,

O qan ki içilir, meyimdə deyil, 

Pulda vəzifədə, geyimdə deyil,

Adam qazandığı addadı, ancaq.

 

Əl boyda dünyaya mən necə sığım,

Bu qədər acığı harama yığım, 

Yadımdan çıxıbdı unutmadığım, 

Hər gün unutduğum yaddadı, ancaq.

 

Üç arzu ummuşdum qızıl balıqdan,

O da fors elədi-istə xalıqdan...

Can çətin qurtara qarışqalıqdan,

Rahatlıq torpağın altdadı, ancaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2024)