RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Bunları deyən Sənubər qalxıb mətbəxə keçdi. Əlində iki stəkan su ilə qayıtdı. Stəkanın birini mənə uzadıb yerinə oturdu.

- Nə etdiyimi yalnız səhəri gün başa düşdüm. Amma daha gec idi. Ağa məni sakitləşdirir, onsuz da evlənəcəyimizi deyirdi. Ona güvənirdim. Ancaq həmin vaxt nə o, nə də mən əsas şeyi bilmirdik. Mən ilk dəfədən hamilə qalmışdım.

Sənubər gətirdiyi suyu birbaşa başına çəkib stəkanı kənara qoydu. Davam etməsini gözlədim.

- Məni o iki nəfərdən qoruyanda ilk dəfə «Gəldim, ruhum» qışqırmışdı. Sonradan bunun qeyri - ixtiyari, özündən asılı olmadan baş verdiyini etiraf etmişdi. Hələ məni uzaqdan izlədiyi vaxtlarda tələbələrin hansındansa adımın Ruhanə olduğunu öyrənib bilirmiş. Sonralar da məni belə çağırırdı. Ya ruhum, ya da qısaca «Ruh» deyirdi mənə. Deyirdi sənsiz ölərəm, sən mənə can verən ruhsan. Bu cür deməsi yaman xoşuma gəlirdi onda. Çox xoşbəxt idim. Beləcə ikinci semestrin bitməsini, elçilərin gəlməsini gözləyir, günləri sayırdım. Sonra hər şey bir anda dəyişdi. Zəng vurub təcili görüş istədi. Səsindən hiss etdim ki, nəsə olub. Tez dediyi yerə getdim. Rəngi avazımışdı. Gözlərimin içinə baxıb «məni bağışla» dedi. Heç nə başa düşmürdüm. Nə olduğunu soruşdum. Adam vurmuşam dedi. Sanki dünya başıma fırlandı. Vurduğu adam ölmüşdü. On yeddi bıçaq zərbəsi vurubmuş. Bunu sonra, məhkəmədə bildim. Hər şey aydın idi deyə, iş çox da uzanmadı, məhkəməsi tez oldu. Prokuror xüsusi amansızlıqla qətl törətdiyini deyib ən ağır cəzanı istədi, hakim də azaltmadan həmin cəzanı verdi - on beş il. Məhkəmədə çox şey öyrəndim. Ağa qumarbaz imiş. Daha dəqiq desəm qumar xəstəsi imiş. Bunu məndən gizlədirmiş. Sən demə kartinq yarışlarına da həvəsi buradan imiş, yarışlara pul ilə qoşulurmuş. Vurduğu adamın ona böyük məbləğdə qumar borcu var imiş. Poker oyununda uduzubmuş Ağaya. Ağa özü də həmin vaxt kiməsə xeyli pul uduzubmuş. O, pulu alıb uduzduğu adama olan borcunu bağlayacaqmış. Borcunu istəyəndə adam onu yeddi mərtəbə söyüşlərlə söyüb. Vermək istəmirmiş uduzduğu pulu. O da vurub. Beləcə özünün də, mənim də həyatımı məhv etdi. Ağlaya-ağlaya evə gəldim. Nə edəcəyimi bilmirdim. Bir yandan Ağanın tutulması, bir yandan bakirə olmamağımın dərdini çəkirkən bir müddət keçmiş hamilə olduğumu başa düşdüm. Təsəvvür edirsiniz nə halda idim? Kömək istəyəcək, bölüşəcək bir adamım yox idi. Ağanın qohumlarından təkcə xalası oğlunu tanıyırdım. O da mənim həmyaşıdım idi. Mənə nə köməyi dəyə bilərdi ki? Əvvəlcə intihar etmək fikrinə düşdüm. Ancaq bacarmadım, açığı qorxdum, edə bilmədim. Qarnım hiss olunmasa da, artıq ürəkbulanmalarım başlamışdı. Bir gün evimizdə məclis var idi. Bütün qohum-əqrəba bizə yığışmışdı. Qəfildən halım pisləşdi. Məni təcili yardımla xəstəxanaya çatdırdılar. Evdəki qonaqlar da narahat olub bizimkilərlə birlikdə xəstəxanaya axışmışdı. Halım çox pis idi. Məni aparata qoşmuşdular. Danışa da bilmirdim. Müayinə edən həkim dəhlizə çıxıb hamilə olduğumu elan edir. Bəlkə də bunu edəndə muştuluq gözləyirmiş. Qısası hamilə olduğumu tək ailəm yox, bütün qohumlar bildi.

Sənubər bu yerdə dözə bilməyib söhbətinə ara verdi. Bayaq gətirdiyi, əl vurmadığım suyu ona uzatdım. Alıb başına çəkdi. Bir qədər nəfəsini dərib davam etdi:

- Mən böyük bir nəslin üzqarasına çevrilmişdim. Səhəri gün özümə gələndə eşitdim ki, atam deyib bir də o evə gəlməyim. Hamı üstümdən xətt çəkmişdi. Kaş elə o vaxt məni öldürəydi. İki gün sonra xəstəxanadan çıxdım. Kirayədə yaşayan tələbə qızlardan birinə xahiş edib bir neçə gün onun yanında qaldım. Kasıb ailənin qızı idi. Ona yük olmamaqçün iş axtarmağa başladım. Halım nisbətən yaxşılaşmışdı. Daha dərslərə də getmirdim. Xeyli yerdə «yox» cavabı aldıqdan sonra gəlib Fərmanın şirkətinə çıxdım. Görünür qismət belə imiş. Məni özü şəxsən qəbul etdi. İlk baxışdan məndən xoşu gəldiyini hiss etdim. Xeyli söhbətə tutdu. Çarəsiz idim, buradan da yox cavabı almaqdan qorxduğum üçün ümumi sözlərlə vəziyyətimi ona danışdım. Qısası, qız uşağı olmadığımı bildi. Səhərisi gün əmrimi verib işə götürdülər. Hər şey çox tez baş verdi. Bir həftə sonra yenə otağına çağırtdırdı. Məndən xoşu gəldiyini, ikinci ailəsi kimi saxlamaq istədiyini dedi. Onda bildiyiniz kimi mənim on doqquz yaşım vardı. Onunsa yaşı qırx beş idi. Ağlayıb qaçaraq kabinetindən çıxdım. Axşam tələbə yoldaşımla qaldığım evə gələndə evdə qalmış sonuncu iki kartofu qaynadıb məni gözlədiyini gördüm. Səhər yediyim bir tikə pendir çörəyin üstündə olsam da, yalandan tox olduğumu deyib yeməyə toxunmadım. O gecə səhərə qədər gizlicə ağladım. Səhər işə gələndə Fərmanın otağına girib razı olduğumu dedim. Həmin vaxt bir aydan bir qədər çox idi ki, hamilə idim. Bunu ondan gizlətdim. Fərman əvvəlcə bir ev kirayələdi mənimçün. Sonra gördüyünüz bu evi aldı. Mənə çox yaxşı baxıb həmişə. İndiyənə qədər bir dəfə də olsun xətrimə dəyməyib. Bir müddət ürəkbulanmaya qarşı dərmanlar qəbul etdim. Sonra hamilə olduğumu ona dedim. Çox sevindi. Həyat yoldaşından iki qızı vardı. Həkimlər üçüncü doğuşu yoldaşına qadağan etmişdilər. Fərmansa oğlan istəyirdi. Onun necə sevindiyini gördükcə hər gün vicdan əzabından ölüb - dirilirdim. Ancaq özümü öldürməyə əlim gəlməmişdisə, başqa yolum yox idi, bu cür yaşamağa məcbur idim. Bir müddət sonra müayinəyə göndərdi. Uşağın cinsinin oğlan olduğu bilindi. Fərmanın imkanı olsa, qanad açıb uçardı. Atalıq vermək üçün məni öz soyadına keçirdi. Elə həmin vaxt ondan xahiş edib adımı da dəyişmək istədiyimi dedim. Adımı dəyişmək fikri qəfil ağlıma gəlmişdi. Keçmişimi silmək, əsas da məndən üz döndərmiş ailəm, qohumlarım üçün bu şəhərdə birdəfəlik yox olmaq istəyirdim. Günahkar özüm olsam da, məni on doqquz yaşında küçələrə atmış yaxınlarıma qarşı içimdə bir nifrət oyanmağa başladığını hiss edirdim. Ancaq başqa tərəfdən də beynimdə, xəyallarımda, hətta yuxularımda mənə «ruhum» deyən birisi var idi. Adımı dəyişəcək, özümsə həmişə Ruhanə olaraq qalacaqdım. Fikirləşib Sənubər adının üzərində dayandım. Bu, on dörd yaşında dünyasını dəyişmiş xalam qızının adıdır. Birlikdə yaşamağa başlayandan sonra həyatımı Fərmana danışmışdım. Məni başa düşdüyü üçün adımı dəyişməyimə etiraz etmədi. Beləcə mən dönüb Sənubər oldum. Yadımdadır, Fərman bu şad xəbərin hədiyyəsi kimi məndən nə istədiyimi soruşdu. Qəsdən hədiyyəni özüm seçib alacağımı dedim. Onda masanın üstünə bir əllilik dəsti qoyub işə getdi. Həmin gün o pullardan iki min manatını ayırıb məni evində saxlamış tələbə qızın evinə getdim. Heç bir izah vermədən pulları ona verib geri qayıtdım. Fərman nəsə başqa şey fikirləşməsin deyə qalan üç min manata özümə bir hədiyyə aldım.

Bu yerdə Sənubərin telefonuna yenə zəng gəldi. Bu dəfə də zəng edən sürücü idi. Fürsətdən istifadə edib telefonumu çıxarıb saata baxdım. Söhbətin belə uzun çəkəcəyini gözləmirdim. Zənnimcə Sənubər danışmağa başlayıbsa, get - gedə mənə lazım olan məqamların üstünə gələcəkdi. Əlbəttə irəlidə hələ sabah axşama qədər vaxtım var idi. Ancaq belə olarsa, elə bu gecə hərəkətə keçməyi düşünürdüm. Bununçünsə ən yaxşı vaxt gecə saat 3 ya 4 radələri idi. Ona görə də təhlükənin dərəcəsini hələ də tam anlamayıb xatirələrinə qapılan Sənubəri tələsdirmirdim. Nə olur olsun, dediyim vaxta qədər gəlib məni maraqlandıran məqamlara çatacaqdı söhbətində. Qoy, ürəyini boşaltsın. Nə qədər çox şey danışarsa, o qədər çox məlumatlı olaram. «Molla»nın uşağın başına nə oyun gətirə biləcəyini təxmin edirdim. Sənubərə onun bu işin içində olduğunu yalnız ehtimal etdiyimi desəm də, Ağamirzənin məhz onun köməyindən istifadə etdiyinə şübhəm yox idi. Nadirin topladığı kifayət qədər inandırıcı dəlillər bu ehtimalı çoxdan əminliyə çevirmişdi. Ağa qumar borcuna görə adam vurmaqla yalnız bir dəfə cinayət törətmiş biri idi. Deməli əvvəllər onun hansısa cinayət əlaqələri olmayıb. Azadlığa çıxdığı qısa müddət ərzində də belə əlaqələr qurması mümkün deyildi. Xüsusilə, adam oğurluğu kimi bir işdə kimə gəldi etibar edə bilməzdi. Bu rola yalnız onunla yaxın vaxtlarda azadlığa çıxmış Cahandar Mollayev uyğun gəlirdi. Bu da çox pis idi, olduqca pis.

Mətbəxə keçib qayıdan Sənubər yenə kofe və çay süzüb gətirmişdi. Layiqədən gəlmiş təsdiq mesajını oxuyub söhbətin davamını dinləməyə hazırlaşdım. Kuryer şəkli ona çatdırmışdı. Deməli, Layiqə artıq Novxanıya yola düşüb.

Sənubər yerini rahatlayıb qaldığı yerdən davam etdi.

- İnstitutu atmışdım. Dediyim səbəblərdən evdən də çox çıxmamağa çalışırdım. Mənə fahişə kimi baxan qohumlarımdan kiminləsə təsadüfən rastlaşmaq istəmirdim. Ağanın xalası oğlu ilə də əlaqə saxlamamışdım sonradan. İnsafən pis oğlan deyildi. Adı İmran idi. Ancaq yerimi bilməsini istəmirdim. Qarşıda Ağanın əfv fərmanı şamil olunmayan on beş illik məhbusluq həyatı var idi. On beş ildən sonra gəlib mənə nə deyəcəkdi, yaxud mən Fərmana nə deyəcəkdim? Yaşım az olsa da, hələ o vaxt bunları başa düşdüyümçün qərarımı vermişdim. Fərmanı sevdiyimi deyə bilmərəm. Ancaq ən çətin anımda qarşıma çıxıb mənə əl uzadan yeganə insan kimi ona böyük hörmətim var. Ağanı isə yalnız xəyallarımda yaşadırdım. İlk məhəbbətim kimi, övladımın atası kimi. Hər dəfə Fərmanla yatağa girəndə onu düşünür, sanki onunla olurdum.

Bunları deyib Sənubər başını yellədi. Bunun səbəbini başa düşməsəm də, heç nə soruşmadım. Bir qədər fikrə gedib davam etdi...

 

 “Ədəbiyyat və incəsənət”

(31.07.2024)