Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Bağrımda sənə” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aydın Sabahın  şeirlərini təqdim edir. 

 

 

Aydın Sabah

Təbriz

 

 

BAĞRIMDA SƏNƏ

 

Bir qəzəl doğmuşam axşam, gecə bağrımda sənə.

Günəşi saxlamışam gizlicə bağrımda sənə.

 

Mən keçən günlərimi payladım ay sevdicəyim,

İndi ulduz dərirəm bax necə bağrımda sənə?!

 

Boyludur bağçamızın gülləri sənsiz payıza,

Baharı oxşayıram nazlıca bağrımda sənə.

 

Sənə, sənsiz darıxır gözlərimin nargiləsi,

Çalıram duyğuları sazlıca bağrımda sənə.

 

Sən günəşlənmiş adımsan, adının qurbanı mən,

Odu könlüm uduzub bir heçə bağrımda sənə.

 

Gəl yenə gül bitirək sevgimizin bağrına biz,

Qoyma kol-kos göyərə sevgicə bağrımda sənə.

 

Kimsə yağmaz belə artıq giləsin dəftərinə,

Bir qəzəl doğmuşam axşam bağrımda sənə.

 

“Ədəbiyyat və incəsənət”

(30.07.2024)