RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Bunu deyib Sənubərin gözünün içinə baxdım.

- Niyə? - ilk dəfə bu qadının gözlərinin dərinliyində büruzə verdiyi zəif narahatlıq işartılarını sezə bildim.

Təmkinlə davam etdim:

- Ona görə ki, həmin «Molla» ləqəbli qatil Cahandar Mollayev haqqında bəhs etdiyim və sizə qonaq gəlmiş Ağamirzə Cəfərovla eyni həbsxanada cəza çəkiblər. Orada «çörək dostu» olublar. Buna həbsxana jarqonunda «xlebnik» deyirlər. Yəni həbs müddətində birlikdə çörək kəsən, qardaşlaşan məhbuslar. Hər məhbusun yalnız bir «xlebnik»i olur. Belə adamları həbsxanada da, azadlığa çıxdıqdan sonra da çox şey bir - birinə bağlayır. Mən belə adamların ömürlük davam edən ülvi dostluğuna inanmıram. Onları daha çox birləşdirən azadlığa çıxdıqdan sonra növbəti cinayət planını birlikdə cızmaları olur. Xəbəriniz olsun ki, həmin «Molla» Ağamirzədən cəmi bircə ay fərqlə həbsxanadan azad olunub, yəni iki ay əvvəl. O da məlumunuz olsun ki, adam oğurluğu əksər hallarda bir nəfər tərəfindən həyata keçirilmir. Belə hallar olubsa da, çox az olub və müstəsna hal hesab olunur. Bu işdə ən azı belə fikrə düşən adama bir nəfər köməkçi lazımdır. Bilmirəm tanışınız Ağamirzəni niyə belə ciddi - cəhdlə müdafiə edirsiniz, amma bilin ki, sonadək sussanız belə, uşağı qaçıranın məhz o olduğuna şübhəm yoxdur. Məni narahat edən bu cinayətdə əli olan ikinci adamın indiyə qədərki cinayətlərində heç bir şahidi sağ qoymayan Cahandar Mollayevin olmasıdır. Residivist kimi onun əlamətləri hüquq - mühafizə orqanlarına tam bəllidir. Sağ qaşının üstündə iri çapıq olan, üzü çopur, bədəncə qeyri - adi nataraz bu adamın pulu aldıqdan sonra belə əlamətlərlə onu görmüş oğlunuzu sağ saxlayacağı böyük sual altındadır. Üstəlik, heç kim Fərman Gəraybəyli kimi imkanlı və əli hər yerə çatan bir düşməninin olmasını istəməz. Lap polisə müraciət etməsə belə, Fərman müəllim qaytarılacağı təqdirdə oğlunu sorğu - sual edib sonra əlaqələrindən istifadə edərək həmin əlamətləri olan adamı axtaracaq. Bunu Cahandar kimi təcrübəli cinayətkar gözəl başa düşür. Ona görə də o, bütün izləri silməyə çalışacaq. Siz hələ nəyəsə ümid edib susmaqda davam edə bilərsiniz, ancaq mən deyəcəklərimi dedim. 

Bunları deyib susdum. Mən va - bank getmirdim. Dediklərim həqiqət idi, öyrəndikdən sonra məni çox narahat edən həqiqət. Bütün bunları Nadir qısa müddətdə öyrənib mənə xəbər vermişdi. Elə bundan sonra alınmış bir gün möhlətin axşamını gözləməməyi qərara almışdım. Yoxsa gecikə bilərdim. Bayaq dediyim «bəzi şeyləri» isə, məhz Sənubərdən öyrənməli idim. Fikrimcə ya indi dediklərimdən sonra bu qadın məsələnin ciddiliyini başa düşüb nəhayət dilə gələcək, ya da ki, mən burada vaxt itirməklə həyatımın ən böyük səhvini edirdim.

Otağa uzun bir sükut çökmüşdü. Sənubər hələ də danışmırdı. Gözucu ona baxdım. Kofedən növbəti qurtumu vurmaq üçün qaldırdığı əli havada donub qalmış, gözlərini bir nöqtəyə dikmişdi. Onun bu dediklərimdən sonra da susacağını gözləmirdim. Sükutun xeyli uzandığını görüb ayağa qalxdım. Dəhlizə tərəf getmək istəyəndə o dilləndi:

- Getməyə tələsməyin.

Səsindəki təkəbbür və amiranəlik yoxa çıxmışdı. Deməli, bu qadının buzunu qıra bilmişdim. Oturmadan çönüb ona baxdım.

- Əyləşin, Bəxtiyar müəllim, xahiş edirəm.

Ayaq üstə dayanmaqda davam etdiyimi görüb əlavə etdi:

-Bilirəm, sizi çox incitdim. Hər şeyi gözəl başa düşürəm. Hətta oğlumu qaçıranlarla əlbir olduğumu düşündüyünüzün də fərqindəyəm. Ancaq məsələ başqa cürdür, inanın. Əgər əyləşib məni dinləmək xahişimi qəbul etsəniz, bilin ki, daha sizdən heç nə xahiş etməyəcəyəm. Əyləşin və bu bədbəxt qadını dinləyin. Sonra nə qərar versəniz, qəbul edəcəyəm.

Gözlərində təlaş açıq - aşkar hiss olundu. Bu qadın, araşdırma bitənəcən onu həyəcan içində saxlamamağım üçün etdiyim bütün cəhdlərimi öz tərsliyi ilə puça endirdi. «Molla» haqqında ona heç nə demək istəmirdim və buna çox çalışdım. Bu məsələdə Sənubərə düşən evdə oturub sonluğu gözləmək idi. İşin içində «Molla» kimi qəddar bir qatilin olmasını bilmədən övladının nə vaxt qaytarılacağını gözləməsi bir ana üçün daha asan olardı. Elə bayaqdan susduğu halda birdən - birə hər şeyi danışmağa qərar verməsi vəziyyəti öyrəndikdən sonra onun olduqca həyəcanlanmasının göstəricisi idi.

Təbii ki, onu dinləyəcəkdim. Heç nə deməyib yenidən kresloya oturdum.

Sənubər dərindən nəfəs alıb danışmağa başladı.

- Siz düz dediniz. Hər şey on beş il əvvəl başlayıb.

Bu yerdə yenə kiçik fasilə verib, sonra davam etdi. Görünür o illərə qayıtmaq onun üçün asan deyildi.

- Məktəbi bitirib instituta qəbul olmuşdum. Birinci kurs tələbəsi idim. İlk semestrin sonlarında bir cavan oğlanın hər gün dərsə gələrkən institutun yanında dayanıb mənə baxdığını hiss etmişdim. Sonra dərsdən çıxanda da tez - tez onu görməyə başladım. Ancaq yaxınlaşıb eləmirdi. Elə uzaqdan arxamca gəlir, evə çatdıqdan sonra çıxıb gedirdi. Belə xeyli davam etdi. İnanın özüm hiss etmədən ona elə öyrəşmişdim ki, artıq mənim də gözüm hər gün onu axtarırdı. Bir gün yenə dərsdən çıxıb evə gedirdim. Haradansa iki nəfər çıxıb mənə söz atmağa başladılar. Yaman qorxmuşdum. Çönüb arxaya baxdım. Tərs kimi həmişə arxamca düşən oğlan nədənsə yox idi. Ətrafda adamlar olsa da, o iki nəfərin cüssəsinə baxıb yan keçməyə üstünlük verirdildər. Elə bu vaxt o avaralardan biri qolumdan tutub özünə çəkdi, ikincisi dartıb çantamı əlimdən aldı. Özümdən asılı olmadan bərkdən qışqırıb üzümü əllərimlə qapadım. Birdən bir qışqırıq eşitdim: Gəldim, ruhum! Çönüb baxanda onu gördüm. Qaçaraq bizə tərəf gəlirdi. Çatmağı ilə oğlanları yerə sərməsi bir oldu. Hərəsinin çənəsinə təkcə bir yumruq vurmuşdu. Qolumdan tutub qaçaq dedi. Çantam əlində idi. Bir xeyli uzaqlaşandan sonra dayanıb nəfəsimizi dərdik. Beləcə ilk tanışlığımız baş tutudu. Başa düşdüyünüz kimi, o oğlan Ağamirzə idi.

Söhbətirn bu yerində Sənubərə zəng gəldi. Zəng vuran adamı dinləyib, gecə orada qalmasını tapşırdıqdan sonra xətti kəsdi. Soyumuş kofedən bir qurtum içib davam etdi:

- Sürücü idi. Fərmanın vəziyyəti nisbətən düzəlib. Həkimlər stabil kimi qiymətləndirirlər. Qayıdaq söhbətimizə. Bundan sonra hər gün məni ötürməyə başladı. Bir gün əlində gül dəstəsi ilə gəldi. Bu güllərlə evə gedə bilməyəcəyimi dedim. Yaman pərt olmuşdu. Onda həmin gün ürəyini almaq üçün ilk dəfə qoluna girdim. O vaxta qədər heç əlimdən tutmağa icazə verməmişdim. Beləcə günü - gündən daha yaxın olduq. Məni dəli kimi sevirdi. Mən də onu sevirdim. Beləcə birinci kursu başa vurdum. Yay tətilində hər gün görüşə bilməsək də, imkan tapan kimi bir yerdə olurduq. Ağa uzun illər idi ki, kartinqlə məşğul olurdu. Tez-tez yarışlara da çıxırdı. Məni də özü ilə kartinq meydançasına aparırdı. Sürməyi də öyrətmişdi. Həmin vaxtlar kartinq cavanlar arasında yaman dəbdə idi. Get - gedə bu idman növünə aludə etmişdi məni. Ümumiyyətlə, o nəyi sevirdisə, mən də həmin şeyləri sevirdim. Bir dəfə döngəyə girə bilmədim. Maşın yoldan çıxıb maneəyə çırpıldı. Zərbədən üzüm sükana dəymişdi. Gözümün altındakı bu çapıq da o vaxtdan qalıb. Evdə nə qədər sorğu - sual etsələr də, yıxıldığımı dedim.

Danışdıqca ona baxırdım. Gözləri yol çəkir, sanki həmin günləri təzədən yaşayırdı. Hətta hərdən özü də hiss etmədən siması xoşbəxtlik saçırdı. Bəlkə də həmin vaxt ömrünün ən xoşbəxt günlərini yaşayırmış. Hiss etdirmədən saata baxdım. Vaxtım var idi. Onu bu xəyallardan ayırıb tələsdirməyəcəkdim. Qoy ürəyini boşaltsın.

- Mən çox kübar və imkanlı bir ailənin qızıyam, nəslimiz bəy nəslindən gəlir, - Sənubər sanki yuxudan ayılıbmış kimi söhbətinə davam edi. Gizli görüşürdük. Evdəkilər nəsə bilsə, bu mənimçün fəlakət olacaqdı. Ağa elçi göndərəcəyini deyir, ancaq bir il gözləməyimi istəyirdi. Bu məni ürəkləndirirdi. Artıq onu həyatda ən yaxın adamım sayır, onsuz bir gün də qala bilmirdim. Məndən səkkiz yaş böyük olması da vecimə deyildi. Hələ əksinə, bu xoşuma gəlirdi. Özümü onun yanında dağa söykənmiş kimi hiss edirdim. İkinci kurs başlamışdı. On doqquz yaşıma keçmişdim. Bu dərs ilini başa vuranda elçilərini göndərəcəyini razılaşmışdıq aramızda. Artıq onunla təklikdə qalmaqdan da çəkinmir, aramız get - gedə açılırdı. Hərdən onun tapdığı tənha guşələrə çəkilib uzun - uzadı öpüşürdük. Ondan doya bilmirdim. Bir gün məni kafeyə dəvət etdi. Şampan, meyvə sifariş verdi. Həyatımda ilk dəfə içki qəbul etdim. Sonra cibindən bir açar çıxarıb dostunun evinin boş olduğunu, ora gedə biləcəyimizi dedi. Yox demədim. Onunla hər fürsətdə ikilikdə qalmaq istəyirdim. Birlikdə o evə gəldik. Yüngülcə başım gicəllənirdi. Evə girən kimi çarpayıya uzandıq. Nə qədər öpüşdüyümüzü xatırlamıram. Sonra məni soyundurdu. Sanki hər şey yuxuda baş verirdi. Ona etiraz edə bilmirdim. Daha dəqiq desəm, özüm də bunu istəyirdim. Beləcə on doqquz yaşımda Ağa mənim bakirəliyimi pozdu.

 

 “Ədəbiyyat və incəsənət”

(30.07.2024)