“Burda Müşfiqin dodağının qanı var…” -Allahşükür Ağa Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.

 

 

II YER

 

 

Allahşükür AĞA

 

 

LƏPİR

 

Axşam qoyub gəldiyim ayaq  izlərimi

Səhər  qarşılayıram,

Demək, yaşayıram...

 

Bir ayaq ləpirim

Axşam yağan yaz yağışından

Bir ovuc su saxlamış içində...

 

Bir  alagöz sərçə su içir

Ayaq ləpirimdən.

 

Başını yuxarı qaldırdıqca

Sərçənin duasını eşidirəm:

“Allah, sabahımız üçün də

Bir ayaq  saxla”.

 

Elə sevinirəm ki,

əyilib baxıram

ayaqlarıma...

 

 

BAYIL TÜRMƏSİ

 

Bu asfaltın altında

Bayıl türməsi olub bir vaxt.

Bizdə  ürəyə bax, gör hardan keçirik?

 

Ayağımı yerə bərk vururam,

Burda, bax burda

Müşfiqin dodağının qanı var.

 

Burda, bax burda

Müşfiqin bir şeiri var, divara yazılan,

Hecası cızılan.

Gərək  o divar parçasını götürüb saxlayaydıq.

 

Burda, bax burda,

Torpağın altında

Sızıltılı bir ah var.

Burda, bax burda

Bir günah var...

 

Yanımdakı qoca bir qadın deyir mənə:

Türməni çoxdan köçürüblər.

Deyirəm: qanı da?

 

 “Ədəbiyyat və incəsənət”

(30.07.2024)