Əyyub Qiyas: “Bu gün televiziya reytinq naminə bütöv ailələri pərən-pərən salır” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi yazıçı və dramaturq Əyyub Qiyasla  görüşdürür.

 

-Salam Əyyub müəllim, 2022-ci iliniz uğurlu olsun. 2021-ci il necə keçdi, yeni ildən gözləntiləriniz nələrdir? 

-Salam. Əlbəttə 2021-ci il daha çox Qarabağ savaşında qazandığımız möhtəşəm zəfərə köklənməklə, qələbə, sevinc ovqatıyla keçdi. Biz buna susamışdıq, buna görə yaşayırdıq. Və bunu gördük. Möhtəşəmdir! Eşqdir! Eşqlidir! Məncə, 2022-ci il müharibədə qazandığımız zəfəri daha da möhkəmlətməklə, iqtisadi cəhətdən uğur qazanmaq və hərbi gücümüzü artırmaqla yadda qalacaq. Bilirsiniz, Azərbaycan çox qəribə coğrafi məkanda yer alır, belə götürəndə bir mahnıda deyildiyi kimi, doğrudan da hər qonşumuzda bir parça torpağımız əsirdir və məncə, o qonşular heç vəchlə bizim güclənməyimizi istəmirlər. Üzdə üzümüzə gülsələr də, müəyyən qədər xoş münasibət qursalar da istəmirlər və bu da təbiidir. Ona görə biz ölkə olaraq, cəmiyyət olaraq, vətəndaş olaraq ilk növbədə daxildə milli birliyimizi qoruyub saxlamalıyıq. Necə ki, 44 günlük müharibə dövründə bu milli birlik ən yüksək səviyyədə özünü göstərirdi, indi də hər hansı çətinliyi, problemli məqamı gözləmədən bunu qorumaq və sonsuza qədər davam etdirmək lazımdır. Heç nə Azərbaycanın müstəqilliyindən, ərazi bütövlüyündün üstün və böyük ola bilməz. O, ki qaldı bu il ədəbiyyat, mədəniyyət sahələrində gözləntilərimə, məncə, bu ildən başlayaraq artıq müharibəni əks etdirən maraqlı filmlər, romanlar, hekayələr pyesaya daxil olmağa başlayacaq. Çünki artıq il yarım ötdü və bu, yazmaq üçün, material toplamaq üçün bəsdir. Uzun sözün qısası, uğurlu il olmasını arzulayıram.

 

- Əyyub Qiyas Sumqayıt ədəbi mühitindən danışsa, nələrə diqqət çəkər, nələri deyər? 

-Təkcə Sumaqayıtın ədəbi mühiti deyil, elə Sumqayıtın elm, mədəniyyət, incəsənət mühiti də ölkə üçün əsas donorlardan biridir. Təsəvvür edirsizmi, hər il yüzlərlə sumqayıtlı abituriyent ən yüksək balla ali məktəblərə daxil olur. Bu göstəricilərə görə Sumqayıt həmişə ilk üçlükdə yer alır. Möhtəşəmdir, deyilmi? Bu gün ölkənin ən aparıcı teatrlarında Sumqayıt teatr məktəbinin yetirmələri, mən deyərdim ki, hətta bir vaxtlar klubların nəzdində fəaliyyət göstərmiş dram dərnəklərinin üzvləri təmsil olunurlar, özü də uğurla təmsil olunurlar. Sumqayıtda onlarla tanınmış elm xadimi, mühəndis, həkim, memar, dövlət adamı yetişib. Yəni Sumqayıt tarixinə görə gənc də olsa, çəkisinə görə ağır kişilərdəndir. Şəhər yarandığı ilk günlərdən burada sıx ədəbi mühit formalaşıb. Həvəskarlarla peşəkarlar həmişə paralel addımlayırlar, burda da belədir. Əlbəttə, yaxşı yazanlar da var, ədəbiyyata əziyyət verənlər də. Amma olsun da. Əsas odur ki, peşəkarlar, istedadlılar öz balanslarını qoruya bilirlər, elə üç-beş imza kifayət edir ki, Sumqayıt ədəbi mühiti ilə bağlı tam və nikbin təsəvvür yaransın. Ədəbi mühitin arxasınca sürünənlər isə həmişə olub və olacaq. Çünki insan şöhrətə meyllidir. Ədəbiyyat həm də adamı tez şöhrətə mindirə bilir. Bunun da iki başı olur, qaragüruh arasında şöhrətli olmaq var, bir də hər kəlməsindən bir pudluq daş asılmış bilginlər arasında şöhrətli olmaq var. Bu, tərkibi bir-birinə uyğun gəlməyən, bir-birinə qarışmayan kimyəvi maddə kimi bir şeydir. Bir-birinə qarışmaz.

 

-Yeni dövr tam fərqli, bir az da zamanı az, səbri az oxucuların olduğu dövrdür. Bunları göz önündə tutsaq, müasir yazarlar oxucunun istədiyi mətni təqdim edə bilirmi? 

- Məncə, oxucu bütün hallarda haqlıdır. Çünki yazar da oxucudur. Yəni primitv bir məntiqlə yanaşsaq, oxucu çoxluqdu və tələblər çoxluqla müəyyən edilir. Bütün dövrlərdə sənət sənət üçün prinsipi olub və yenə olacaq. Üslubçu yazarlar əqidələrinə sadiq qalıb sona qədər sənəti sənət üçün yaradırlar, yəni onların kontingenti məhdud olur, amma çəkili olur. Ağıllı yazarlar isə sənəti həm sənət üçün, həm də hamı üçün yaradırlar, bax, məncə uğurlu üslub, uğurlu yanaşma budur. Kim deyə bilər ki, Markes üslubçu deyil, necə lazımdır üslubçudur, amma adam özünü təqdim eləməyin elə formasını tapıb ki, onu hamı sevə-sevə oxuyur. Pamuk da, son illərin parlayan ulduzu İşiqura da, Milan Kundera da Markes yoluyla gedənlərdir, həm dərin fəlsəfi-psixoloji mənalı, həm də hər kəsin diqqətini çəkə bilən formadan ustalıqla yararlanırlar. Bu, artıq başqa istedaddır. Oxucu həmişə öz mətnini, yazıçı da öz oxucusunu axtarır, nə oxucunu, nə də yazarı qınamaq olmaz, çünki hər kəs seçimdə azaddır. Azərbaycan oxucusu isə daha çox reklama meyllidir, kütlənin seçiminə üstünlük verir, özü seçib kimisə kəşf etməyə tənbəllik eləyir. Çünki buna görə kitabların arasında ömür keçirməlisən. Bizimkilər isə, hə, dostum oxudu, rəfiqəmin bacısı oxudu, bəyəndi, təriflədi, mən də oxuyum- belə deyirlər. Bu, prinsipsizlikdir, amma mənim bir yazar olaraq oxucuya verəcək konkret reseptim də yoxdur; onu məni oxumağa necə məcbur eləyim...

 

-Ədəbi janrlardan indiki dövr üçün hansıları uğurlu hesab edirsiniz, hansılar dövrlə ayaqlaşır, hansılar köhnəlib?

-Əziz İntiqam, məncə janr prinsipial məsələ deyil. Kim özünü hansı janrda daha dolğun ifadə eləyə bilirsə, o janra da üstünlük verir. Birində şeir, digərində roman, bir başqasında esse yaxşı alınır, yəni adam özünü, sözünü çətinlik çəkmədən deyir. Zənnimcə, janrlar heç vaxt köhnəlmir. Bu gün kim deyə bilər qəzəl köhnəlib, ya da qoşma, gəraylı köhnəlib? Sadəcə, o janrların klassik səviyyəsini bu gün müasir formada təqdim edəcək oğul lazımdır. Məmməd İlqar bu gün də aşıq şeirinin ən gözəl, hələ deyilməmiş sözlərini, ifadələrini deyir, özü də gözəl deyir. İlqar Fəhmi əruzda çox gözəl nümunələr yazır. Bunlar azdır, amma var. Bir də var ki, çoxluq sərbəstdə, ya da hecada şeir yazır. Nəsr haqqında isə məncə, bundan əvvəlki sualda az-çox danışdıq. Yəni kim hansı formada uğurludursa, ondan bərk yapışır. Normaldır. 

 

-Yaradıcılığınızda ssenari istiqaməti də var. Televiziya üçün serial ssenarisi yazdınız. İstədiyiniz nəticəni aldınızmı? Ümumiyyətlə, hazırda ölkəmizdə ekran-efir işləri sizi qane edirmi? 

-Mən peşəkar ssenaristəm və istəsəm də, istəmsəm də yaradıcılığımda bu, öz əksini tapır. Bilirsiniz, kino ədəbiyyatından danışırıqsa, nəzərə alaq ki, serial ssenarisi bunun ən sonuncu və ən sonda yaranmış növlərindən sayılır. Üstəlik, bu seriallar yüngül ədəbiyyatı, yüngül romanları vurub sıradan çıxarır. Özü də çox pis formada. Əlbəttə, televiziya industriyası öz efir saatını doldurmaq və rəngarəngliyi təmin eləmək üçün seriallarsız keçinə bilməz, amma buna yanaşma fərqli olmalıdır. Azərbaycan televiziyalarında yaranan ilk uğurlu seriallarda işlədim. Düşünürdüm ki, gələcəkdə bizim təcrübəmizdən yararlanacaq, imkanlar artdıqca, bizim də iş ovqatımız dəyişəcək. Amma serial sənayemiz inkişaf etmək əvəzinə tənəzzülə uğradı. Bəsit dramaturgiya, hadisələrin təkrarçılığı ürəkaçan deyil. Televiziya çox ciddi məsələdir, mən deyərdim ki, ailələrin həm sosial, həm də psixoloji formalaşmasına birbaşa təsir eləyir. Bu gün televiziya tamaşaçı qazanmaq, reytinq tutmaq naminə elə mövzuları ekrana gətirir ki, onlar bütöv ailələri pərən-pərən salır, gənclərin, yeniyetmə oğlan və qızların beynini, ağlını dəyişir. Birbaşa ailə institutuna təsir eləyir. Artıq, bir balaca xərcə düşüb, tarixi, əxlaqi, mənəvi faktorları əks etdirən seriallara vaxt ayırmağın zamanı çatıb. Ucuz ətin şorbasıyla bəslənməyimiz yetər məncə. Ümumiyyətlə, kino böyük maliyyə tələb edən incəsənət sahəsidir. Burada kim düşünürsə ki, mən az maliyyə ilə uğurlu film çəkə bilərəm, yanılır. Bilməz! Boş şeydir. Açığı, bu gün ölkədə serial yox, mən deyərdm ki, müasir, bir qədər inkişaf  etmiş televiziya tamaşaları çəkirlər. Kino ovaqtı yox, tele-tamaşa ovqatı hiss olunur. Yəni, seriallarımız məni qane eləmir...   

 

-Bu gün yazılı mediaya yazarların çıxışı, əsərlərin təbliği məhdudiyyətsizdir. Televiziyalar barədə bunu demək olmaz. Necə düşünürsünüz, izləyənlərimiz oxuyanlarımızdan çoxdursa, təbliğatı televiziyalarda genişləndirmək kitabın auditoriyasını genişləndirməzmi? 

-Televiziyaların mahiyyəti daha çox şouaya köklənib, çünki tamaşaçı əksəriyyəti də bu ovqatda olanlar – şouyameyyllilərdir. Müstəqil telekanllar ümumiyyətlə maarifləndirici verilişlərdən qaçırlar. Yenə yaxşı ki, dövlət kanallarında müəyyən tok-şoular var ki, maraqlı, aktual məsələlərə toxunur. Bilirsiniz, bu gün informasiya çevikliyi baş alıb gedir ey, özümüz hər şeyi adiləşdiririk. Yaxşı bir şey yazan kimi onu kütləviləşdirməyə səbrsizlənirik. Tez paylaşırıq və özümüz öz reklamımıza mane oluruq. İnternet, sosial şəbəkələr olmayan dövrdə oxucu sevdiyi müəlliflərin hər təzə kitabını həsrətlə gözləyirdi. Bu gün əgər oxucu o müəllifin şeirini, hekayəsini gündəlik olaraq Feysbukda oxuya bilirsə, hərifdir, gedib kitaba pul versin?! Yəni günah televiziyada, mediada deyil, birbaşa özümüzük günahkar. İçi mən qarışıq... Şeir kitabdan oxunmalıdır. Bizsə bəh-bəhlə tərif laykları oxumağın acıyıq elə bil. Nə isə...

 

- "İtvuran" hekayənizdən danışaq, o hekayə çox böyük diqqət çəkmişdi. Ciddi oxucu reaksiyaları oldu. Bir az o hekayə haqda müəllifin öz dilindən eşidək. 

-“İtvuran” mənim üçün də doğmadır. Əlbəttə, uğurlu hekayədir, həm də acı dolu, ağrı dolu hekayədir. Müəllif olaraq eyni ovaqatda, eyni durumda olan insanın və itin paralelini verməyə çalışmışam və bu hekayədə güclü, yaxud qalib tərəf yoxdur. Bu hekayədə güclü olan ehiyacdır, qalib gələn də ehtiyacdır, məğlub olan da ehtiyacdır. Sadəcə bunu adi məişət söhbəti, məişət mənzərəsi fonunda yox, psixoloji çərçivənin içində, amma oxucunu yormadan verməyə çalışmışam. Mən o itvuranı tanyırdım. Əlbəttə, hekayədə yazıçı fantaziyası çoxdur, final ilahi ədalətlə bitir. Amma qəddar sonluqdur mənim üçün. Buna görə məni qınayanlar çox oub. Dəyişmədim finalı, çünki o elə doğulmuşdu.

Bəli, mən o itvuranı tanıyırdım. Arıq, uzun kişiydi. İşlədiyim idarənin pəncərəsindən onun güllələdiyi it leşlərini qalaqladığını görmüşdüm. Onda da hekayədəki kimi qar yağırdı. Haradasa 300-400 metrlik yerdə qar qana bulaşmışdı. Adamın gözünə girirdi qar üzərindəki o qırmızı ləkə. İtvuran isə məmnun idi, buna görə maaş alırdı. Bir gün yaxın qohumlarımızdan biri infeksion şöbədə müalicə olunub evə yazılırdı. Şöbə müdiri dostum idi, otağında qohumu gözləyirdim, birdən dəhlizdən qəribə, tükürpədən ulartı səsi eşitdim. Elə bil it ulayırdı, amma dəhşətli ulartıydı bu. Gözlərimi şöbə müdiri olan həkimə dikdim. Dedi ki, şəhərdəki itvurdandır, it dişləməsindən quduzluq xəstəliyinə yoluxub, ölüm ayağındadır. Təsəvvür eləyirsiz, elə xəstələrin əl-ayağını çarpayıya bağlayıb, ölməyini gözləyirlər. Əlbəttə, bu o idi, bir vaxtlar itləri gülə-gülə gülləyən həmin o itvuran idi. Bunu necə yazmamaq olardı? Özü də necə başqa cür yazmaq olardı... bilmirəm... 

 

- Bu il yeni kitab gözlənilirmi? 

-Yəqin olacaq. Ümumiyyətlə, qismət olsa bu il də daxil olmaqla bir-neçə il ərzində bütün əvvəl çap olunan romanları yenidən və yeni yazdıqlarımı ilk dəfə çap etdimək fikrindəyəm. Nəşriyyatlarla söhbət gedir, görək kim bu yükün altına girəcək. 

 

-“Ədəbiyyat qəzeti”ndə "Varislər" layihəsini aparırsınız. Layihə varislər və oxucular tərəfindən necə qarşılanır? 

-Mənim üçün maraqlıdır. Çox maraqlı faktlar, talelər, söhbətlər eşidirəm, maraqlı adamlarla tanış oluram. Məncə, elə varislər də bu layihədən məmnun olurlar. Əgər hər söhbətin oxucu sayı 1000-2000 arası dəyişirsə, məncə bu da yaxşı rəqəmdir. Qalanını oxucu özü daha dəqiq bilər. Amma mənə layihə haqqında hələ ki, ancaq xoş sözlər, minnətdarlıq dolu fikirlər deyiblər. Həm də bu, mənim bir insan kimi vəfa borcumdur. Çalışıram, böyüklərimizi unutmağa qoymayım. Əlimdən bu qədəri gəlir. Və bunu imkanım daxilində davam edəcəyəm.  

 

- Təşəkkür edirəm.

-Eşqlər.