«Səni Qış parkında gözləyəcəyəm» - Rəşad Nağı Mustafa Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlərə portalın və jurnalın birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim edirik.

 

 

II YER

 

 

Rəşad NAĞI MUSTAFA

 

“MÜHARİBƏ ŞEİRİ”

 

 

Müharibə başlayıb.

Nəbatat bağındayam.

Hava yaman soyuqdur, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam,

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda.

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən, vətən səninçün nədir?

Bax indi dediklərim hamısı bəhanədir:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Mən də mütləq öləcəm, elə Eldar şamı da.

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm.

Məni bərk qucaqlama, axı atan deyiləm,

məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq,

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var,

ürəyin gözəldirsə?..

 

 

“QIŞ PARKI”

 

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

 

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

 

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

 

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

 

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir…

 

 “Ədəbiyyat və incəsənət”

(29.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.