RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi Featured

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Özünü nə qədər soyuqqanlı aparsa da, ona Ruhanə deməyimdən tutulduğu gözümdən qaçmadı. Amma bu yalnız bir an çəkdi və o özünü tez ələ ala bildi. Yenə bir qədər pauza verdim. Sonra dedim:

- Əgər əyləşib məni diqqətlə dinləsəniz, başa düşərsiniz ki, əvvəlki adınızın Ruhanə olması, mənim iki gündə öyrəndiklərimin içərisində ən az önəmli olanıdır.

Maraqla mənə baxan ev sahibəsi qəribə şəkildə gülümsəyib ikinci kresloya oturdu.

- Sizi dinləyirəm.

Baxışları yenə də soyuq idi və heç nə ifadə etmirdi. Hələ ki, onun üzərində üstünlük əldə edə bilmədiyimi öz - özümə etiraf etdim. Bu qadınla söhbət doğrudan da çətin olacaqdı. Qaldığım yerdən davam etdim:

- Etiraf edim ki, əvvəllər Ruhanə olduğunuzu öyrənməkdən başqa adınızla bağlı başqa bir şey öyrənə bilməmişəm. Sonradan adınızı niyə dəyişməyinizin səbəbi mənə məlum deyil. Ancaq dediyim kimi, araşdırmamda bu heç də vacib məqamlardan olmadığı üçün bunun üzərində çox dayanmamışam. Lazım bilsəniz özünüz deyərsiniz. İndi isə daha maraqlı şeylərə keçək. Bilin ki, mən səmimi olacam, sizdən də eyni şeyi gözləyirəm.

Bunları deyib həmsöhbətimin reaksiyasına baxdım.

Onun üzünün bir cizgisi də tərpənmədi. Susub heç nə demir, sakitcə daha nə deyəcəyimi gözləyirdi. Bu başa düşülən idi. Xeyli danışsam da, əslində hələ ki, heç nə deməmişdim. Qarşımdakı ağıllı qadınsa bütün kartlarımı açmadan nəsə deməyi lazım bilmirdi. Amma mən də boş - boş danışan biri olmadığım üçün, bu danışdıqlarım elə belə deyildi. Artıq qarşımdakı qadının strategiyasını müəyyən etmiş, söhbətimizi haradan başlayıb haraya gətirəcəyimi bilirdim.

Davam etdim:

- Əvvəlcə ayın 11 - i və 13 - ü tarixlərində gəlmiş qonaqlarınızdan başlayaq. Onlar kim idilər, nə məqsədlə gəlmişdilər, ən əsası da bunu Fərman müəllimlə məndən niyə gizlətmisiniz?

Suallarıma dərhal cavab vermədi. Bir xeyli gözünü mənə dikib beləcə oturdu. Onu tələsdirmirdim. Nəhayət dilləndi:

- Sizi ilk dəfə görəndə başa düşdüm ki, çox ağıllı adamsınız. Əminəm ki, indi verdiyiniz sualların cavablarını da bilirsiniz.

Qısa cavab verdim:

- Bəzilərinin.

- Elə isə deyin, mən də bilim.

Diskussiya aparmaq özü bir elmdir və bu qadın o elmdən kifayət qədər xəbərdar imiş. Bəli, tanıdıqca Ruhanə adını sonradan Sənubərə dəyişmiş bu qadın məni daha çox təəccübləndirirdi. Hiss elətdirmədən söhbətimizdə məni sual verən tərəfdən cavab verən tərəfə çevirməyə çalışır. Onun çaldığı ilə oynamağa çalışacağam, amma yenə də çox informasiya vermədən:

- Deyək ki, o gələnlərdən birinin on beş il həbs cəzasına məhkum olunmuş, üç ay əvvəl azadlığa çıxmış biri olduğunu bilirəm.

- Elə isə, onda siz çox şey yox, hər şeyi bilirsiniz.

- Yeri gəlmişkən, sizə Sənubər, yoxsa Ruhanə deyə müraciət edim?

- Necə istəyirsiz.

- Elə isə, adınızı dəyişməyinizin səbəbini bilmədiyim üçün əvvəlki kimi Sənubər xanım deyəcəm.

- Olsun. Artıq mənimçün heç bir fərqi yoxdur. Sizə çay gətirim, yoxsa kofe?

Aha, gözəl xanım fikirləşmək üçün vaxt udur.

- Zəhmət olmasa çay.

Qalxıb mətbəxə keçdi. Maraqla onun arxasınca baxdım. Bu xanım həqiqətən də bahalı ətirinin otaqdan mətbəxə qədər qoyduğu gözəl rayihə qədər xoş, həvəslə söhbət ediləcək qədər maraqlı bir xanım idi. Söz almaq üçün məharətlə istifadə etdiyi «onda siz hər şeyi bilirsiniz» cümləsi əslində incə bir sual idi. Qarşısındakı adamın daha nələr bildiyini öyrənmək üçün verilmiş, amma sual kimi səslənməyən sual…

Təbii ki, Sənubər kiminlə söhbət apardığının fərqində idi. Bunu başa düşürdüm. Onu da başa düşürdüm ki, buna baxmayaraq son iki gündə topladığım məlumatın dərəcəsini maksimum öyrənməyə çalışıb söhbəti uzatmağa çalışacaq. Onun haqqında kifayət qədər məlumata malik olsam da, əsas bir məqamı özüm üçün hələ də müəyyən edə bilməmişdim. Ona görə də bildiyim hər şeyi deməyə tələsmir, onun özünün danışmağa başlamasını istəyirdim. Dediyim məqam iki variantda ola bilərdi. Birincisi Sənubər uşağı qaçıranlarla əlbir idi və onlara şəraiti özü yaratmışdı. Bəli, kriminalistikada belə hallara da rast gəlinir. Bu halda o özü cinayətin iştirakçılarından birinə çevrilirdi. Mən indi dediyim ehtimala inanmaq istəməsəm də, təxminən 3 ay əvvəl həbsxanadan azadlığa çıxmış birinin bu yaxında Sənubərin evinə qədər gəlməsi, orada bir saatadək qalması, bundan sonra uşağın qaçırılması bu ehtimalı istisna etməyə mane olurdu. Üstəlik, əgər hər şey düşündüyüm kimidirsə, onda uşaq üçün heç bir təhlükə yoxdur və tələb olunan pullar qarşı tərəfə çatan kimi onu maşınla şəhərin harasındasa düşürüb evə getməsini tapşıracaqlar. Ona görə də anasının ürəyi çox rahatdı. İkinci variantda isə, Sənubər buna hansısa səbəbdən məcbur edilə bilərdi. Əlbəttə heç bir ana bu halda belə övladını öz əli ilə təhlükəyə atmaz, ən pis sonluğu da gözaltına alıb zərbəni özünə götürərdi. Çox güman ki, burada onu inandıra bilmiş, böyük ehtimalla isə aldatmışlar və indi o, bərk narahatlıq içindədir. Bu halda o, qurbana çevrilir. Çarəsiz, susmağa məcbur olan qurbana. Ancaq möhkəm dayanıb nigaranlığını büruzə vermir. Bəlkə də hələ nəyəsə ümidi var. Əgər belədirsə, bu halda onun iradəsinə yalnız və yalnız qibtə etmək olar. Bu halda onun belə addım atması və sonradan susması üçün çox tutarlı səbəblər olmalıdır. O isə bu səbəbləri demək istəmir, ya da ki, deməyə qorxur. 

Sənubər qayıdıb əlindəki sinini iki kreslonun arasındakı jurnal masasının üzərinə qoydu. Sinidəki çay stəkanını mənimçün, kofe süzdüyü kiçik bardağı özü üçün qoyduqdan sonra kreslosuna oturdu. Oturan kimi bardağı götürüb kiçik qurtumlarla kofedən içməyə başladı. Bu məni dinləməyə hazır olduğuna işarə idi. Mənsə daha söhbəti uzatmaq fikrində deyildim. Onsuz da bu qadın heç nə danışmayacaqdı. Onun kofeni şəkərli, ya şəkərsiz içdiyini bilmirəm. Amma indi deyəcəklərimin bu son dərəcə məğrur qadın üçün ən acı kofedən də acı olacağına şübhəm yox idi.

Danışmağa başladım:

- Şübhə yoxdur ki, dediym hər iki adamla tanışlığınız var. Yoxsa onları heç evinizin kandarına da buraxmazdınız. Özü də evdə tək ola - ola. Birinci gələn haqqında heç nə bilmirəm, kimdir, nəçidir? Amma ondan sonra gələn çox maraqlı keçmişə malik olan Ağamirzə Cəfərov adlı biridir. Vaxtilə qətl törətdiyinə görə məhkum olunub. Həbsdə olarkən valideynləri rəhmətə gedib. Qohumları onların evini satıb dəfn, yas xərcini çəkiblər, qəbrin üstünü götürüblər. Qalan pulu isə mənimsəyiblər. Həbsi on beş il əvvəl baş verib, valideynləri isə bundan dörd - beş il sonra rəhmətə gediblər. Bunları öyrənən Ağamirzə Cəfərov hələ o vaxt, həbsdə olarkən qohumlarının üstündən xətt çəkib. Belə məlum olur ki, qohumları da həbsdə olan birisi ilə ünsiyyət saxlamaq eşqi ilə alışıb yanmırlarmış. Beləcə qohumlar arasında bütün əlaqələr kəsilib. Bu dediyim Cəfərovla onun qohumlarının problemidir. Evin satışından qalan pulun kim tərəfindən mənimsənilməsi mənə qətiyyən maraqlı deyil. Bunu ona görə dedim ki, hal - hazırda Ağamirzə Cəfərovun yaşadığı şəhərdə nəinki qalacağı bir evi, heç gedəcəyi yeri də yoxdur. Əyin - başı da normal əyin-baş deyil. Amma birdən - birə belə birisi sizə qonaq gəlir? Yoxlatdırmışam, qız vaxtı yaşadığınız ünvanda qonşu olmamısınız, üstəlik ayrı - ayrı orta məktəblərdə oxumusunuz. Aranızdakı münasibət nədirsə sonradan yaranıb və adi münasibət olmayıb. İndi deyəcəklərimi nəzakətsizlik kimi qəbul etmənizi istəməzdim. Amma mən qaçırılmış oğlunuzun axtarışlarını həyata keçirən detektivəm və hər şeyi olduğu kimi deməliyəm. Münasibətlərinizin daha dərin olduğunu ehtimal etməyə əsasım var: Ağamirzə, dediyim kimi 15 il əvvəl həbs olunub. Oğlunuzun da 15 yaşı var və o da Ağamirzə adını daşıyır. Burada bir qəribəlik görmürsünüz ki? Bəlkə nəhayət danışmağa başlayasınız?

Sənubər yenə susurdu. Nəhayət əlində tutub hərdən içdiyi kofedən növbəti qurtumu alıb dedi:

- Mənim oğlumun yaşının kiminsə həbsi ilə nə əlaqəsi var? Ağamirzə adı da nə qədər istəsəniz var. Siz bununla nə demək istəyirsiniz? Və mən nəhayət nəyi danışmalıyam?

İndi susmaq növbəsi məndə idi. Bir xeyli susdum. Çünki növbəti deyəcəklərimi indi bu qadına deməmək üçün bayaqdan uzaqdan - uzağa danışır, əsas mətləbin üstünə gəlmədən nəsə öyrənməyə çalışırdım. Ancaq bu qadından hələ ki, bircə lazım olan kəlmə də ala bilməmişdim.

Onun gözlərinin içinə baxıb dedim:

- Əminəm ki, məni həqiqətən də ağıllı adam kimi tanımısınız və bayaqdan dediklərimin heç də əsassız olmadığını başa düşürsünüz. İndi ardına qulaq asın. Bunu özünüz istədiniz. Az əvvəl dediklərimdən başa düşdünüz ki, ötən vaxtı boşuna ötürməmişəm. Bütün bu danışdıqlarımla yanaşı başqa şeylər də öyrənə bilmişəm. Ağamirzə Cəfərovla yanaşı müşahidə dairəmə «Molla» ləqəbli qatı bir cinayətkar da düşüb. Altmış yaşı var. Ondan otuz beşini müxtəlif həbsxanalarda keçirib. Üç dəfə həbs olunub. Hamısı da ölüm işi ilə bağlı. Bundan başqa illər əvvəl ana və iki körpəsini qətlə yetirməkdə şübhəli kimi istintaq altında yatıb. Sübutlar kifayət etmədiyindən sərbəst buraxılsa da, işi aparan müstəntiq həmin ailənin qətlini məhz onun törətdiyinə əmin olduğunu bildirib. Bəs niyə soruşmursunuz bunları sizə niyə danışıram?

 

 “Ədəbiyyat və incəsənət”

(29.07.2024)