İntizar ədəbiyyatı - Əli Tudə, "Sərhəd" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Min hikmətli nağıl bilsə də bəşər, 

Sərhədlər qorxulu nağıl kimidir. 

Neçə düyün açsa, neçə sirr əgər, 

Sərhədlər bağlanmış qıfıl kimidir. 

 

Doğma məcrasında dinc axır, fəqət 

Sərhəddə dəyəndə diksinir çay da. 

Nədir o səksəkə? Nədir o zülmət? 

Sərhəddə təlaşla boylanır ay da... 

 

Bəli! Sərhəd xətti bir külək kimi 

Dağdan addımlayır, ətəkdən keçir. 

Yox! Odlu-alovlu bir şimşək kimi 

Nə qədər nisgilli ürəkdən keçir. 

 

Yaman uğuldayır hicran küləyi, 

Yer ilə sürünür soyuq ətəyi. 

Köpüklü sulara düşür örpəyi, 

Sahildə titrəşən güllər ayrılır. 

 

Durnalar uçuşur şimala sarı, 

Meh əsir mahaldan-mahala sarı. 

Dodağı gülüşlü vüsala sarı 

Həsrətlə uzanan əllər ayrılır. 

 

Nəhəng addımlarla yeriyir zaman, 

Gələcəyi qurur bu tayda insan. 

Öz yerində sayır o tayda dövran, 

Arazın üstündə illər ayrılır. 

 

Duzlu göz yaşıyla yoğrulan torpaq 

İntizar göyərdir, həsrət bitirir. 

Mehriban baxışlar sükutla ancaq 

O taydan bu taya salam yetirir. 

 

Hələlik torpaqda sərhəd olsa da, 

Deyirəm ürəyə hədd qoyulmasın! 

Hələlik növraqda sərhəd olsa da, 

Deyirəm diləyə hədd qoyulmasın!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)