Güney Azərbaycan Poeziyası Antologiyasında Arğın Paşanın “Baxıram” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Muğanda yaşayıb yaradan Arğın Paşanın  şeirlərini təqdim edir. 

 

 

 

BAXIRAM

 

Gözündə bir qorxu, min bir həyəcan,

İlahi nə duyur xəyalən görən?

Könlündə yaşıl və sıcaq bir Muğan,

Sənmisən röyamda məni öldürən?

 

Bir olay sındırıb yenə vüqarı,

Keçmişi büsbütün itirdim daha.

Qaldırıb içimdə yetim divarı,

Çəkilir kimliyim bu gün, sabaha.

 

Gəlib gözlərimin önündə durub,

Baxıram könlünün pəncərəsindən.

Gəlişin sevinci beynimə vurub,

Qopardın tənimi yer kürəsindən.

 

Gözlərin gözümə zillənən çağı,

Elə bil köksümdən güllə sovuşdu.

Dodağın bir anlıq güllənən çağı,

Sürəkli qışımdan çillə sovuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)