“Şeytanla bəhsə girib, dünyanı aldadırıq” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir. 

 

1.

Bizə neyləsələr yeridi, Vətən! 

 

Bu qədər dövlətin, varın içində 

Dərddən açılmadı gözümüz, Vətən!

Ömrümüz, günümüz girov qoyuldu,

Yenə ağ olmadı üzümüz, Vətən!

 

Sevdik, sevgimizi söz elədilər,

Neylədik, gəlmədik şərin xoşuna.

Nə qədər şəninə sağlıq dedilər,

Biri də dəymədi Vətən daşına.

 

Gözdən tük qapdılar göz qırpımında,

Azdıqca bir az da azdılar, Vətən!

Köhnə tarixini cırıb atdılar, 

Yalançı bir tarix yazdılar, Vətən.

 

Böldülər milləti kürdə, ləzgiyə,

Avara böldülər, tata böldülər.

Böldülər nökərə, böldülər şaha,

Ordenə böldülər, ada böldülər.

 

Boğdular səsini həqiqətlərin,

Yalan ayaq açıb yeridi, Vətən!

Susduq qaya kimi şərin önündə,

Bizə neyləsələr yeridi, Vətən! 

 

 

2.

Kim alacaq bu gecədən məni, kim?

 

Gecə-gecə sarılmışam təkliyə,

Evim təkdi, yuvam təkdi, özüm tək.

Heçnə məni bu zülmətin içində

Şirin-şirin ovudammaz özümtək.

 

Baxıram ki, yuxuludu hər tərəf,

Bircə mənim tənhalığım oyaqdı.

Bu sükutun, sakitliyin içində

Qaranlığı incitmək də günahdı.

 

Səssizliyin küyü düşür başıma,

Kim alacaq bu gecədən məni, kim?

Xəyalımda rəngli-rəngli nağıllar

Dolanıram dörd yanına təkliyin.

 

Yanağımı döyəcləyir kölgələr,

Kipriklərim yuvasında qırpınır.

Ürəyimdə haray salır bəlkələr ,

Gözlərimdə xatirələr çırpınır.

 

 

3.

İnanma andımıza!

 

Hələ bu harasıdı,

nə görmüşük hələ biz .

Hələ ki, yol gedirik

Aydan, gündən adlayıb

Ağlaya biz, gülə biz.

Hələ bunun ölməyi,

Siratdan keçməyi var.

Hələ bunun təzədən,

Boyatdan keçməyi var.

Hələ qul bazarında  

Can alıb can satırıq.

Şeytanla bəhsə girib

Dünyanı alladırıq.

Hələ güman edirik,

Bizimki "döz"dü, Allah.

İnanma andımıza, 

Hamısı sözdü, Allah.

 

 

4.

Bu da Dan!

 

Yuxuyla gerçəyin arasında,

Qaranlıqla işığın kəsişdiyi nöqtədə 

Kimsə adımı pıçıldayır,

O dünyadan bu dünyaya qayıdıram. 

Kirpiyimin kölgəsi düşür alatoranlığa.

Adım çiliklənir səssizliyin içində

Tavan-tavan, divar -divar.

Dinşəyirəm sükutu,

Qulağım sakitlikdən,

Baxışlarım heyrətdən asılır.

Bayırda yel əsir deyəsən,

yarpaqlar yerini dəyişir budaqda  .

Yavaş-yavaş işıq keçir pəncərəmdən,

Dünya gərnəşib oyanır yuxudan, 

Bu da Dan!

 

 

5.

Bir film də belə bitdi

 

Bir film də belə bitdi-

Səssiz, küysüz, ağ -qara.

Bu dəfə də tələsənlər

Gecikdilər qatara.

Bu dəfə də heç nəyə yox

Bircə sözə uduzduq.

Gah toplandıq, gah çıxıldıq,

Sonra bizə uduzduq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2024)