POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ağrı” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Ağrı...” şeiri ilə. 

Yenə də öz ampluasındadır, təəccübləndirir, heyrətləndirir şair. 

“Göydən  təzə qəm istədim,

O mənə nimdaşı verdi.

Dedim bizə gün ağlasın-

Ağlayıb göz yaşı verdi...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Göydən  təzə qəm istədim,

O mənə nimdaşı verdi.

Dedim bizə gün ağlasın-

Ağlayıb göz yaşı verdi...

 

Sizin evdən "sən "istədim,

Tanrıdan vətən istədim.

Yaxşı bir düşmən istədim -

Pis qohum-qardaşı verdi.

 

Bir bəxt verdi boynuburuq,

Ümid verdi qırıq-qırıq.

Baxıb gördü darıxırıq

Qəm adlı sirdaşı verdi.

 

Bura şeytan dərəsidi,

Bu ki, iblis mərəzidi.

Bu nə mizan-tərəzidi-

Bunu hansı naşı verdi?

 

Göndərdi zəli üstünə,

İşin əngəli üstünə.

Min nəfər dəli üstünə

Məni də minbaşı verdi...

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)